Azərbaycanın iqtisadi yüksəklişi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Respublikanı ağır iqtiadi durumdan siyasi uzaqgörənliyi, bacarığı, strateji düşünmə qabiliyyitnə malik xalqın xilaskarı üumilli lider çıxara bildi. Heydər Əliyevin dövlət quruculuğu strategiyasının ana xəttini mühüm və gələcəyə hesablanmış iqtisadi islahatlar təşkil edirdi.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasının Heydər Əliyev tərəfindən düzgün seçildiyini artıq 1996-cı ildə müşahidə olunan iqtisadi sabitlik və 1997-ci ildən başlayan sosial-iqtisadi inkişaf xətti daha bariz şəkildə nümayiş etdirir.Azərbaycanın sərbəst bazar münasibətlərinə əsaslanan liberal iqtisadiyyat xəttini dəstəklədiyini dünyaya bəyan edən ulu öndərin böyüklüyü ondadır ki, o, həqiqi müstəqilliyin, siyasi azadlığın iqtisadi qüdrət və inkişafdan keçdiyini bilir və ölkənin məhz belə bir yolla irəliləməsini təqdir edirdi.

Heydər Əliyev iqtisadi platformasında iqtisadi islahatlar dedikdə, Azərbaycan iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə aparmaq, özəl bölmənin fəaliyyətini genişləndirmək və özəlləşdirməni həyata keçirmək, sahibkarlığa, təşəbbüskarlığa geniş imkanlar yaratmaq, ölkə iqtisadiyyatını dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi sistemi əsasında qurmaq və dünya iqtisadiyyatına inteqrasiya etmək nəzərdə tutulurdu.İqtisadi islahatların zəruriliyindən bəhs edən ulu öndər tarixi faktlara əsaslanmaqla qəti mövqeyini aşağıdakı fikri ilə əsaslandırırdı: "...sosializm quruluşunun ən yüksək bəhrələrini görmüşük. Onun verdiyi bəhrələri heç kəs, heç vaxt inkar edə bilməz. Xüsusən, bizim respublikamızda. Lakin o quruluş, iqtisadi sistem özünün son həddinə gəlib çatmışdı. Buna görə də onun sonrakı inkişafı mümkün olmadı, iqtisadiyyat, ümumiyyətlə, inkişaf dayandı və geriləmə prosesi başlandı. Təsadüfi deyildi ki, 1980-1985-ci illərdə yeni yollar axtarmağa başladılar. Bu da yeganə bir yola gətirib çıxardı: iqtisadi islahatlar aparmalı, bazar iqtisadiyyatı yolu ilə getməli, bazar iqtisadiyyatı prinsiplərini tətbiq etməli". 

Heydər Əliyev idarəetmənin sosialist inzibati-amirlik sistemindən, sosialist iqtisadiyyatından bazar münasibətlərinə, inkişafın bazar qanunlarına, azad sahibkarlığa əsaslanan iqtisadiyyata keçirilməsinin nə demək olduğunu aydın dərk edirdi. Yəni, müstəqil dövlət kimi, Azərbaycan gələcəkdə də bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı iqtisadi və siyasi münasibətlər əsasında dünya birliyinin fəal iştirakçısına çevrilməyi nəzərdə tutaraq, öz müstəqilliyini daha da möhkəmləndirmək və inkişaf etdirmək yolu ilə getdi. 

Eyni zamanda, xarici investorların, dünya maliyyə institutlarının, transmilli korporasiyaların, xarici şirkətlərin imkanlarından istifadə edilməklə iqtisadiyyatı bazar prinsipləri zəminində yenidən quraraq, iqtisadi yüksəlişə böyük təkan vermək üçün məqsədyönlü tədbirlər həyata keçirildi.Keçirdiyi müşavirələrdən birində ulu öndər bazar iqtisadiyyatının fəlsəfəsi barədə demişdir: "Bazar iqtisadiyyatı nədir? Məsələn, indi deyirlər ki, Azərbaycanda firmalar, assosiasiyalar, banklar, daha nə bilim nələr var. Bəli, var. Amma bunların əksəriyyəti, təkrar edirəm, əksəriyyəti Azərbaycanın iqtisadiyyatına heç bir xeyir verməyibdir. Mən bunu tam cəsarətlə deyirəm. Bunların əksəriyyəti ayrı-ayrı adamların varlanmasına gətirib çıxarmışdır. Əgər onların iqtisadiyyata xeyiri dəysəydi, bu müddətdə yeni-yeni müəssisələr tikilərdi. Bəlkə də bir neçəsi olub. Amma bazar iqtisadiyyatı yolu ilə son illərdə Azərbaycanda kapital qoyuluşu olmayıb, olubsa da, təəssüf ki, çox az miqdarda olub".

Heydər Əliyev hesab edirdi ki, müstəqil Azərbaycan dövlətinin iqtisadiyyat sahəsində strateji xətti bundan ibarətdir ki, bizdə mülkiyyət forması tədricən dəyişdirilməli, iqtisadiyyatımız bazar iqtisadiyyatı əsasında qurulmalı, təşəbbüs-karlığa geniş meydan verilməlidir. Məhz bu, iqtisadiyyatımızın strateji yoludur.Ulu öndər həmişə nominal islahatların, yəni, islahat xatirinə islahatların aparılmasının əleyhinə olub. İslahatların keçirildiyi bir dövrdə mövcud iqtisadi strukturların və inzibati-amirlik metodlarının olduğu kimi saxlanması onun iqtisadi baxışlar sistemində yolverilməz hesab edilirdi. Əksinə, iqtisadi islahatlar həyata keçirilərkən iqtisadi qanunların və dünya təcrübəsinin əsas götürülməsini, islahatların sistemli, kompleks aparılmasını və sosial yönümlü olmasının zəruriliyini vurğulayırdı.


Məlumdur ki, dünya iqtisadiyyatında bazar iqtisadiyyatına keçidin 2 əsas yolu mövcuddur: liberal-monetarist və sosial təmayüllü modellər. Liberal-monetarist doktrinaya əsaslanan keçid modelində xüsusi mülkiyyətin şəriksiz, mütləq hökmranlığı, işgüzarlığın tam azadlığı, keçid dövründə əhalinin minimal sosial təminatı nəzərdə tutulur. İkinci variant isə bazar mexanizmlərinə əsaslanan qarışıq, səmərəli iqtisadiyyata keçilməsini nəzərdə tutur. Dövlətin keçid dövründə güclü tənzimləmə roluna üstünlük verilir, mülkiyyət formaları - xüsusi və dövlət mülkiyyəti formaları bir-birini tamamlayır, onların hüquqlarının bərabərliyi qəbul edilir. Dövlət əhalinin gəlirləri, məşğuliyyət, səhiyyə, təhsil, mədəniyyət və iqtisadiyyatın sosial müdafiəsi zəif olan digər sahələrində güclü sosial təminat siyasətini yeridir.Birinci prezidentliyi dövründə Heydər Əliyevin konkret situasiyaya və ölkənin iqtisadi "landşaftına" hesablanmış iqtisadi konsepsiyasına əsasən islahatların üç mərhələdə həyata keçirilməsi daha məqsədəuyğun hesab edilmişdi: birinci mərhələdə güclü dövlət tənzimlənməsi ilə böhrandan çıxmaq, ikinci mərhələdə iqtisadiyyatın sabitliyini təmin etmək, üçüncü mərhələdə isə iqtisadiyyatın dirçəlişinə və yüksək xətlə inkişafına nail olmaq lazımdır.Hər bir mərhələyə uyğun olaraq, həmin illərdə məqsədli kompleks proqramlar işlənib hazırlanmış, onların həyata keçirilmə müddətləri müəyyən edilmişdi. Kompleks proqramların məqsədi - minimum itkilərlə və sosial çaxnaşmalarsız böhrandan çıxmaq, cari tədbirlərdən perspektiv tədbirlərə adlamaq idi. Birinci mərhələni, xalq üçün ağır olduğuna görə, mümkün qədər sürətlə həyata keçirmək nəzərdə tutulurdu. Bu dövrdə reallaşdırılan sosial təmayüllü bazar iqtisadiyyatına keçid konsepsiyası dövlətin optimal tənzimləmə roluna əsaslanırdı.

1993- cü ildən etibarən isə mərhum prezidentin yenidən hakimiyyətə qayıdışı ölkə iqtisadiyyatının yeni inkişaf mərhələsinə qədəm qoyması ilə nəticələndi. Belə ki, Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, 1995- ci ildən başlayaraq ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olundu. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yarandı.


Təqdirəlayiq haldır ki, iqtisadi inkişafın ilkin mərhələsində ölkəmizdə bu modelin gerçəkləşməsinin rəsmi bazası kimi bir çox irimiqyaslı siyasət sənədləri qəbul olunaraq ayrı-ayrı sahələrin inkişafı daha da sürətləndirildi. Məsələn, bu dövr ərzində həyata keçirilən iqtisadi islahatların rəsmiləşdirilməsi baxımdan digər bir istiqamət kimi 1993-cü ildə təsdiq edilmiş ``Azərbaycanda Sahibkarlığın Inkişafı (1993-1995)`` adlı Dövlət Proqramını qeyd etmək olar. Çünki 1993-cü ilə qədər ölkədə sahibkarlıq sektoru istiqamətində ciddi islahatların həyata keçirilməməsi və sistemsiz epizodik tədbirlərin ardınca belə bir proqramın qəbul edilməsi və onun həyata keçirilməsinə başlanması bu sahədə nisbi uğurların əldə edilməsinə imkan yaratdı. Belə ki, məhz məhrum prezident Heydər Əliyevin gərgin əməyi sayəsində ölkədə fəaliyyət göstərən kiçik və orta sahibakarların sayı çoxaldı, onların xarici iqtisadi fəaliyyəti genişləndi. Bunun nəticəsi olaraq 1995-2008-ci illərdə sənaye sahəsində əhəmiyyətli nəticələr əldə edilməyə başlandı. 

Beləliklə, əvvəllər xarici ölkələrdən idxal olunan bir çox malların müəyyən qisminin artıq Azərbaycanda istehsal olunmağa başlanması daxili bazarımızın zənginləşməsinə, idxaldan asılılığımızın demək olar ki, aradan qalxmasına imkan yaratdı.Bütün bunlar sənayedə işgüzar fəallığın artmasına, kiçik sahibkarlığın inkişafına güclü təkan verdi. Məhz vaxtilə mərhum dövlət başçısı Heydər Əliyev tərəfindən həyata keçirilən və hazırda ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən "açıq qapı" siyasətinin nəticəsidir ki, indi Azərbaycanda xarici və müştərək müəssisələrinin sayı 3 dəfə artıb. 

Hazırda sənaye səhəsində 63 dövləti təmsil edən 200-ə yaxın xarici investisiyalı müəssisə fəaliyyət göstərir, minlərlə yeni iş yerləri açılıb. Yeni formalaşan təsərrüfat strukturlarının nəzərə çarpacaq dərəcədə artması, kiçik sahibkarlığın genişlənməsi və dinamik inkişafı, fiziki şəxslərin sahibkarlıqla məşğul olması qeyri-dövlət sektorunun rolunun getdikcə artması ilə müşayiət olunur.Xüsusi vurğulamaq yerinə düşər ki, Heydər Əliyevin elmə əsaslanan inkişaf strategiyasının ən vacib tərkib hissəsi müasir Azərbaycanın bütün uğurlarının rəhni sayıla biləcək neft strategiyasıdır. 

Düzdür, əksər hallarda ölkənin uğurlu neft strategiyasının təməlinin 1994-cü ilin sentyabrında imzalanmış "Əsrin müqaviləsi" ilə qoyulduğu vurğulanır. Bu tarix və imzalanmış sənəd olduqca əhəmiyyətlidir və ölkənin iqtisadi, sosial inkişafı, siyasi uğurlarının səbəblərindəndir. Lakin məhrum prezident Heydər Əliyevin neft strategiyasının bünövrəsi daha erkən dövrdə qoyulub. Buna misal kimi, hazırda mərhum prezidentin adını daşıyan və onun təşəbbüsü ilə məhz Bakıda qurulmuş Dərin Özüllər zavodunu göstərmək olar. Bu zavodun inşasına 1978-ci ildə başlanılaraq 1984-cü ildə istismara verilir. Bu unikal zavod daxili tələbatı ödəməklə yanaşı, artıq XX əsrin son onilliyində Şimal dənizində BP şirkəti üçün sifarişlər yerinə yetirirdi. Dərin Özüllər zavodunun işə düşməsilə Azərbaycanda dəniz şəraitində neft istehsalı strategiyası dəyişdi. Əvvəlki illərdə tələb edilən kilometrlərlə uzanan estakadaların inşasından imtina etmək mümkün oldu. Bununla da həm inşaat və istismar xərcləri köklü surətdə azaldı, həm də ekologiya və sağlamlıq üçün risklər minimuma endirildi. Praktiki olaraq, Heydər Əliyevin təşəbbüsü və gərgin əməyi nəticəsində Azərbaycan Respublikasının neft strategiyasında yeni texnoloji və iqtisadi dövr başlandı.

Ölkə başçısı cənab İlham Əliyev Ulu öndər tərəfindən başladılan yolu səylə davam etdirərək ölkənin daha böyük iqtisadi yüksəlişə nail olması üçün əlindən gələni əsirgəmir. Bu gün Azərbaycan iqtisadiyyatı böyük inkişaf yoluna qədəm qoyub və bu yolda uğurla addımlayır.

Zaur ƏHMƏD

"İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir”