Azərbaycan Beynəlxalq Bankında kadr islahatları davam etdirilir. Bankın menecment komandasına 3 yeni şəxs qoşulub. Bankın mətbuat xidmətindən verilən məlumata görə, bunlar Ülvi Qasımov, Zamiq İsaoğlu və Eldar Xəlilovdur.
Ülvi Qasımov ABB-nin İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib.
2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmiş Ü.Qasımov Bank sektorunda 2006-cı ildən fəaliyyət göstərir. Kreditləşmə fəaliyyəti sahəsində böyük təcrübəsi var. Son təyinata qədər "Unibank” ASC-də çalışıb. O, ABB-də korporativ bankçılıq istiqamətinin inkişafı məsələləri ilə məşğul olacaq.
Zamiq İsaoğlu da ABB-nin İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyinat alıb. Azərbaycan Dövlət İqtisad Universitetinin, Türkiyənin 9 Eylül Universitetinin və Mərmərə Universitetinin məzunu, iqtisad elmləri üzrə fəlsəfə doktoru olan Z.İsaoğlu 2010-cu ildən Azərbaycan Respublikasının Mərkəzi Bankında müxtəlif vəzifələrdə çalışıb. Son təyinata qədər "Azər-Türk-Bank” ASC-də daxili nəzarət meneceri olub. Audit və bank fəaliyyətinin digər bir sıra sahələri üzrə zəngin təcrübəyə malikdir. Z.İsaoğlu ABB-nin fəaliyyətinə korporativ idarəetmə istiqamətində dəstək göstərəcək.