Seymur Verdizadə
***
Səfər Əbiyev müdafiə naziri işləyəndə, hərbi hissələrin qapıları mətbuatın üzünə bağlı idi.
Milli Orduda baş verən neqativ hallardan yazanda, vətənşüvənlər özlərinə əl qatırdılar: "Düşmən bizə baxır. Ordunu gözdən salmayın!"
Bu, həmin vaxt idi ki, Milli Ordu fərsiz generalların qazanc mənbəyinə çevrilmişdi. Qarabağı almalı olan komandirlər hər il Bakıda bur ev alırdılar.
Zabitlər əsgərlərlə qul kimi davranır, onların valideynlərini soyurdular. Övladları hərbi xidmətdə olan valideynlərin işi-gücü komandirlərə kontur yükləmək idi. Ordu üzərində ictimai nəzarət olmalıdır. Çünki ordu xalqa məxsusdur. Orda bizim övladlarımız xidmət edir. Şəxsən mən hərbi xidmətdə olanda çəkmələrimi atam alırdı. Bu mənfi tendensiya uzun illər davam etdi.
Məhz bu hisslərin təsiri altında 10 il əvvəl belə yazmışdım: "Vətənin bir cüt təzə çəkmə qıymadığı əsgərlər öz cavan canlarını Vətənə qıymaq üçün növbəyə düzülüblər".
Tolstoy dəqiq ifadə edib: "Vətənpərvərlik əclafların sonuncu sığınacağıdır".
On bir-on iki il əvvəl "Səfərbalanın ac əsgərləri" adlı məqalə yazanda, ən müxtəlif cinahlardan hücumlara məruz qalmışdım. Mənə "ağıl öyrədən" buqələmunlar, əslində, Ordunun yox, Səfər Əbiyevin təəssübünü çəkirdilər. Yaltaqlıq bəzi adamların qanına o qədər dərin işləmişdi ki, nazirin gözünə xoş görünmək üçün hətta əsgər ölümlərinə də haqq qazandırırdılar...
Son vaxtlar bir neçə dəfə müxtəlif hərbi hissələrdə qonaq olmuşam. Hətta iki dəfə əsgərlərlə birlikdə nahar etmişəm. Etiraf edirəm, 110 kiloqram çəkimə rəğmən, bir əsgər üçün nəzərdə tutulmuş yeməyin yarısını yeyib qurtara bilmədim. Dadına isə söz ola bilməzdi...
Şübhəsiz ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Hərbi hissələrimiz ən müasir silahlarla təchiz olunub. Amma bir məsələ var, axı biz o silahları muzeyə qoymaq üçün almamışıq. O silahlardan istifadə etməyin vaxtı çatıb. Paşinyan Azərbaycan xalqının əsəbləri ilə oynayır. Ona yerini göstərmək lazımdır. Açıq cəmiyyətdə yaşadığım üçün mən bu arzumu rahat şəkildə dilə gətirməkdən, yazmaqdan çəkinmirəm.
Kimin xoşu gəlmirsə, mənim adımı özünün "qara", "qırmızı", "sarı" siyahısına yaza bilər. Əsas odur ki, oxucunun yanında mənim üzüm ağdır. Azərbaycanda bir qrup adam var ki, səlahiyyətləri çatsa, jurnalistlərin qollarını zəncirləyər. Bu adamlardan olsa, biz ancaq güldən-bülbüldən yazarıq.
İntiharla bağlı xəbərlər yenə müzakirə mövzusuna çevrilib.
Ötən gün sarsaq bir rəylə qarşılaşdım: "Jurnalistlər intihar xəbərlərini yazdıqları üçün bu halların sayı artır".
İnsanları işsizlik, sıxıntı, məmur özbaşınalığı intihara vadar edir. İmkan verin, neqativ hallardan yazaq, rüşvətxor, yekəxana məmurlara öz yerlərini göstərək. İctimai nəzarət nə qədər güclü olsa, özbaşınalıq edən adamların meydanı bir o qədər daralar.
Hakim sifarişli hökm çıxarır, həkim pulu olmayan xəstəyə baxmır, prokuror iş adamına gözünü ağardır, məmur qəbuluna gələn vətəndaşa sifətini bozardır, ehtiyac övladın yanında atanın üzünü qızardır...
Nə deyirsiniz, indi bunlardan yazmayaq? Özümüzü karlığa, korluğa qoyaq, siz də gecə-gündüz talayasınız?
Ay sizi... ölməyəsiniz. Yaşayın ki, əməllərinizin bədəlini ödəyə biləsiniz.
Moderator.az