"Türkiyə bu sıralarda, təəssüf ki, Avropa yolunda irəliləmir, tam əksinə, Avropadan uzaqlaşır".
Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri AB Komissiyasının Qonşuluq Siyasəti və genişlənmə üzrə komissarı Cohannes Hahn bildirib.
Komissar Türkiyənin bu mövqeyinin birlik tərəfindən ona ayrılan maliyyə yardımlarının dayandırılmasına yol açdığını da etiraf edib.
Onun fikrincə, bu yardımlar qatı şərtlərə bağlıdır və hazırda həmin şərtlərin yerinə yetirilib-yetirilmədiyi təftiş olunur: "2014-2020 illəri arasında Türkiyəyə 4 milyard 450 milyon avro ayrılması planlaşdırılmışdı. İndiyə qədər isə bunun yalnız 167 milyon 300 min eurosunu ödənilib”.
Hahn, hələ ki, Türkiyə ilə dialoq kanallarını bağlamaq istəmədiklərini də etiraf edib.
Bununla belə, indi gəlinən nöqtənin nəticə etibarilə üzvlük müzakirələrinin dayandırılmasına bərabər olduğunu bildirən komissar deyib: "Son zamanlar aparılan müzakirələrdə yeni mövzu başlıqları açılmadı. Bu səbəbdən də müzakirələr faktiki olaraq dayanma nöqtəsinə gəldi”.
Komissar Avstriya Baş naziri Kristian Kernin Türk hökumət üzvlərinin AB ölkələrində seçki fəaliyyətlərinə qatılmasının qadağan edilməsi təklifinə də münasibət bildirib. "AB ölkələrində xarici siyasi partiyaların hansı tədbirlərdə, necə iştirak edəcəyi ilə bağlı qərarın üzv ölkələrin özü tərəfindən verilir”- deyən Hahna görə, "bu məsələdə həyata keçirilən siyasətlər fərqlilik göstərə bilər”.