Mətbuatdan məlum olduğu kimi, ?Müxalifət? qəzetinin baş redaktoru Rövşən Kəbirli Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı Direktoru Vüqar Səfərliyə qarşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldırmışdı. Məhkəmənin 22 iyun 2010-cu il tarixli qətnaməsi ilə R.Kəbirlinin iddia ərizəsi təmin edilib. Dünən ?Müxalifət? qəzetinin redaksiyasına daxil olan qətnamənin nəticə hissəsində göstərilir ki, R.Kəbirlinin 19 noyabr 2010-cu il tarixli sorğusuna cavab verməsi cavabdeh Səfərli Vüqar Müzəffər oğluna həvalə olunur və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu V.Səfərlidən alınaraq R.Kəbirliyə verilməlidir. Məlumat üçün bildirək ki, Rövşən Kəbirli 19 noyabr 2009-cu il tarixli sorğu ilə Vüqar Səfərliyə müraciət edərək Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun 2009-cu ildə ?Milli Mətbuat Günü? ilə bağlı keçirdiyi bayram törəninə istiqamətlər üzrə sərf olunan vəsaitin həcmi, fondun elan etdiyi məsabiqədə qalib gələn 55 qəzet, informasiya agentlikləri və QHT-nin hər biri üçün ayrılmış qrantların məbləği barədə məlumatların verilməsi xahiş etmişdi. Həmin ərəfədə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun müsabiqəsində şəffaflığın omaması, daha çox hökumətə yaxın KİV-lərə maliyyə ayrılması, tənqidçi medianın ayrıseçkiliyə məruz qalması barədə informasiyalar yayıldığından və ictimai müzakirələr açıldığından sorğunun göndərilməsi labüd olub. Lakin fondun icraçı direktoru sorğuya cavab vermədiyindən R.Kəbirli məhkəmədə iddia qaldırmışdı.