Real hərəkatının icra katibi, iqtisadçı ekspert ölkədə toyuq ətinin qiymətinin qalxması ilə bağlı fikirlərini bölüşüb.

Mia.az ekspertin fikirlərini təqdim edir: "Hökumət xaricdən gətirilən quş ətinə gömrük rüsumunu artıran kimi mediaya açıqlama verdim, dedim ki, bu daxili istehsalçını qorumaq üçün atılacaq son addımdır. İlkin olaraq istehsalın artırılması, daxili təlabatı ödənilməsi məsələsi həll olunmalıdır, yoxsa yerli istehsalçılar xarici quş əti bahalaşan kimi, sadəcə öz qiymətlərini artıracaqlar - zərbə sadə istehlakçıya, onun cibinə dəyəcək. Dinləmədilər - qiymətlər indi ciddi artıb.

Hökumətin pampıq sevdası fontan vuranda dedik ki, bu sahəni inkişaf etdirmək lazımdı, amma ciddi düşünülmüş yanaşmaya ehtiyac var. Hökumət isə əsl sovet keçmişlərinə uyğun olaraq əmrlə pampıq əkini sahələrini artırdı, ənənəvi maldarlıq rayonlarında örüş və yem sahələrində pampıq əkdilər, yem azaldı, qiyməti qalxdı, nəticədə mal-qoyun ətinin də qiymətləri kəllə-çarxa çıxdı. Bax belə bir hökumətimiz var, plansız, önünü görməyən, köhnə, analiz qabiliyyəti olmayan, sovet multfilmi kimi bir hökumət".