Bu gün Prezident İlham Əliyev daha iki sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən, Şəmkir şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə ötən əsrdə inşa edilmiş və qəzalı vəziyyətdə olan ikimərtəbəli 5 binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə aşağıdakı qərar verilib:
1. Şəmkir şəhərində qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 54 mənzilli 1 yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Şəmkir Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
***
Prezidentin digər sərəncamı ilə isə Gədəbəy şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gədəbəy Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb