"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC bir neçə xarici ölkədə törəmə müəssisələr yaradıb.

"APA-Economics" xəbər verir ki, 8 fevral 2017-ci il tarixli əmrə uyğun olaraq nizamnamə kapitalı hər birinin nominal dəyəri 1 Türkiyə lirəsi olan 50 000 səhmdən ibarət "Caspdry Gemi İşletmeciliyi AŞ" adlı yeni törəmə müəssisə yaradılıb. "Caspdry Gemi İşletmeciliyi AŞ"-nin 100%-i "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsusdur. Törəmə müəssisənin təsis edilməsində məqsəd QSC-yə məxsus quru yük gəmilərinin Qara dəniz hövzəsində daha səmərəli və operativ idarə edilməsidir.
 
Bununla yanaşı, 8 fevral 2017-ci il tarixli əmrə uyğun olaraq QSC nizamnamə kapitalı hər birinin nominal dəyəri 1 lirə olan 50 000 səhmdən ibarət "Casptankers Gemi İşletmeciliyi AŞ" adlı yeni törəmə müəssisə yaradıb. Törəmənin 100%-i "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nə məxsusdur. Törəmə müəssisənin təsis edilməsində məqsəd maye yük daşımaları bazarında fəaliyyətlərin genişlənməsi və QSC-nin Qara dəniz hövzəsində daha da möhkəmlənməsidir.
 
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC həmçinin Maltada da törəmə müəssisə təsis edib. Belə ki, 8 fevral 2017-ci il tarixli əmrə uyğun olaraq nizamnamə kapitalı 1,200 avro olan "Azerbaijan Caspian Shipping Limited” adlı yeni törəmə müəssisə yaradılıb. "Azerbaijan Caspian Shipping Limited" 100% QSC-yə məxsus müəssisədir. Törəmə müəssisənin təsis edilməsində məqsəd QSC-nin əməliyyatlarının genişləndirmək və xarici şirkətlərlə qarşılıqlı əməkdaşlığın səmərəli qurulmasını təmin edilməkdir.