Bəzi KİV-lərdə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) rəhbərliyinin aylıq əməkhaqları ilə bağlı sensasion məlumat dərc edilib. 

Məlumatda Palatanını Direktorlar Şurasının sədri Rüfət Aslanlının ayda 65 min manat, müavinlərinin hər birinin 38000, icraçı direktorun 18000, departament direktorlarının 10000, sıravi işçilərin isə 800-1500 manat rəsmi məvacib aldığı iddia edilib. KİV-də və sosial şəbəkələrdə tirajlanan iddialarda təkcə Rüfət Aslanlı və 2 müavininin əməkhaqlarının ödənilməsinə ildə 2 milyon manat vəsait sərf edildiyi qeyd edilir. Guya, Rüfət Aslanlının maaşı prezidentin maaşından 4 dəfə, ölkədəki orta aylıq əməkhaqqıdan 130, orta aylıq pensiyadan 325 dəfə çoxdur.

Palata iki gün öncə modern.az-ın sorğusuna cavab olaraq yayılmış məlumatları təkzib edib: "Bu cür məlumatlar həqiqətə uyğun olmadığından şərhə ehtiyac görmürük. Bunun həqiqət olmasına inanmaq özü sadəlövhlükdür”.

Mövzu ilə bağlı fikirlərini bölüşən tananmış iqtisadçı alim Qubad İbadoğlu deyib ki, belə yüksək əmək haqlarının maliyyə mənbələri olaraq banklar, bank olmayan kredit təşkilatları, kredit ittifaqları, sığorta şirkətləri, qiymətli kağızlar bazarı iştirakçıları və digər üzv təşkilatlar tərəfindən Palataya ödənilən illik haqlar göstərilir. Onun sözlərinə görə, həqiqətən də Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri 5 aprel 2017-ci il tarixli 1saylı qərarı ilə Maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi Qaydaları təsdiq olunub: «Həmin qaydalarla nəzarət subyektləri tərəfindən ödəniləcək haqları müəyyən edilir. Bu əslində maraqlar münaqişəsinin açıq formasıdır. Belə ödənişləri korporativ və şəxsi marağına uyğunlaşdıran MBNP rəhbərliyi illik haqları banklar üçün onların aktivlərinin məbləğindən asılı olaraq 300 min manatla 800 min manat arasında, poçt rabitəsinin milli operatoru üçün 70 min manat, sığorta şirkətləri üçün 700 min manatdan 750 min manatadək, bank olmayan kredit təşkilatı üçün 15 min manatdan 50 min manatadək, mərkəzi depozitarlar və kredit bürosunun hər biri üçün 250 min manat, idman mərc oyunları operatoru üçün 475 min manat, lotereya təşkilatçısı üçün 160 min manat müəyyənləşdirilib. Azərbaycanda orta hesabla 1 banka 1 milyard manat aktiv düşən 31 bankın, ölkə üzrə 76 kredit ittifaqının, kredit bürolarının, kliring təşkilatlarının, investisiya şirkətlərinin fəaliyyət göstərdiyini nəzərə alsaq onda MBNP yalnız üzvlük haqqından on milyonlarla manat vəsait əldə edə bilər. Bununla yanaşı MBNP maliyyə xidmətləri fəaliyyətinin tənzimlənməsi, habelə lisenziyalaşdırılmasını və nəzarəti də həyata keçirir və bu xidmətlərə görə də əlavə vəsait əldə edir. Burda maraq doğuran digər məsələ isə yığılmış vəsaitin necə xərclənməsidir. Bir çox layihə və proqramlar üzrə əldə edilən vəsaitin müstəqim və qeyri müstəqim xərclərinə bölünməsi və onların ümumi xərclərdə çəkisinin tənzimlənməsi, eyni zamanda xərc maddələri üzrə məsrəf normativlərinin müəyyənləşdirilməsi təcrübəsi vardır. Bununla yanaşı, əmək haqqı ödənişləri üzrə də 1 işçinin hasilatına, adam günə, iş saatına, orta aylıq əmək haqqına, tariflər dərəcələrinə görə normalaşdırılması praktikası da mövcuddur. Bəzi hallarda əmək haqqı əsas fizioloji tələbat (qidaya, mənzilə, istirahətə və s.) uyğun hesablanmalıdır. Yəni işçinin aldığı əmək haqqı onun tələbatlarının ödənilməsi vasitəsi rolunu oynamalıdır».

Ekspert deyib ki, MBNP rəhbərliyinin tələbatları barədə uzağa gedən nəticələr çıxarmaq niyyətindən uzaqdır, amma o hesab edir ki, MBNP-də rəhbər işçilərə verilən əmək haqqının hansı normativlərlə müəyyənləşdirilməsi barədə açıqlama olmalıdır: «Çünki, MBNP özəl şirkət deyil, publik hüquqi şəxsdir. Odur ki, bu və digər məsələlərə dair yaranmış suallara MBNP-nin aydınlıq gətirməsi vacibdir».