Millət vəkili İlyas İsmayılovun sədri olduğu Ədalət Partiyası Siyasi Şurasının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda son günlər ölkədə, regionda və dünyada baş verən hadisələr, partiyadaxili vəziyyət və partiyalararası münasibətlər xüsusi müzakirə mövzusu olub. Siyasi Şura üzvləri Milli Ordudakı əsgər ölümlərinə, Binə Ticarət Mərkəzində və İsmayıllıda yaşanan olaylara və xalq yazıçısı Əkrəm Əylislinin əhali arasında gərginliyə səbəb olmuş ?Daş yuxular? romanı ətrafında cərəyan edən hadisələrə öz münasibətlərini bildiriblər. Ədalət Partiyası ilk üç məsələyə vaxtında reaksiya verib, müvafiq bəyanat və təkliflərlə çıxış edib. Bununla belə, Milli Ordumuzun əsgəri Ceyhun Qubadovun vəfatı ilə bağlı məsələni xatırladan Siyasi Şura üzvləri bir daha vurğulayıblar ki, müharibə aparan bir ölkənin əsgərinin xidmət zamanı müəmmalı şəkildə dünyasını dəyişməsi təkcə Azərbaycan Silahlı Qüvvələrinin imicinə xələl gətirmir, həm də ölkədə ruh düşkünlüyünün yaranmasına səbəb olur. Bu mühüm amilin təəssüflə vurğulandığı çıxışlarda qeyd olunub ki, elə buna görədir, son vaxtlar əhali, xüsusən də valideynlər və onların çağırış yaşlı övladları Orduya az qala cəzaçəkmə yeri, ölüm düşərgəsi kimi baxırlar. ?Bu səbəbdən də müxtəlif vasitələrlə hərbi xidmətdən yayınmaq istəyənlərin sayı getdikcə çoxalır. Halbuki, Ordu sıralarına çağırılan hər bir vətəndaş və onun valideynləri Vətənin müdafiəsi üçün yaranan bu imkandan qürur duymalı, çağırışçı orduya əminliklə getməli, övladını orduya yola salan hər bir valideyn də oğlunun ölməyə deyil, ölkənin Silahlı Qüvvələri sırasında yüksək hərbi biliklərə, fiziki sağlamlığa yiyələnəcəyinə, kişilik məktəbi keçəcəyinə və sağ-salamat geri qayıdacağına əmin olmalıdır. Əfsuslar olsun ki, indiki halda bəzən bunun əksini müşahidə edirik. Siyasi Şura hesab edir ki, bu məqamlar mütləq nəzərə alınmalı, Ordunun millətin şərəfini qoruyan yeganə orqan olduğu hamı tərəfindən dərk edilməli və ona münasibət dəyişilməlidir?. O da nəzərə alınıb ki, partiyanın sədri, Milli Məclisin deputatı İlyas İsmayılov bu məsələni parlamentin plenar iclasında qaldırıb və baş verən hadisəni təkcə hərbi hissələrdə tüğyan edən özbaşınalıqların, intizamsızlığın və dərəbəyliyin yox, həm də orduya çağırış sistemindəki neqativ halların göstəricisi hesab edərək təklif edib ki, həqiqi hərbi xidmətə çağırışla bağlı qanunvericilik aktlarına dəyişiklik edilsin, onlara ailənin tək oğlan övladının, xüsusən də atası vəfat etmiş oğlan uşaqlarının həqiqi hərbi xidmətdən azad olunmasını ehtiva edən konkret maddə salınsın. ?Binə?dəki qarşıdurma ilə bağlı bildirilib ki, sahibkarların və satıcıların onlardan qeyri-qanuni şəkildə pul yığılmasına etiraz etmələri Azərbaycan Respublikasının bütün vətəndaşları kimi onların da konstitusion hüquqlarıdır. Buna görə də Siyasi Şura onlara qarşı polis zorakılığını yolverilməz hesab edib. Çıxışlarda xüsusi vurğulanıb ki, ticarət mərkəzi rəhbərliyinin sahibkarlara qarşı mütəmadi olaraq iqtisadi basqılar etməsi və sonda onların dinc etiraz aksiyasına əl atmaları hökuməti və müvafiq dövlət qurumlarını təcili addımlar atmağa sövq etməlidir. Siyasi Şura həmçinin hesab edir ki, bu məqamlar nəzərə alınmaqla həmin ticarət mərkəzlərinin iqtisadi fəaliyyətinin şəffaflığı təmin edilməli, toplanan vəsaitin, verginin miqdarı və s. ictimaiyyətə açıqlanmalı və bu işdə günahkar olanlar cəzalandırılmalıdır. Siyasi Şura üzvləri qeyd ediblər ki, İsmayıllı hadisəsi də daxil olmaqla, son həftələrdə baş verən və cəmiyyəti həqiqi mənada silkələyən hadisələr hakimiyyətə ciddi siqnal olmalı və onu təcili tədbirlər görməyə sövq etməlidir. Xüsusi vurğulanıb ki, baş verənlər həm də ictimai fikrə etinasızlığın, cəzasızlığın, ədalətin və ədalət məhkəməsinin olmamasının göstəricisidir. Məhz bu səbəblərdən insanlar özləri bir-birilərini cəzalandırmaq məcburiyyətində qalırlar. Əkrəm Əylisli və onun ?Daş yuxular? romanı ətrafında cərəyan edən hadisələrə gəlincə, Şura üzvləri bildiriblər ki, Azərbaycanın Xalq yazıçısı titulunun sahibi olan bir qələm adamı kimi o, yazdıqlarının oxucular tərəfindən necə qarşılanacağını mütləq nəzərə almalı və əsərində xalqın, millətin heysiyyatına toxunan ifadələrə, cümlələrə heç bir halda yer verməməli idi. ?Təəssüf ki, peşəkar olmasına rəğmən o, bu mühüm məqamı nəzərə almayıb və bu səbəbdən də tam haqlı olaraq qınanır?. Lakin bütün bunlara baxmayaraq, Siyasi Şura üzvləri ona qarşı aparılan kütləvi qarayaxma kampaniyasını, xüsusən də bu kampaniyanın çirkin üsullarla və qanunları saya salmamaqla aparılmasını da pisləyib və bu işin təşkilatçılarını və iştirakçılarını daha təmkinli davranış nümayiş etdirməyə çağırıblar.