AMİP katibi Əli Orucov bildirib ki, 2003-cü ildə ölkənin müxalifət düşərgəsi Etibar Məmmədovun namizədliyi üzərində dayanıb. 

Hətta AXCP, Müsavat, ADP və AMİP liderlərinin Londonda keçirilən zirvə toplantısında müxalifətin vahid namizədi kimi Etibar Məmmədovun irəli sürülməsi barədə ilkin razılığa gəlindiyini deyib və sonradan bu razılaşmaya Moskvada mühacirətdə olan sabiq prezident Ayaz Mütəllibov da qoşuldu.

AMİP rəsmisinin bu açıqlamasına ADP sədri Sərdar Cəlaloğlu münasibət bildirib. 

Mia.az xəbər verir ki, "Yeni Müsavat”a açıqlamasında Sərdar Cəlaloğlu deyib ki, 2003-cü ildə ADP-nin baş katibi idi və prezident seçkiləri ilə bağlı müxalifətdaxilində gedən proseslər barədə hadisələrin iştirakçısı olaraq tam məlumatlı olub. 

Bildirib ki, Etibar Məmmədovun vahid namizəd olması barədə razılıq əldə olunduğu barədə deyilənlər həqiqəti əks etdirmir. Çünki belə bir razılıq olmayıb: "ADP 2003-cü ildə Etibar Məmmədovun vahid namizəd olması məsələsinə dəstək verməyib. Sadəcə olaraq seçkidən öncə Londonda 4 partiya lideri arasında məlum görüş olmuşdu. Həmin görüşdə liderlər razılaşmışdılar ki, seçki kampaniyasının gedişatında kimin xalq arasında reytinqinin çox olduğu, kimin seçki mitinqlərinə çox sayda insan qatıldığı müşahidə edilərsə həmin namizədin ətrafında hamı birləşsin və sonda vahid namizəd olaraq onu müdafiə etsin. Seçki kampaniyasının bir müddəti arxada qaldıqdan sonra Əli Kərimli məni dəvət etdi və dedi ki, İsa Qəmbərin mitinqləri onun Etibar Məmmədovdan açıq-aşkar üstünlüyə, daha çox xalq dəstəyinə malik olduğunu göstərir, ona görə də London razılaşmamıza görə gəlin İsa Qəmbəri vahid namizəd elan edək. Əli Kərimli bildirdi ki, bu barədə Etibar Məmmədovla da danışacaq. Mən də Rəsul Quliyevlə bu barədə danışdım və Rəsul Quliyev də razılaşmaya əməl edərək İsa Qəmbəri dəstəkləməyə hazır olduğunu dedi. Getdim İsa Qəmbərin yanına bütün bunlar barədə məlumat verdim.

Sonra Əli Kərimli ilə Etibar Məmmədov İsa Qəmbərlə ”Kiyev" restoranında görüşmüşdülər. Orada İsa Qəmbəri aldatmışdılar ki, guya Rəsul Quliyev heç bir böyük vəzifə istəmədiyini deyib. Həmçinin orada İsa bəyə onun namizədliyini Prezident Şurası yaradılacağı, Etibar Məmmədovun həmin Şuraya sədr təyin edilməsi, Əli Kərimlinin baş nazir olması şərtləri ilə dəstəkləməyə hazır olduqlarını demişdilər. Əgər Etibar Məmmədovun müxalifətin vahid namizədi olması barədə razılıq var idisə onlar niyə gedib İsa Qəmbərlə belə bir danışıq aparmışdılar? Etibar Məmmədovun vahid namizədliyi məsələsi qətiyyən olmayıb. Bu məsələ o zaman heç bizim ağlımıza belə gəlmirdi. Sadəcə olaraq bizim partiyada Qurban Məmmədov, Aydın Quliyev və digər bir-iki nəfər Etibar Məmmədovun namizədliyinin müdafiə edirdilər. Əvvəllər Rəsul Quliyevdə də  Etibar Məmmədovu müdafiə eləmək meyli hiss edilirdi. Lakin mən qətiyyən bu mövqenin əleyhinə idim. Seçkiyə az qalmış gecə saat üçdə Rəsul Quliyevlə İsa Qəmbər arasında İsa Qəmbərin dəstəklənməsi barədə protokol imzaladıq. London razılaşmasının şərtlərini əsas tutaraq Rəsul Quliyev bu protokolu imzalamışdı. Protokolda İsa Qəmbərin prezident seçiləcəyi halda Rəsul Quliyevin baş nazir olacağı da əksini tapmışdı".

S.Cəlaloğlu onu da xatırlatdı ki, Əli Kərimlinin sonradan Etibar Məmmədovu dəstəkləməsi vəzifə bölgüsündən narazı qalması ilə bağlı olub: "Mənim bir səhvim oldu. Əli Kərimliyə dedim ki, Etibar Məmmədov Milli Məclisin sədri olacaq, sən də olacaqsan Konstitusiya Məhkəməsinin sədri. Əli Kərimli bu təklifin əslində İsa Qəmbərin mövqeyi olduğunu bildiyindən bunu real təklif kimi qəbul edərək narazı qalıb. Əli Kərimli Etibar Məmmədovun baş nazir, özünün isə Milli Məclisin sədri olmasını istəyirdi. İsa Qəmbəri də buna görə dəstəkləmək istəyində idi. Rəsul Quliyevin baş nazir olacağı məsələsinin ortaya çıxmasından sonra Əli Kərimli Etibar Məmmədovu dəstəklədi.

 Beləliklə, müxalifətin bütün qüvvələrinin vahid namizədlə seçki qutusuna getməsi planı pozuldu. Bu iki şəxsin mövqeyi hakimiyyət dəyişikliyinə imkan verməyən məsələlərdən biri oldu. Əli Kərimlinin Etibar Məmmədovu dəstəkləməsi Etibar Məmmədovun müxalifətin vahid namizədi olması demək deyildi”.