Ekskursiyalar turizmin ayrılmaz tərkib hissəsidir

Avropada səyahətlər istirahət, əyləncə, kommunikativ əlaqələr forması kimi antik zamanlardan inkişaf etmişdi. Digər regionlara səfərlər ? ticarət, təhsil, zəvvarlıq, müalicə məqsədi ilə edilirdi. Orta əsr səyahətlərində dini amillər güclü idi. Renesans(İntibah ? XV ? XVI əsrlərdə Avropada elm və incəsənətin çiçəklənməsi dövrü) və Maarifçilik dövründə dini səbəblər azalmış, səfərlərin fərdi xarakteri və təhsil istiqaməti güclənmişdi.
Rusiya İmperiyasında I Pyotr islahatları gələcəkdə siyasətçi və ya hər hansı bir nüfuzlu peşə sahibi olmaq məqsədilə təhsil almaq və mədəni səviyyəsini artırmaq istəyən gənc zadəganlar üçün məcburi ?Qrand turları? ilə əlamətdar oldu.
Səyahətlər bilik dərəcəsinin genişlənməsinə imkan yaradırdı. Amma nəqliyyat vasitələrinin primitivliyi səyahətləri elitar edirdi.
Ekskursiya turlarının sürətli inkişafı XX əsrin ikinci yarısından başladı. Bu da iqtisadi, nəqliyyat, sosial-siyasi inkişaf təmayülü ilə əlaqədar idi. Səyahətlərin səbəbləri və məqsədləri müxtəlifliyi ilə seçilirdi: kurort-istitahət və müalicə məqsədli; ekskursiya- təbiət, tarixi, mədəni, diqqətəlayiq yerlərlə tanışlıq məqsədli; işgüzar ? işgüzar danışıqların aparılması üçün; elmi ? elmi nailiyyətlərlə tanışlıq üçün.
Ekskursiya xidməti həm müstəqil fəaliyyət sahəsidir, həm də kompleks turizm xidmətinin bir hissəsidir. ?Ekskursiya? termini latınca ?excursio? ? səfər sözündən əmələ gəlib. Ekskursiyalar dərketmə, maariflənmə, elmi xarakterli səfərlər əsasında yaranıb. Ekskursiya fəaliyyəti və ekskursiya təşkilatları turizm hərəkatının geniş inkişafına səbəb olmuşdur. Ekskursiya fəaliyyətinin inkişafının yüz illik tarixi vardır.
Rusiya imperiyasında ekskursiyalar haqqında ilk məlumatlar XVIII-ci əsrin ikinci yarısına təsadüf edir. O dövrün ziyalıları və qabaqçıl insanları dərketmə məqsədlərilə səyahət və ekskursiyalarda iştirak edirdilər. Bunun üçün onlar öz şəxsi vəsaiti hesabına və ya mesenatların (burjua-zadəgan cəmiyyətində elm və incəsənətin hamisi) vəsaiti hesabına cəmiyyət və klublar yaradırdılar. Turizmin yaranmasına təkan verən məktəb eksursiyaları idi. Uşaqlar üçün ekskursiya işinin ilk təşkilatçılarından və təşəbbüskarlarından biri, dekabrist (Rusiyada 1825-ci il 14 dekabr üsyanının iştirakçısı) İ.D.Yakuşenko idi. Sürgündə olarkən, o, yerli qızlar məktəbində işləmiş, bitki aləminin öyrənilməsi məqsədilə öz şagirdləri üçün təbiət qoynuna yay yürüşləri və ekskursiyalar təşkil etmişdi.
XIX əsrin ikinci yarısından məktəb-ekskursiya işi hökümət dəstəyi alır. Çünki ekskursiyalara, şagirdlərlə mənəvi-dini təsir vasitələrindən biri kimi baxılırdı. Məktəb ekskursiyaları əsasən ətraf təbiətin və tarixi yerlərin öyrənilməsi məqsədilə keçirilirdi. 1899-cü ildən gimnaziya, peşə məktəbləri və adi məktəb şagirdləri üçün ümumtəhsil ekskursiyalarının təşkili üzrə Moskvada Pedaqoji Cəmiyyətin nəzdində xüsusi Komissiya fəaliyyət göstərməyə başlamışdı.
Ekskursiya fəaliyyətinin XIX əsrdə genişlənməsi, ekskursiya yürüşləri, gəzintiləri tətbiq edən bir sıra təşkilatların yaranması ilə əlaqələndirilir. Ekskursiya fəaliyyətinin inkişafı, tarixi-mədəni və təbiət abidələri, ansamblları, müzeylərin və müxtəlif sərgilərin açılması ilə müşahidə olunurdu. Buna elmi cəmiyyətlərin təşəbbüskar fəaliyyəti kömək edirdi.
Ekskursiyaların, dağlara dırmanmaların, piyada yürüşlərin və velosiped gəzintilərinin yayılması, rus ziyalılarının səyahətləri və dərketmə ekskursiyalardan xalqın maarifləndirilməsi üçün istifadə etmək cəhdi, turizm və ekskursiya sevənlərin müxtəlif ixtisaslaşdırılmış birliklərdə toplanması üçün zəmin yaradırdı.
XIX-cu əsrdə Krımın dağlıq ərazisi rusiyalılar arasında çox populyar idi. Çünki bu yerlərə həm quru, həm də dəniz yolu ilə çox asanlıqla gəlmək olurdu. Sıra dağların əlçatan olması və səyahət cığırlarının rahatlığı insanları Krıma cəlb edirdi. Bundan əlavə quru şəfaverici iqlim, tənəffüs orqanları xəstəliklərindən əziyyət çəkənlər üçün çox əlverişli idi. Bu xüsusiyyətlərinə görə Krım turistləri özünə cəlb edirdi.
1876-cı ildə geologiya üzrə professor N.A.Qolovinski Krıma ilk ekskursiya təşkil etdi. O, Novorossiysk Unuversitetinin 25 tələbəsini bu ekskursiyaya dəvət etdi.
Ekskursiyaçılar Yalta, Hikitski bağı, Krımın dağlıq hissəsinin dəniz sahili ilə tanış olub, geoloji kolleksiya topladılar. Sonralar professor N.Qolovinski Krım üzrə bələdçi kitabçası nəşr etdi. Bu ? ilk ölkəşünaslıq üzrə populyar nəşrlərdən biri sayılır.
XIX əsrin sonunda Krıma göstərilən maraq, Rusiyada ikinci dağ həvəskarları birliyinin yaranmasına səbəb oldu (birinci ? Tiflis (Tbilisi) Alp Klubu, 1877-1883). Sözü gedən klub 1890-cı ildə Odessada yarandı və Krım Dağ Klubu (KDK) adı ilə fəaliyyət göstərirdi. Bu klub üzvlük haqqı, müxtəlif ianələr, ekskursiyalardan əldə edilən vəsait hesabına fəaliyyət göstərirdi. KDK öz fəaliyyətini 1891-ci ildə 19 üzvünün Krıma ekskursiyasından başlamışdı. Ekskursiyaçılar Sevastopola baş çəkdilər, Xersonessin apxeoloji qazıntıları ilə, əhəngdaşı suxurlarından yonulmuş qədim İnkerman monastırı, Nikitski bağı və Krımın digər görməli yerləri ilə tanış oldular. Bu 8 günlük ekskursiya zamanı, klubun üzvlərinin yığdıqları geoloji, torpaq, botanika, entomoloji (zoologiyanın həşaratları öyrənən bölməsi) kolleksiyaları ilə KDK muzeyinin əsası qoyuldu.
Krım Dağ Klubunun şöhrəti ildən ilə artırdı. Bu da onun inandırıcı fəal ekskursiya fəaliyyəti ilə və ölkənin müxtəlif şəhərlərində, həmçinin, Bakıda (1908) klubun yeni bölmələrinin yaradılması ilə əlaqəlidir. Ekskursiyaların keçirilməsi bölmələrin fəaliyyətlərinin əsasını təşkil edirdi. 1901 ildən KDK ? Krım-Qafqaz Dağ Klubu (KQDK) adlandırıldı. KQDK-nın idarə heyəti klubun üzvləri üçün Krıma təşkil edilən ekskursiyalardan başlayaraq, tədricən ekskursiların coğrafiyasını genişləndirirdi və 1910-cü ildən etibarən Qafqaza ekskursiyaların təşkilinə diqqət yetirməyə başlayırdı. 1913-cü ildə klubun ekskursiya bölməsi Krıma, Qafqaza, Urala və Dnestr astanalarına çoxgünlük marşrutlar hazırlamışdı. KQDK fəaliyyətində Yalta bölməsi xüsusi yer tuturdu. Məhz bu bölmə geniş ekskursiya fəaliyyətinə, Krıma və Krımın sahil boyu maraqlı ərazilərinə ekskursiyaların təşkili ilə məşğul olmağa başlamışdı. Yalta bölməsinin ekskursiya fəaliyyəti ildən-ilə güclənir, ekskursiya iştirakçılarının sayı çoxalır, ekskursiyalar marşrutların müxtəlifliyi ilə fərqlənirdi. Yalta ətrafı bir günlük ekskursiyalar bu fəaliyyətin əsasını təşkil edirdi.
Ekskursiyaların populyarlığı üçün, onlara həsr olunmuş plakat və broşürlər tədris müəssisələrinə, Rusiyanın iri şəhərlərinin müxtəlif təşkilatlarına göndərilirdi. Ekskursiyalar haqqında elanlar, mehmanxanalarda, pansionatlarda və müalicə ocaqlarında asılırdı. Müxtəlif yerlərdən gələn insanlar Yalta bölməsinin təşkil etdiyi ekskursiyalardan istifadə edirdilər.
Qeyd etməliyik ki, KQDK-nın bütün bölmələri (Bakı bölməsi də daxil olmaqla) şagirdlər üçün ekskursiyaların keçirilməsinə xüsusi qayğı ilə yanaşırdı. Onu da qeyd edək ki, Krıma ilk şagird ekskursiyası 1892-ci ildə təşkil olunmuşdı.
KQDK rəhbərliyi ekskursiya işinin inkişafı üçün çoxsaylı hazırlıqlı ekskursiya bələdçilərinin lazım olduğunu dərk edərək, 1902-ci ildən başlayaraq, məktəb müəllimlərindən ekskursiya bələdçilərinin hazırlığına başladı.
1902-ci ilin iyun ayında Krıma müəllimlər üçün ilk pedaqoji ekskursiya keçirildi. Pedaqoji ekskursiyalar Rusiyada turizmin təbliğinin təsiri formasına çevrildi. Çünki bu ekskursiyaların iştirakçıları sonralar Krıma çoxsaylı şagirdləri ilə qayıdırdılar.
KQDK 20 ildən artıq fəaliyyət müddəti ərzində Rusiyada nüfuzlu ekskursiya təşkilatına çevrilmişdi. O, Rusiya imperiyasında ekskursiya işinin möhkəm bünövrəsini qoydu. XX-ci əsrin əvvəllərində ekskursiyalara yaranmış yüksək maraq, bəzi cəmiyyətlərdə ekskursiya komissiyalarının, büro və komitələrin yaranmasına təkan verdi. Onlar paytaxt və quberniya (çar Rusiyasında və rayonlaşmadan qabaq SSRİ-də əsas inzibatı ərazi vahidi) şəhərləri ilə tanışlıq zamanı, ekskursiya qruplarına və ayrı-ayrı ekskursiyaçılara yardım etmək funksiyalarını öz üzərinə götürmüşdülər.
Ekskursiya təşkilatlarından başqa müxtəlif cəmiyyətlərin nəzdində, iş adamları tərəfindən təsis olunmuş Rusiya üzrə və xarici ölkələrə ekskursiyaların təşkili üçün öz xidmətlərini təklif edən şəxsi turizm kantorları yaranır.
Tədricən ekskursiya komissiyalarının sayı artırdı. Onlar ölkənin müxtəlif şəhərlərində: Yekaterinodar (Krasnodar), Xarkov, Yaroslavl, Moskva və digər şəhərlərdə yaranmışdı. 1915-ci ilin sonunda 100-ə yaxın analoji təşkilatlar fəaliyyət göstərirdi.
1910-cu ildən kənd əhalisi üçün digər kənd təsərrüfatının inkişaf etdiyi quberniyalara ekskursiyalar təşkil olunmağa başlandı. Onlar yüksək məhsuldarlıqla fərqlənən kəndli təsərrüfatları ilə tanış olmaq üçün keçirilirdi. Bu ekskursiyalar kənd əhalisi üçün çox faydalı idi. Bir çox təsərrüfatlarda belə təcrübə mübadiləsi nəticəsində bir neçə müddətdən sonra müxtəlif yeniliklər özünü göstərirdi .
XIX əsrin sonu XX əsrin əvvəllərində Rusiyanın məktəb müəssisələrinin qabaqçıl pedaqoqları ölkədə inkişafda olan ekskursiya işinə xüsusi diqqət yetirməyə başladılar. Onlar ekskursiyalar vasitəsilə şagirdləri təbiətə yaxınlaşdırmaq və təbiət fənlərinin tədrisini xeyli yaxşılaşdırmaq imkanı qazanırdılar. Şagırdlər arasında ekskursiya işinə aid ?Russkiy turist?, ?Russkaya şkola? və ?Zapiski Krımskoqo qornoqo kluba? jurnallarında çap olunmuş məqalələr həmin dövrə təsadüf edir. Uzun müddət şagirdlər üçün ekskursiyaların təşkili, ayrı-ayrı təşəbbüskar müəllimlərin işi idi. Tiflisdə fəaliyyət göstərən müəllimlər məktəbinin pedaqoqu Nikolay Zaxarov belə müəllimlərdən idi. O, ekskursiyaları təhsilin mühüm vasitəsi hesab edirdi. Dərs zamanı alınan biliklərin ekskursiyalarda möhkəmləndirilməsini vacib sayırdı. N.Zaxarov ekskursiyalar zamanı şagirdlərini Qafqazın təbiəti, onun tarixi və burada yaşayan xalqların mədəniyyəti ilə tanış edirdi.
Adətən ekskursiyalar bütün məktəbin iştirakı ilə piyada şəkildə keçirilirdi. Təbiət qoynunda müəllimlərin rəhbərliyi altında şagirdlər müxtəlif təbiət abidələrini və hadisələrini müşayiət edirdilər, onları təsvir etməyi öyrənirdilər, geoloji və botanika kolleksiyası tərtib edirdilər. Müəllimlər tarix, coğrafiya və digər təbiət fənlərinin tədrisində ekskursiyaların təşkilini vacib hesab edirdilər.
Xalq Təhsili Nazirinin 2 avqust 1900-ci il tarixli, 20.185 saylı qərarı ekskursiya işinin inkişafı üçün mühüm təkan oldu. Bu qərara əsasən şagirdlərin yay tətil işləri ləğv edilir və əvəzinə tədris müəssisələri rəhbərlərinə və pedaqoji şuralara tətil zamanı şagirdlər üçün sağlamlaşdırıcı gəzintilər və səyahətlərin keçirilməsi tövsiyə olunurdu. Bundan əlavə maariflənmə ekskursiyalarına qrup şəklində yollanan şagirdlər üçün 1902-ci il 9 mart tarixində xüsusi 6900 saylı dəmir yolu tarifinin tətbiqi şagird ekskursiyalarının inkişafına böyük təkan verdi.
Qeyd edək ki, Rusiya tədris müəssisələrində təbii inkişaf edən ekskursiya işi, tədricən nəzəri baza almağa başladı. 1900-cü ilin sonlarında müxtəlif dövri mətbuatda çap olunan çoxsaylı məqalələrdə eksursiyaşünaslıq nəzəriyyəsi məsələlərini işıqlandırma cəhdləri edilirdi. Bu cəhdlərdən mühüm dönüş nöqtəsi kimi, 1910-cu ildə işıq üzü görmüş Peterburq meşəçilik kommersiya məktəbinin bir qrup müəllimləri tərəfindən hazırlanan ?Şkolnıye ekskursii? (Məktəb ekskursiyaları) kitabı idi. Bu kitabda ilk dəfə ekskursiya metodikasının əsas prinsipləri hazırlanıb və bütün siniflər üçün hər fənn üzrə tədris ekskursiyaları sistemi təklif olunurdu.
Meşəçilik məktəbində ekskursiya işinin nəzəriyyəsi kitabının ərsəyə gəlməsi təsadüfi deyildi. Məhz meşəçilik məktəbində Peterburqda birincilər sırasında yerli və uzaq məsafəli ekskursiyaları tədris prosesinə mütləq iş forması kimi tətbiq etdilər.
XX əsrin 10-cu illərində Rusiyada ekskursiya işinə həsr olunmuş üç xüsusi jurnal: Moskvada ? ?Ekskursionnıy vestnik?, Yaroslavlda - ?Russkiy ekskursant? və Bessarabiya quberniyasının Benderı şəhərində - ?Şkolnıye ekskursii i şkolnıy muzey? nəşr olunmağa başladı. Əgər sonuncu adı çəkilən jurnal bütövliklə məktəb ekskursiyaşünaslığına həsr olunurdusa, o biri iki jurnallarda daim ekskursiyaşünaslıq üzrə nəzəri məqalələr, keçirilən ekskursiyalar haqqında məlumatlar, məktəblərdə eksursiya işinin təşkili haqqında, ekskursiya işi üzrə məsləhət görülən ədəbiyyatın siyahısı və s. çap olunurdu.
?Russkiy emiqrant? jurnalı ilk dəfə olaraq şagirdlər üçün nəzərdə tutulmuş ekskursiyaların təsnifatını verməyə cəhd etmişdi. Ekskursiyalar səkkiz növ üzrə qruplaşmışdı. 1. Tarixi-arxeoloji ekskursiyalar. Onlar tanışlıq və tədqiqat ekskursiyalarına bölünürdü. Şagirdlər üçün daha önəmlisi, bu ekskursiyalardan ikincisi sayılırdı. Ekskursiya zamanı şagirdlər ərazinin coğrafi xüsusiyyətlərini, qədim abidələri, qədim kitabları, jurnalları, əlyazmalarını, qravüraları tədqiq edir, əfsanələri, rəvayətləri, hekayələri və yerli əhalinin mahnılarını, adət və ənənələrini qeyd edirdilər. Yığılan materiallar məktəb muzeyinin kolleksiyasının artırılması üçün nəzərdə tutulurdu. 2. Tarixi-ədəbiyyat ekskursiyaları. Bu cür ekskursiyaların iştirakçıları dahi yazıçılar, şairlər, alimlər, rassamlar, dövlət və ictimai xadimlərlə əlaqəli yerlərə baş çəkirdilər. Belə ekskursiyaların keçirilməsi zamanı, məşhur insanların sələfləri ilə görüşlərə önəm verilirdi. 3. Təbii-tarixi ekskursiyalar. Bu tip ekskursiyalar məktəbliləri yaşadığı ərazinin təbiəti ilə tanış etmək məqsədilə keçirilirdi. Ekskursiya zamanı müxtəlif botanika, zoologiya və geoloji kolleksiyalarının yığımına xüsusi diqqət yetirilirdi. 4. Fabrik və zavodlara ekskursiyalar. Daha çox yuxarı sinif şagirdləri üçün keçirilirdi və uşaqların gələcəkdə özlərinə peşə seçmək məqsədi güdürdü. 5. Bədii-coğrafi və etnoqrafik ekskursiyalar. Məktəblilər üçün az münasib olduğundan, bu ekskursiyalar təsnifat hazırlanarkən bir növdə birləşdirilmişdi. 6. Əmək yardımı ekskursiyaları Birinci dünya müharibəsi dövründə yaranmış və şagird qrupları tərəfindən müharibə nəticəsində köməksiz qalmış kəndli ailələrinə təsərrüfat işlərində yardım etmək məqsədi daşıyırdı. 7. Ümumtəhsil və məişət ekskursiyalarının ayrılması, şəhər məktəblilərinin kənd həyatını tam bilməməsi və kənd məktəblilərinin şəhər haqqında məlumatlarının çox cüzi olmaları ilə əlaqəli idi. Ona görə də belə ekskursiyalarda şəhərli uşaqlar tarlalar, kənd əməyi və məişəti, təbiəti ilə tanış olurdusa, kəndli uşaqlarına ? vağzal, qatarlar, tramvay keçən küçələr, ictimai binalar, zavod, fabriklər və s. göstərilirdi. Tədris ili ərzində ekskursiyalarda iştirak edənlərə gördükləri haqqında məruzə etmək tapşırılırdı. 8. İstirahət və əyləncə ekskursiyaları. Təbiət qoynunda sinif və ya məktəb kollektivi ilə birgə istirahətdən ibarət olurdu.
Yuxarıda qeyd olunan ekskursiyaların təsnifatı ? Rusiyada şagirdlərlə keçirilən ekskursiyaların müxtəlifliyinin təhlilinin ilk təcrübəsi idi.
1914-cü ildə başlanan müharibə məktəb ekskursiyalarının və səyahətlərin coğrafiyasında da öz əksini tapdı. Uzaq məsafəli ekskursiyaların kəskin azalması ilə əlaqədar yerli (quberniya daxili) ekskursiyaların sayı artırılmağa başlandı. 1915-1917-ci illərdə tədris planlarına və proqramlarına yenidən baxıldı və məktəblər üçün yeni proqram təsdiq olundu. Bu proqramda hər sinif üçün tədris planı və ekskursiya proqramlarının hazırlanması və tədris saatlarında keçirilməsi tövsiyə olunurdu. Belə ki, məktəblərdə 1916-cı il üçün tədris materialları ilə bağlı ekskursiyalar, digər tədris formaları sırasında bərabər hüquqlu kimi təsdiqləndi. Müəllimlərdə ekskursiyalarla əlaqəli lazımi təcrübənin olmaması, məktəblilərlə ekskursiyaların təşkilində olan əsas problemlərdən idi. Ekskursiya işi nəzəriyyəsinin zəif mənimsənilməsi, ekskursiyaların keyfiyyətli keçirilməsinə mane olduğu üçün, bu işlə məşğul olan müxtəlif cəmiyyətlər və müəssisələr ekskursiya bələdçiləri üçün hazırlıq kursları təşkil etməyə başladılar.
XX-ci əsrin əvvəllərində ekskursiyaların metodiki üsulları hələ işlənilməmişdi, ekskursiya zamanı obyektlərin göstərilməsi və bu barədə danışığa olan tələblərin xüsusiyyətləri təhlil olunmamışdı. O vaxtlar ekskursiyaçıların unikal təbiət və tarixi abidələrlə tanış olması önəmli idi. Ekskursiyaçılara müəyyən informasiyanın tam və ya qismən çatdırılması ekskursiya bələdçisinin biliyindən asılı idi.
Ekskursiya işinin inkişafı ilə ekskursiya fəaliyyətinin üsullarının mənimsənilməsinə olan maraq da artırdı. Amma Rusiyada vahid metodiki ekskursiya mərkəzinin olmaması, hər hansı bir şagird ekskursiyaları rəhbərinin hazırlığı sisteminin yaradılmasına imkan vermirdi. Ekskursiyaların təşkili və keçirilməsi üzrə məsləhətləri, ölkənin müxtəlif quberniyalarında nəşr olunan jurnallardan almaq olardı. Amma bütün bu ədəbiyyat mənbələri təcrübəli nəzəriyyəçilərin və peşəkarların keçirdikləri xüsusi tədrisi tam əvəz edə bilməzdi. Ona görə də müxtəlif şəhərlərdə təşkil olunan ekskursiya rəhbərlərinin hazırlığı ilə məşğul olan azsaylı kurslar müəllimlər arasında böyük maraq yaradırdı. Bu kursların proqramlarına mühazirələr və ekskursiyalar daxil idi. Müəllimlər tərəfindən ekskursiya rəhbərləri kurslarında oxunan mühazirələrə göstərilən botaniki, ekoloji, hidrobioloji, geoloji ? coğrafi maraq, XX-ci əsrin onuncu illərinin ortalarında Rusiya məktəblərində ekskursiya işinin mövqeyinin möhkəm olduğunu subut edirdi.
XIX əsrin sonu ? XX-ci əsrin əvvəlində turizm-ekskursiya fəaliyyətinin gözə çarpan yüksəlişinə baxmayaraq, o, geniş miqyasda inkişaf etməmişdi və hamı üçün əlçatan deyildi. Başqa sözlə desək, kütləvi xarakter daşımayaraq, fərdi və elitar olaraq qalmış, ayrı-ayrı şəxslərin entuziazm hesabına fəaliyyət göstərmişdi.
Oktyabr sosialist inqlabı çar Rusiyasının həyatının bütün sahələrinə köklü dəyişikliklər gətirdi. Gənc nəslin tərbiyəsinə olan qayğı, məktəb proqramlarında ciddi korreksiya tələb edirdi. Şəxsi praktiki vərdişlərə əsaslanan fəal zehni fəaliyyətin məktəb tədrisinə gətirilməsi qarşıya məqsəd qoymuşdu. Bununla əlaqəli vahid əmək məktəblərində praktiki məşğuliyyətə və ekskursiyalara önəmli yer ayrılırdı. Amma müəllimlər, onların qarşısına qoyulan məsələlərin təxirəsalınmaz həllinə hazır deyildilər. Ona görə də, eyni zamanda, həm müəllimlərə tədrisin yeni üsullarını, həm də şagirdlərə səmərəli praktiki məşğələlərin və ekskursiyaların təşkili işinin aparılmasını öyrənmək tələb olunurdu.
1920-ci ilin yanvar ayında Xalq Maarifi Komissarlığının Vahid əmək məktəbi kollegiyası nəzdində ekskursiya seksiyası (bölməsi) və ekskursiya stansiyaları haqqındakı əsasnaməsinin təsdiq olunması, ekskursiya üsulunun məktəb tədrisinə tətbiq edilməsinin nəticəsi oldu. Bu əsasnamədə ekskursiya stansiyalarının qarşısında duran vəzifələr dəqiqləşdirildi: məktəblər üçün ekskursiya planları və marşrutlarının hazırlanması, ekskursiyaların keçirilməsi, ekskursiya rəhbərlərinin (bələdçilərin) hazırlanması üçün mühazirələrin və kursların təşkili, ekskursiya işinə aid olan kitab, jurnalların nəşri və s.
Ölkədə yaranmış mürəkkəb iqtisadi vəziyyəti ilə əlaqədar 1922-ci ildə ekskursiya stansiyalarının işi pozuldu. Bütün dövlət müəssisələrində işçilərin ümumi ixtisarı nəticəsində, həm ekskursiya bölmələrində, həm də ekskursiya stansiyalarında ştatlar kəskin azaldı. Daha sonra həm ekskursiya bölmələri, həm ekskursiya stansiyaları fəaliyyətlərini dayandırmalı oldular.
Ekskursiya işinin elmi surətdə öyrənilməsi üçün 1921-ci ildə üç elmi-tədqiqat müəssisəsi yaradıldı: Moskvada Mərkəzi muzey-ekskursiya institutu; Petroqradda ? məktəbdənkənar iş üsulları institutunda, ekskursiya şöbəsi və Ekskursiya elmi-tədqiqat institutu. Bu müəssisələrin məqsədləri aşağıda sadalananlar idi: ekskursiyaşünaslığın öyrənilməsi (nəzəri və praktik əsasları); ekskursiya sahəsində müxtəlif müəssisələrin (maarifçilik təşkilatları, məktəblər və s.) iş təcrübələrinin ümumiləşdirilməsi; ekskursiya mövzuları üzrə mühazirələrin, ekskursiya işinə daha geniş ictimaiyyət dairələrinin cəlb edilməsi üçün müntəzəm kursların keçirilməsi; nəzəri və praktik məsələlər üzrə konfrans və qurultayların təşkili.
Qeyd etməliyik ki, 1921-ci ildə yaradılmış elmi-tədqiqat təşkilatları bir neçə ildən sonra ləğv olundu. 1928-ci ildə ?Sovetskiy turist? səhmdar cəmiyyəti yaradıldı. Onun fəaliyyəti uzaq məsafəli ekskursiyaların, qatarla və gəmilərlə turist səfərlərinin təşkili və keçirilməsindən ibarət idi.
1985-ci ildən fəaliyyət göstərən Rusiya Turistlər Cəmiyyətinin (RTC) idarə heyyətinin xahişi ilə 1929-cu ildə bu təşkilatın nizamnaməsi dəyişdirilərək Rusiya Proletar turizm cəmiyyətinə (RPTC) çevrildi. Yeni yaradılmış təşkilatın əsas vəzifəsi ? fəhlə və kəndlilər arasında turizm hərəkatının maksimum inkişafı, bu hərəkata siyasi rəhbərlik, turistlərə mədəni xidmətin təşkilindən ibarət idi.
1930-cu ilin mart ayında ?Sovetskiy tuirst? səhmdar cəmiyyəti ilə RPTC-nin birləşdirilməsi nəticəsində turizmlə məşğul olan yeni təşkilat - Ümumittifaq Proletar Turizm və Ekskursiyalar cəmiyyəti (ÜPTEC) yaradıldı.
Ölkədə turizm və ekskursiyaların gələcək inkişafını könüllü özfəaliyyət cəmiyyətlər çərçivəsində az səmərəli olduğu nəzərə alınaraq SSRİ Mərkəzi İcraiyyə Komitəsi 17.04.1936-cı il tarixli qərarı ilə ÜPTEC-ni ləğv etdi və əvəzinə Ümumittifaq Həmkarlar İttifaqlarının Mərkəzi Şurası (ÜHİMŞ) nəzdində Turizm-ekskursiya idarəsi (TEİ) yaradıldı. Bu təşkilat ölkədə turizm-ekskursiya işi üzrə aparıcı təşkilat olmalı idi. Fəaliyyətinin əvvəllərində TEİ yalnız planlı turist marşrutlarının genişlənməsi, inkişafı və mükəmməlləşdirməsi istiqamətində fəaliyyət göstərirdi. Bu da TEİ-nin nizamnaməsinin dəyişdirilməsinə səbəb oldu. Nizamnamənin yeni redaksiyasında ictimai təşkilatlar və təhsil müəssisələri nəzdində turizm bölmələrinin (seksiyaların) yaradılmasına, zəhmətkeşlərin məzuniyyətləri zamanı və bazar günlərində səyahət və ekskursiyaların təşkilinə diqqətin artırılması qeyd olundu.
İkinci dünya müharibəsindən sonrakı illər ilk növbədə dağıdılmış təsərrüfatın bərpası ilə yadda qaldı: maddi-texniki bazanın bərpası, yeni təşkilatların və turizm bölmələrinin yaradılması, dövri nəşrlərin yenidən buraxılması və s. Tədricən turizm və ekskursiya fəaliyyəti kütləvi xarakter almağa başladı.
Yeri gəlmişkən qeyd etməliyik ki, 1952-ci ildə iqamətgahı Portuqaliyanın paytaxtı Lissabon şəhərində yerləşən Ekskursiya və Turizm proqramları təşkilatçılarının Beynəlxalq Assosiasiyası (İSTA) təsis olunmuşdu. Onun əsas məqsədi: qarşılıqlı informasiya mübadiləsi vasitəsilə üzvləri arasında əlaqə və əməkdaşlığın inkişafına yardım etmək; digər təşkilatlarla dostluq münasibətlərini və əməkdaşlığı inkişaf etdirmək, ekskursiya xidmətinin yaxşılaşdırılması, həmçinin, qanunvericilik xarakteri daşıyan müvafiq qanun, norma və qərarların qəbulu məsələsində turizmlə əlaqəli hökümət orqanları ilə əməkdaşlıq etməkdən ibarət idi.
1969-cu ildə Sov.İKP MK, SSRİ Nazirlər Soveti və ÜHİMŞ-in ?Ölkədə turizmi və ekskursiyaları daha da inkişaf etdirmək tədbirləri haqqında?kı qərarı ilə əlaqədar, Mərkəzi Turizm Şurası (MTŞ) Mərkəzi Turizm və Ekskursiyalar Şurasına (MTEŞ) çevrildi.
Turizm-ekskursiya işinin əhaliyyə xidmət göstərən iri sahəyə çevrilməsi ? qarşıya qoyulmuş əsas məsələ idi.
1971-1975-ci illərdə turizm və ekskursiyalar daha yüksək sürətlə inkişaf edirdi. 1975-ci ildə 25 mln.-dan çox turistə və 130 mln. ekskursiyaçıya xidmət göstərilmişdi. Dəmiryolu ilə - 10 min, aviareyslərlə - 24 min, avtobusla - 200 mindən çox səyahətlər təşkil olunmuşdu.
1976-cı ilin noyabr ayında ?Ekskursiya işinin aktual problemləri? mövzusunda Ümumittifaq metodiki Konfrans keçirildi. Bu konfransda, ekskursiya təbliğatı vasitəsilə ideoloji işin səmərəliliyinin yüksəlməsi, həmçinin ekskursiya xidmətinin keyfiyyətinin yaxşılaşdırılması və turizm-ekskursiya işinin gələcəkdə təkmilləşdirilməsi məsələləri müzakirə olundu.
Ekskursiya ? tərbiyəvi, mənəvi işin mühüm forması olmaqla, əhalinin mədəni və ümumtəhsil səviyyəsinin artırılması yönümündə ən səmərəli vasitədir. Ekskursiyalar hər bir səyahətin ayrılmaz tərkib hissəsidir. Ekskursiyalar, eyni zamanda, istehsalat-texniki, ümumtəhsil biliyinin yayımlanmasında, ölkənin nailiyyətlərinin təbliğində, xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində çox fəal üsuldur.
Ekskursiya işi çox çeşidlidir. O, əhalinin müxtəlif təbəqələrini əhatə etməsinə, çoxsaylı abidə və unudulmaz yerlərdən səmərəli istifadəyə istiqamətləndirilib. Ona görə də ekskursiya xidmətini daha da yaxşılaşdırmaq turizm-ekskursiya təşkilatlarının ən aktual vəzifələrindən biridir.
Turizm-ekskursiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi zərurəti Sov.İKP MK, SSRİ Nazirlər Soveti və ÜHİMŞ-in ?Ölkədə turizm-ekskursiya işinin gələcək inkişafı və yaxşılaşdırılması haqqında? qərarında (1980) xüsusi qeyd olunmuşdu. Bu Dövlət sənədində ekskursiyaların keyfiyyətinin yüksəldilməsi, ekskursiya işinin həyatla, zəhmətkeşlərin tələbatı ilə uyğunlaşması vurğulanırdı. Bununla əlaqəli, ekskursiyaların mövzuları daim yenilənir və genişlənirdi. Bu illərdə SSRİ-də 4 min yeni tarixi-inqlabı, hərbi-vətənpərvərlik, təbiətşünaslıq və digər mövzuda ekskursiyalar hazırlanmışdı. Ekskursiyaların ümumi sayı artaraq 20 minə çatmışdı.
1981-1985-ci illərdə bu iş üzrə fəallıq davam edirdi. Sənayenin müxtəlif sahələrindəki müəssisələrin kollektivlərinə xüsusi diqqət yetirilirdi. Belə kollektivlərdə ekskursiyalar hər bir təşkilatın mənəvi-tərbiyəvi və mədəni-kütləvi işinin ayrılmaz hissəsi olmalı idi. Ekskursiya işi kənd təsərrüfatı işçiləri arasında daha fəal və planlı sürətdə aparılırdı. Ekskursiya işinin metodiki səviyyəsinin yüksəlməsi üçün lazımi tədbirlər görülürdü: metodist və ekskursiya bələdçisi vəzifələrinə namizədlərin seçimi yaxşılaşır, onların bilik səviyyəsi və peşəkarlığı daim təkmilləşir, bu işə böyük diqqət yetirilirdi. 1982-ci ildə ölkədə 42 mindən artıq ekskursiya bələdçisi qeydə alınmışdı.
Əhalinin, xüsusilə, gənclərin əmək tərbiyəsində ekskursiyaların rolu yüksəlirdi. Səyahət və ekskursiya büroları şəbəkəsinin artması davam edir, bu da öz növbəsində uzaq rayonların əhalisinin ekskursiyalara cəlb olunmasına imkan yaradırdı.
Ekskursiya xidmətinin səviyyəsini artırmaq məqsədilə, turizm-ekskursiya təşkilatlarının müxtəlif nazirlik və idarələrlə birgə fəaliyyəti möhkəmləndirilirdi. İlk növbədə SSRİ Mədəniyyət Nazirliyi, SSRİ Təhsil Nazirliyi, Tarix və mədəniyyət abidələrinin mühafizəsi Cəmiyyəti, yaradıcılıq ittifaqları nəzərdə tutulur. Bütövlikdə ekskursiya işi bu təşkilatlarla həmrəylik və sıx əməkdaşlıq zəminində aparılırdı. İldən-ilə əhalinin ekskursiyalara marağı artırdı, buna da ekskursiya xidmətlərinin həcminin artması əyani sübütdır. Əgər 1965-ci ildə ölkədə 72 ekskursiya müəssisəsi 8 mln. ekskursiyaçıya xidmət göstərmişdisə, 1982-ci ildə 761 səyahət və ekskursiyalar bürosu 186 mln. nəfərə xidmət etmişdi. 1985-ci ildə ölkədə səyahət və ekskursiyalar bürolarının sayı 921-ə çatmışdı. Bu bir sıra sosial səbəblərlə izah olunur. İnsanların mədəni və ümumtəhsil səviyyəsinin yüksəlməsi, doğma diyarın keçmişi və bu gününün öyrənilməsinə, eləcə də, ekskursiyalarda iştirak etmək istəyənlərinin marağının artmasına səbəb olurdu.
Hər il turizmin, xüsusən, daxili turizmin inkişafı ilə əlaqəli bazar günləri marşrutlarının, nəqliyyat səyahətlərinin, kənd zəhmətkeşlərinin, gənclərin, digər sosial qrupların hesabına ekskursiyaçılar kontingenti artırdı. Ekskursiyaların populyarlığının artmasına, həmçinin, bir sıra təşkilati tədbirlərlə nail olunurdu.
Ekskursiya müəssisələrinin sayının artması, onların ilk həmkarlar ittifaqları komitələri ilə əlaqələrinin möhkəmlənməsi və hər il ekskursiya xidmətlərinin göstərilməsinə dair müqavilələrin bağlanılması, epizodik tədbirlərdən ? müəyyən zəhmətkeş qrupuna istiqamətlənmış dövri tədbirlərə keçilməsi, bu cür tədbirlərdən idi. Məktəblilərlə, texniki-peşə məktəbi şagirdlərilə işdə ekskursiyalardan daha fəal istifadə olunurdu. Ekskursiyalar gənclərin mənəvi-siyasi tərbiyəsində səmərəli forma olmaqla yanaşı, həm də tədris prosesinin tərkib hissəsinə çevrilmişdi. Ekskursiya işində bu mühüm istiqamətin gələcəkdə də genişləndiriləcəyi nəzərdə tutulurdu.
Bir zamanlar belə fikir yaranmışdı ki, ekskursiyalar yalnız gələn qonaqlar üçün təşkil olunmalıdır. Yerli əhaliyə ekskursiyaların keçirilməsi nəyə lazımdır? Yerlilər onsuz da öz ərazilərini yaxşı tanıyır. Lakin həyat göstərdi ki, belə fikir yanlışdır. Əslində yerli əhali doğma yerlərin diqqətəlayiq obyektləri ilə tanış edən ekskursiya tədbirlərinə laqeyd deyil. Öz doğma diyarının tarixi, iqtisadiyyatı, mədəniyyəti, abidələri haqqında heç də hamının tam məlumatı yoxdur. Ona görə də ekskursiya müəssisələri fəaliyyətlərini yerli əhaliyə xidmətə yönəltdilər. Ekskursiyaların maraqlı, məzmunlu və yüksək səviyyədə təşkili, ilk növbədə ekskursiya bələdçisinin peşəkarlığından asılıdır. Ekskursiya bələdçisi ? ideoloji cəbhənin işçisi idi, onun fəaliyyəti də bu nöqteyi nəzərdən qiymətləndirilirdi. Bu işə cəlb olunan namizədlərin seçimi və onların peşə biliyi, zamanın tələblərinə cavab verməli idi.
Qeyd edək ki, SSRİ-də 1987-ci ildə turizm-ekskursiya təşkilatlarında, muzey və sərgilərdə 100 minə yaxın ekskursiya bələdçisi işləyirdi.
Azərbaycanda mütəşəkkil ekskursiyaların tarixini 1908-ci ilə aid etmək olar. Belə ki, 1908-ci ilin 29 may tarixində Bakıda, yuxarıda adı çəkilən Krım-Qafqaz dağ klubunun bölməsi açılmışdı. Bakı bölməsinin qarşısında duran vəzifələr ? Qafqazda tədqiqat işlərinin aparılması və ekskursiyaların təşkili idi. Bakı bölməsi həm uzaq, həm yaxın ekskursiya səfərlərinin təşkili ilə məşğul olurdu. Bölmənin üzvləri Krımda, Odessada, Novıy Afon, Çiatura manqan mədənlərinə və Cənubi Qafqazın digər yerlərinə ekskursiya səfərləri etmişdilər.
XX-ci əsrin əvvəllərindən başlayaraq Azərbaycanda ekskursiyalar orta və peşə məktəblərində, ali təhsil müəssisələrində tədris üsulu kimi, müxtəlif rayonlar haqqında elmi-coğrafi və diyarşünaslıq məlumatların toplanılması üçün tətbiq olunurdu. Azərbaycan Respublikasının Dövlət arxivində olan, Rusiyanın müxtəlif şəhərlərindən Bakıya şagird və müəllimlərin ekskursiya məqsədilə gəlmələri haqqında bir çox yazışma materiallarını, buna əyani misal kimi göstərmək olar:
- Kursk quberniyasının zemstvo (inqlabdan əvvəl Çar Rusiyasında kənd yerlərində inzibatı idarələr) idarəsindən Bakı şəhər başçısı A.Novikova 8 mart 1903-cü il tarixli məktubunda Kursk quberniyasının zemstvo müəllimlərinin (40 nəfər) 3 gün ərzində Bakıda neft mədənləri və diqqətəlayiq yerlərlə tanış olmasının təşkili xahiş olunurdu.
- Tiflis şəhər peşə məktəbinin direktorunun Bakı Texniki məktəbinin direktoruna ünvanlandığı məktubda (22.01.1909) şəhərin fabrik və zavodlarına ekskursiya məqsədilə buraxılış sinif şagirdləri və məktəbin müəllimlərinin (35 nəfər) 3 günlük Bakıya gəlməsi xahiş edilirdi.
Qeyd etməliyik ki, bu illərdə Rusiyanın bir çox şəhərlərində Bakıya səyahət etməyə maraq oyanırdı, amma əhalinin aztəminatlı təbəqəsinin imkanlarının məhdud olması, Bakıya gələn məktublarda öz əksini tapırdı.
Rusiya Turistlər Cəmiyyətinin (RTC) Moskva bölməsinin nəzdindəki Rusiya üzrə ümumtəhsil komissiyasının Bakı şəhərinin başçısı N.Rayevskiyə ünvanlandığı məktubda (14 may 1910-cü il) əhalinin aztəminatlı təbəqəsinin (xalq müəllimləri, feldşer, ticarət-istehsalat və ictimai idarələrin kiçik vəzifəli quluqçularının) nümayəndələrindən ibarət, tərkibi 40 nəfər olmaqla, bir neçə ekskursiya qrupunun 1910-cu ilin iyun-iyul aylarında Bakıda qəbulunun təşkil olunmasını xahış etmişdi. Bakıda olduğu müddətdə ekskursiyaçıların şəhər başçısının sərəncamında olan binaların birində pulsuz yerləşdirilməsi məktubda xüsusi qeyd olunurdu. Belə müraciətlər az deyildi. Onu da qeyd edək ki, Bakının tədris müəssisələri digər şəhərlərdən gələnlərin qəbulu, yerləşməsi və ekskursiyaların keçirilməsinə yardım etməklə yanaşı, vaxtaşırı öz şagirdlərini də digər şəhərlərə göndərirdilər.
1917-ci il Oktyabr İnqlabından sonra, bu vaxta qədər mövcüd olan turizm hərəkatının təşkili formaları və büroları, özəl turist kantorları öz fəaliyyətini dayandırdılar. Sovet Hakimiyyətinin ilk illərində yaşlı əhali arasında ekskursiyaların təbliği Baş Siyasi Maariflənmə İdarəsinin ekskursiya bürosuna həvalə edildi.
1922-ci ildə Sovet Azərbaycanının paytaxtı Bakıda ilk ekskursiya dərnəkləri yaradıldı. Belə dərnəklərdən biri ?III-cü İnternasional? mərkəzi fəhlə klubunun nəzdində yarandı (?Bakinskiy raboçiy? qəzeti ?164, 25.06.1922).
Azərbaycan Həmkarlar İttifaqları Şurasının struktur bölməsi olan mədəniyyət şöbəsinin 1923-cü ilin II-ci rübündə fəaliyyət hesabatında 63 ekskursiyanın keçirilməsi haqqında məlumat verilmışdi. Ekskursiyalar əsasən, Bakının zavod, fabrik və neft mədənlərində çalışan fəhlələrin digər istehsalat sahələri ilə tanış olmaq məqsədi ilə təşkil olunurdu.
1923-cü ilin dekabr ayının 17-də Azərbaycanda ekskursiya işinin inkişafı üçün Respublika Həmkarlar İttifaqlarının Mədəniyyət komissiyası və Təşviqat və Siyasi maariflənmə şöbəsinin birgə iclası keçirilmişdi. Respublikada eksursiya işinin daha da genişləndirmək, mühazirəçilərin və ekskursiyaçıların respublikamızın rayonlarına göndərilməsi ilə əlaqədar vəsait ayrılması üçün uyezd (inzibatı ərazi bölgüsü) icraiyyə komitələrinə müraciət olunması haqqında qərar qəbul edilmişdi. Sonrakı illərdə Respublikamızda ekskursiyaların coğrafiyası getdikcə genişlənir, iştirakçıların sayı artırdı.
Yay aylarında Xəzər sahilinə - Mərdəkan, Şüvəlan, Buzovna, Türkan, Zığ, Artyom (indiki Pirallahı) adası və Şıx zolağında istirahət məqsədli ekskursiyalar təşkil olunurdu.
Ümumiyyətlə, 1925-ci ildə keçirilən 229 ekskursiyada 7 min nəfər iştirak etmişdi. 1926-cı ildə - 1522 ekskursiyada 45.728 nəfərin, 1927-ci ildə 1762 ekskursiyada 49.296 nəfərin iştirak etdiyi qeyd olunurdu.
Respublika Həmkarlar İttifaqlarının Mədəni-Mühazirə-Ekskursiya bürosunun yerləşmə bazası olmadığı üçün, 1927-ci ildə digər şəhərlərdən Bakıya gələnləri ?Kəndli evində?, Ali partiya məktəbinin yataqxanasında və digər yerlərdə yerləşdirirdilər.
1927-ci ildə Bakıya Rusiyadan (əsasən Qroznı şəhərindən) ? 43 qrup (645 nəfər), Gürcüstandan ? 4 qrup (260 nəfər), Ermənistandan ? 67 qrup (983 nəfər), Ukraynadan ? 3 qrup (59 nəfər), Qırqızıstandan ? 5 qrup (85 nəfər), Azərbaycan uyezdlərindən (Gəncə, Nuxa, Naxçıvan) ? 28 qrup (603 nəfər) ekskursiyaçı gəlmişdi.
1927-ci ildə keçirilən ekskursiyaların mövzular üzrə bölgüsü belə olmuşdu:
- iqtisadi-ictehsalat - 482 ekskursiya, tarixi-mədəni - 402, sanitar-maariflənmə - 142, tarixi-inqlabi - 180, hərbi - 140, siyasi-maariflənmə - 126, elmi-təbiət - 31, bədii ekskursiyalar - 7.
1927-ci ildə 450 ekskursiya-gəzinti keçirilmişdi. Qeyd edək ki, yuxarıda göstərilən ekskursiya təsnifatı bu gün ciddi tənqidə səbəb ola bilər, amma nəzərə almalıyıq ki, bu Sovet Azərbaycanında ekskursiyaların təşkilinin lik təcrübəsi idi. Respublikamızda təşkil olunan ekskursiyalar ilk növbədə gənc nəslin vətənə, təbiətə olan sevgi məktəbi idi. Tətil zamanı şagirdlər üçün təşkil olunan səyahət və ekskursiyalar ? istirahətin ən yaxşı forması, sağlamlığın bərpası, təcrübə və biliyin zənginləşməsi məqsədləri ilə keçirilirdi.
Bu illərdə respublikamızda ekskursiya fəaliyyəti ilə məşğul olan qurumlar arasında ən fəalı ? Həmkarlar İttifaqları idi.
Kütləvi ekskursiya gəzintilərində iştirak edənlərə xidmət göstərmək üçün Həmkarlar İttifaqlarının ?Kino-mühazirə-ekskursiya bürosu?, Xəzərin sahilində Buzovna və Mərdəkan kəndlərində ekskursiya bazaları yaratmışdı.
1926-cı ildə Mərdəkan ekskursiya bazası 4 min nəfərə xidmət göstərmişdi. 1927-ci ildə həmin baza Buzovnaya köçürülmüş və il ərzində 9.255 ekskursiyaçını qəbul etmişdi.
Bakıdan başqa şəhərlərə ekskursiyalara gedənlərin sayı da ildən-ilə artırdı.
Əgər 1926-cı ildə Bakıdan 13 ekskursiya qrupu (200 nəfər) getmişdisə, 1927-ci ildə 70 qrup (936 nəfər) səfərlərdə olmuşdu.
Respublikamızda ekskursiya ? turizm işi ildən-ilə inkişaf edirdi. Sovet İttifaqının müxtəlif şəhərlərindən Bakıya gələnlərlə yanaşı, ilk xarici turist qrupların qəbulu başlandı.
1927-ci ilin iyul ayında Bakıya 10 tələbədən ibarət alman turist qrupu gəldi. Bu turistlər Nyurnberq ? Vyana ? Buxarest - Konstantinopol(İstanbul) ? Batum ? Tiflis ?Bakı ? Ənzəli ? Tehran ? Bunşa - Bombey marşrutu ilə hərəkət edirdilər. 1928-ci ildə Bakıda ?Sovtorqflot? (Sovet ticarət donanması) Bakı kantorunun (şöbəsinin) nəzdində xarici turist və tranzit sərnişinlərə xidmət göstərmək üçün xüsusi büro yaradıldı. Həmin ilin iyul-avqust aylarında Bakıya bir neçə Amerika turist qruplarının gəlməsi haqqında məlumat ?Sovtorqflot? baş idarəsinin Bakı Sovetinə ünvanlandığı məktubda qeyd edilirdi.
Professor və tələbələrdən ibarət olan bu qrupların SSRİ-yə gəlişi burada yeni həyat və məişətlə tanışlıq məqsədi daşıyırdı. Xarici turistlərin yerləşməsi üçün müvafiq bina, nəqliyyat vasitələri və yerli həyatla yaxından tanış olmaq üçün qrupların müşaiyətçi və tərcüməçilərlə təmin edilməsi xahiş olunurdu. Turist qrupları SSRİ-yə ?Open-rod? Amerika tələbə təşkilatının xətti ilə gəlirdi.
Qeyd etməliyik ki, Azərbaycanda 1929-cu ildən Proletar turizmi və ekskursiyalar cəmiyyətinin (PTEC) bölməsi kimi fəaliyyət göstərən Az.PTEC, 1935-ci ildən Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi nəzdində fəaliyyətini davam etdirdi.
Bununla əlaqədar Az.SSR Xalq Komissarları Şurasının 11 may 1936-ci il tarixli, qərarı ilə turizm-ekskursiya işini daha da yaxşılaşdırmaq məqsədilə bir sıra tədbirlər görüldü:
- yay mövsümündə Bakının Dzerjinski adına rayonun 5 saylı məktəbin binası icarəyə götürülərək, orada 70 yerlik ekskursiya bazası yaradıldı;
- Kirovabad (Gəncə) şəhərində Az.PTEC Kirovabad rayon sovetinin bazası yaradıldı;
- Hacıkənddə turist bazası üçün 3 ev icarəyə götürüldü;
- Göygölün sahilində 20 yerlik çadır düşərgəsi təşkil olundu: bunlardan əlavə, həmin
qərarla Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Proletar turizm və ekskursiyalar cəmiyyətinin rayon və şəhər Şuralarının nizamnamələridə təsdiq olundu. Bu cəmiyyət öz üzvləri üçün rəngarəng, maraqlı çoxgünlük turist-ekskursiya marşrutları təklif edirdi.
1936-cı ilin 11 may tarixində Azərbaycan Həmkarlar İttifaqları Şurasının (AHİŞ) nəzdində Turizm-Ekskursiya İdarəsi (TEİ) fəaliyyətə başladı. Bu vaxta qədər, əsasən həvəskar səviyyəsində inkişaf edən turizm-ekskursiya sahəsi ÜHİMŞ Turizm-Ekskursiya İdarəsinin tərkibinə keçdikdən sonra plan-maliyyə əsasında fəaliyyətə başladı. İkinci Dünya Müharibəsi illərində bütün SSRİ ərazisində olduğu kimi, Azərbaycanda da turizm-ekskursiya fəaliyyəti dayandırıldı.
Müharibədən sonrakı illərdə idman, özfəaliyyət, ailəvi və uşaq turizmi, ekskursiyalar geniş vüsət tapmağa başladı.
Qeyd edək ki, Respublika Turizm-Ekskursiyalar İdarəsi 1962-ci ildən Turizm üzrə Azərbaycan Respublika Şurası, 1969-cu ildən isə Turizm və Ekskursiyalar üzrə Azərbaycan Respublika Şurası adlandırıldı. Həmin dövrdən turizmə və ekskursiyalara olan maraq, cəmiyyət üzvlərinin öz mədəni tələbatının, fəal istirahət etmək səylərini ödəmək, asudə vaxtlarından faydalı istifadə etmək, ətraf mühiti dərk etmək, müxtəlif insanlarla ünsiyyətdə olmaq tamamilə qanunauyğun arzu olmuşdur.
Sonrakı illərdə Azərbaycanda turizm-ekskursiya işində mütərəqqi dəyişikliklər və yeniliklər olmuşdur. Turizmin maddi bazası ildən-ilə genişlənmiş, zəhmətkeşlərin istirahətinin təşkilində yeni xidmət formaları ? turist qatarları, çay gəmiləri ilə səyahətlər, ekskursiyalar və s. yaranmışdır.
Bakı zəhmətkeşlərinin yay istirahətinin təşkili üçün 1962-ci ildə Nabranda (Xaçmaz rayonu) Bakı turist bazasının filialı kimi, 150 yerlik ?Sputnik? turist çadır düçərgəsi yaradılır. 1963-cü ildə Bakı turist klubu, Nabranda ?Xəzər? turist bazası, 1965-ci ildə Bakıda, iki ildən sonra Gəncədə və Bakının Mərdəkan qəsəbəsində, 1969-cu ildə Sumqayıtda və Naftalanda, 1971-ci ildə Xankəndində və 1972-ci ildə Mingəçevirdə ekskursiya büroları yaradılır. Sonrakı illərdə Respublikanın müxtəlif bölgələrində və rayonlarında: Naxçıvanda 1978-ci ildə ilk turizm təşkilatı ? səyahətlər və ekskursiyalar bürosu yaradıldı. 1980-ci ildə Lənkəranda, 1982-ci ildə Əli-Bayramlıda (Şirvan şəh.), Qazaxda və Şamaxıda, 1984-cü ildə Ordubadda və Şuşada, 1986-cı ildə Ağdamda səyahətlər və ekskursiyalar büroları yaradıldı.
1970-1987-ci illərdə turizm və ekskursiyaların inkişafı planlı sürətdə davam edirdi. Plan tapşırıqlarının yerinə yetirilməməsi ciddi cazalandırılırdı. Planlar uzun müddətə (5-10 illərə) işlənib hazırlanır və turizmin ali orqanları tərəfindən təsdiq olunurdu. Planların normativ göstəriciləri turizm sənayesi və xidmətin inkişafında əsas götürülür və ciddi nəzarət olunurdu. Bu dövr ölkəmizdə sosial turizmin perspektiv inkişafı ilə xarakterizə olunur.
1980-cı ildən başlayaraq Azərbaycan turizminin şöhrəti, əks-sədası ildən-ilə genişlənir və bu sahə respublika əhalisinin məişətinə möhkəm daxil olur. O vaxtlar respublikanın ekskursiya təşkilatları keçmiş SSRİ-nin 170-dən çox şəhərlərinin müvafiq turizm-ekskursiya təşkilatları ilə əlaqə saxlayırdı, bu da öz növbəsində səyahətlərin marşrutlarına və ekskursiyaların mövzülarının genişlənməsinə səbəb olurdu.
1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətində və onun ətrafında baş verən hadisələr nəticəsində Azərbaycana xarici turistlərin axını dayandırıldı və daxili turizm də tənəzzülə uğradı.
Mürəkkəb ictimai-siyasi şəraitdə, dərin maliyyə və iqtisadi cətinliklərə məruz qalmış respublikamızın turist-ekskursiya təşkilatları böhran vəzittətindən çıxmaq üçün imkanlar axtarır, yerli əhaliyə göstərilən turist-ekskursiya xidmətlərinin genişləndirilməsinə yönəldilmiş tədbirlər həyata keçirirdilər. Respublikanın müxtəlif rayonlarında: Yevlaxda, Cəlilabadda, Ağcabədidə və Şəmkirdə (1992), Qax və Beyləqanda (1993) yeni səyahətlər və ekskursiyalar büroları açıldı. Respublika turizm və ekskursiyalar şurasının tabeliyində fəaliyyət göstərən Naxçıvan və Ordubad səyahətlər və ekskursiyalar bürolarının əsasında Naxçıvan turizm-ekskursiya birliyi yaradıldı. 2003-cü ildə bu birliyinin Bakıda nümayəndəliyi açıldı.
Yuxarıda qeyd etdiyimiz kimi, ekskursiya xidməti turistlərə təqdim edilən kompleks xidmətin ayrılmaz hissəsi olduğundan, o həm yerli, həm respublikamıza gələn turistlər üçün eyni dərəcədə gərəklidir. Ekskursuya xidmətinin mahiyyəti müstəqil respublikamızın iqtisadi, maarifçilik, mədəni-kütləvi və sosial siyasətinin təsiri altında formalaşan və inkişaf edən milli qonaqpərvərliyin nümayiş etdirilməsindən ibarətdir.
Ekskursiya xidmətinin keyfiyyəti bu gün də ilk növbədə bu sahədə çalışan mütəxəssislərin ixtisas səviyyəsi, onların peşə bilikləri, təcrübəsi, təşkilatçılıq bacarıqı ilə müəyyən edilir. Ekskursiya bələdçisi üçün, onun ümumi mədəniyyəti, siyasi, iqtisadi, dil və peşə hazırlığı həlledici rol oynayır. Əgər qeyd olunan keyfiyyətlərindən biri olmasa, ekskursiya bələdçisi özünün digər funksiyalarını da yerinə yetirə bilməz.
Xüsusi qeyd etməliyəm ki, 1965-ci ildə yaradılan Bakı səyahətlər və ekskursiyalar bürosunun nəzdində ekskursiya bələdçiləri hazırlayan metodiki şöbə təşkil olunmuşdu. Metodiki şöbəyə Azərbaycan Elmlər Akademiyası və Ali təhsil müəssisələrindən mühazirə oxumaq üçün tarixçilər, ədəbiyyatçılar, memarlar, coğrafiyaşünaslar və digər sahələr üzrə alim və mütəxəssislər dəvət olunurdu. 1991-ci ilə qədər Bakı səyahətlər və ekskursiyalar bürosu paytaxtmızda eksursiyalar təşkil edən yeganə turizm təşkilatı idi. Bakıya gələn qonaqlara və yerli əhaliyə yüksək səviyyəli ekskursiya xidmətləri göstərilirdi.
1991-ci ildə Azərbaycanın müstəqilliyi bərpa olundu.
1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev cənablarının Respublika rəhbərliyinə qayıdışından sonra, müstəqil Azərbaycan tarixində yeni mərhələ başlandı. Ölkədə daxili siyasi vəziyyət sabitləşməyə, iqtisadi-sosial həyatın bütün sahələri, o cümlədən, turizm-ekskursiya sahəsi yüksəlişə başladı. Azərbaycanın populyar turizm regionları hesab edilən və 1990-cı illərin əvvəllərində ən narahat bölgələr olan Qusar-Quba-Xaçmaz, Zaqatala-Qax-Şəki, Masallı-Lənkəran zonalarında ulu öndərimizin müdrik siyasəti sayəsində stabillik bərpa olundu, qonşu dövlətlərlə sərhədlərimiz möhkəmləndirildi, həmin ərazilərdə turizm inkişaf etməyə başladı.
Respublika Həmkərlar İttifaqlarının bu regionlarda yerləşən istirahət ocaqlarına, zəhmətkeş ailələrinə yollayışların verilməsi bərpa olundu.
Turizmin inkişaf tendensiyası ölkənin ali qanunvericilik aktlarında öz əksini tapdı. 1999-cu ildə AR Milli məclisində ?Turizm haqqında? Qanun müzakirə olunaraq, qəbul edildi. Qanun Azərbaycan Respublikasında turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönəlmiş dövlət siyasətinin prinsiplərini, turizm-ekskursiya fəaliyyətinin əsaslarını müəyyən edir, bu sahədə münasibətləri tənzimləyir, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydalarını müəyyən edir.
2001-ci ildə Azərbaycan Respublikası Ümumdünya Turizm Təşkilatının (ÜTT) üzvü oldu. Bu öz növbəsində ÜTT tərəfindən respublikamıza turizm fəaliyyəti üzrə tövsiyələr və praktiki köməklik edilməsinə imkan yaratmışdır.
Turizm bu gün Azərbaycanda sürətlə inkişaf edən sahələrdəndir. Son zamanlar turizm, xarici ölkələrdə Respublikamızın imicini formalaşdıran mühüm elementlərdən birinə çevrilmişdir. Azərbaycan rəhbərliyi tərəfindən qarşıya qoyulmuş ən mühüm vəzifələrdən biri, ölkə iqtisadiyyatının üstün istiqamətlərindən olan turizm sektorunun inkişaf etdirilməsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının bu sahəyə diqqət və qayğısı sayəsində son illər respublika turizmi daha böyük uğurlar və nailiyətlər əldə etmişdir.
Turizmin inkişafına dair qəbul olunmuş çoxsaylı fərman və sərəncamlar, Dövlət Proqramlarının parametrlərinə uyğun olaraq, turizm sahəsi üçün müxtəlif ixtisaslı işçilər qrupunun ? turoperator, turagent, turizm meneceri, rekreoloq, texnoloq, animator, gid-tərcüməçi və ilk növbədə ekskursiya bələdçilərinin hazırlanması çox zəruridir. Hazırda ekskursiya bələdçilərinin hazırlanması ilə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm İnstitutu ciddi məşğul olmağa başlayıb.
Əminliklə deyə bələrik ki, Azərbaycan Respublikasında turizm-ekskursiya işi tədricən iqtisadi siyasətin ən qabaqçıl istiqamətlərindən birinə çevrilir. Təbiət bizə Azərbaycanın turizm sənayesini beynəlxalq səviyyəyə qaldırmaq üçün bütün imkanları bəxş etmişdir, bundan sonrakı işlər bu sahədə çalışan insanların fəaliyyətindən və bu işə münasibətindən asılıdır.
Xüsusilə vurğulamaq lazımdır ki, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları 2011-ci ili ? ?Turizm ili? elan etmişdir. Bu bizim üçün önəmli olduğu qədər də məsuliyyətlidir.
Sabir Rəhimov,
AHİK-in Respublika Turizm və Ekskursiyalar
Şurasının sədr müavini
DİGƏR XƏBƏRLƏR
2025-07-01 08:06
2025-06-30 16:18
2025-06-30 12:56
2025-06-30 12:24
2025-06-30 12:10
2025-06-30 10:06
2025-06-30 09:11