2017-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 12,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 15,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 8,4 faiz bahalaşıb.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, cari ilin fevral ayında yanvar ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,5 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 1 faiz bahalaşıb.
Ay ərzində düyünün, unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsullarının, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, almanın, armudun, limonun, portağalın, naringinin, bananın, kələmin, göyərtinin, xiyarın, kartofun, soğanın, sarımsağın, yerkökünün, çuğundurun, spirtli içkilərin və tütün məmulatlarının qiymətlərində bahalaşma, yumurtanın qiymətində ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.