Yanvarın 1-nə Azərbaycan Respublikasının xarici dövlət borcu 6,913.2 milyon ABŞ dolları (12,241.3 milyon manat), xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) olan nisbəti 20.4 faiz təşkil edib.
Mia.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.
Xarici dövlət borcu əsasən beynəlxalq maliyyə institutlarının kredit proqramlarından və infrastruktur layihələrindən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.
Real Hərəkatının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli isə daha ciddi problemə toxunub. Bu barədə mia.az-a açıqlama verən ekspert bildirib ki, cəmi 3 il əvvəl Azərbaycanın xarici borcu ÜDM-in 8%-ni təşkil edirdi, dünyada ən yaxşı göstəricilərdən biri idi. Onun sözlərinə görə, 2017-ci ildə borcumuz ÜDM-in 60%-nə yaxınlaşıb:
"Bu il büdcənin 12%-i xarici borcların qaytarılmasına xərclənəcək - 700 mln. dollar ana borc, 150 mln. dollar isə borclara hesablanan faizlərə ödəyəcəyik. Hökumət yenə sürətlə borclanır, cəmi 2 ildən sonra elə ÜDM qədər xarici borcumuz olacaq. Böyük qaz layihələrinə götürdüyümüz borclara və əvvəlki illərdə cəlb edilənkreditlərə hesablanan faizlər (ana borc yox a, tək faizlər) 2020-ci ildən sonra 700-750 mln. dollara çatacaq. 2020-də işə düşən qaz layihələrindən illik təmiz qazancımız da, maksimum, 700-800 mln. dollar olacaq. Yəni, qazdan gələn gəlir faiz ödəmələrinə gedəcək. Hökumət ciddi idarəetmə islahatlarına gedib, iqtisadi aktivliyi artıra bilməsə, cəmi 2-3 ilə ölkəmiz defolt həddində olacaq".
Mia.az