Zahid ORUC, Millət vəkili

Dövlət idarəetməsi və qadın fenomeni tarixən mövcud olub, o üzdən sirli Şərqin həyatında uzun əsrlər boyu insanların yaddaşında qorunub saxlanan isimlər hər kəsə bəllidir.

Xüsusilə də Misirin sonuncu çariçası Kleopatranın adı daha məşhurdur və bunun özünəməxsus səbəbləri var. Roma imperiyasının böyük təhlükələrindən öz ölkəsini qorumaq sahəsində yüksək diplomatik səriştə nümayiş etdirən şəxsin adı mütləq tarixdə qalmalı idi.

Əslində, xanımların hakimiyyət olimpinin zirvəsində təmsilçiliyi yalnız Qərb fenomeni deyil, Şərqin həyatında sonrakı əsrlər boyu hətta dinin və ənənələrin yaratdığı çərçivələrdən asılı olmayaraq, güclü bir şəkildə mövcud olub. Mədəniyyətin və ədəbi aləmin baş qəhrəmanları siyasi idarəetmənin təkcə bağlı qapıları arxasında deyil, ön cəbhəsində də görkəmli yer tutmağa nail olublar. Makiavellinin sakrallıqda və cazibədə qadınlar və hakimiyyətlə paralellər aparması heç də səbəbsiz deyil.

Ona görə də hansı cəmiyyət tipinə malik olmasına fərq qoymadan biz tarixdə qılınc götürüb döyüşən qadınları kişilərlə çiyin-çiyinə görmüşük. Dövlətin Lenin nəzəriyyəsi əsrlərdən gələn qanunauyğunluqdur və hakim ailələrin ictimai nizamda yeri hər zaman mübahisəsiz qəbul olunub. Başqa cür də ola bilməz, əgər döyüşə və təhlükəyə birgə sinə gərilirsə, siyasətin qovğalarından baş çıxarmaqda meydan yalnız patriarxlara verilə bilməz.

Azərbaycana gəldikdə, millətimizin tarixində yalnız kişi diktatı və qadına zərif məxluq kimi baxmaq, yaxud onları ictimai etimadın yüksək pilləsinə layiq bilməməkdən söhbət gedə bilməz. Doğrudur, arxaik yanaşmalar hər xalqın həyatında olur.

Lakin baxın, Nizaminin "İsgəndərnamə”sində adı keçən Nüşabəni nə qədər mifik qəhrəman hesab etsək də, o da bəllidir ki, yalnız əsərlər üzərindən belə adlar meydana çıxa bilməzdi, çünki xalqların mənəvi ehtiyacı, siyasi duyumu, həyata tamlıq və dolğunluq pəncərəsindən baxmaq ehtiyacının nəticəsində əsatir qəhrəmanları belə hökmdar qadın obrazlarını əsrlərdən keçirib bu günümüzə gətiriblər. 

Sara Xatunun tarixdəki yerinə ona görə opponentlik etmək mümkün deyil. Ağqoyunlu hökmdarı Uzun Həsənin anası olaraq tarixdə onun özünəməxsus yeri bir çox mühüm səbəblərə bağlıdır. Bir tərəfdən dərin ağıla malik olmaqla övladının mühüm qərarlarına nüfuz etməsi, digər tərəfdən, nəcibliyi, xeyirxahlığı idarəçiliyin mühüm alətinə çevirməsi xalqın mürəkkəb sınaqlar qarşısında duruş gətirməsinin ən başlıca şərtinə çevrilir. 

Ona görə də müasir Azərbaycanın məruz qaldığı milli və beynəlxalq çağırışlara cavab verərkən qadın fenomenini unutmalı deyilik.

1990-cı illərdə idarəçiliyin yüksək pillələrində ilk qadın təmsilçiliyi

Ümumən götürdükdə Şərqin həyatında çox incə məsələ olan və daha artıq dərəcədə kişi sifəti ilə idarəçiliyi bərqərar etmiş modellərin içərisində qadınlar hər zaman mühüm vəzifələrdə təmsil olunublar. 1990-cı illər müstəqilliyimizin əldə olunmasından sonrakı dövrün xarakterini bir qədər dərindən dəyərləndirməyə ehtiyac var. Sovetlərin yüksək təhsil və hüquq verdiyi insanlar cəmiyyətdəki bərabərliyin bütün hakimiyyət vəsilələrində özünü göstərməsini istəyərdilər.

 Lakin zaman tamam ayrı tələbləri qarşıya qoymuşdu: düşmənlə səngəri bölüşən Azərbaycan qadını yeni dövlət quruculuğunun çox ağrılı və itkilərlə müşayiət olunan sınaqlarına tab gətirməyə bilərdi. Yaşanan xaos və anarxiya fonunda zəif təbəqəyə belə bir missiyanı tanımaq qeyri-mümkün görünürdü. 

Bununla belə, ulu öndər dövlət katibini qadın olaraq gördüyünü ifadə etdi, onu rəsmiləşdirdi və siyasi komandasına qəbul etdirməyə çalışdı. Bir-birini əvəzləyən iqtidarlar fonunda çox riskli görünən belə qətiyyət cəbhə xəttindən keçən idarəçiliyin önünə çıxan rəhbər qadın obrazı ilə hesablaşa bilmədi. 

Lalə Şövkətin katibliyi onun xanım mücəssəməsi kimi dövlətə ən mühüm zamanda faydalı olmağa imkan vermədi. Halbuki sabitləşdirici və barışdırıcı rolda çıxış etmək, yaxud silahlı mübarizəyə dirənişdə qətiyyət göstərmək hər kəsin vəzifə borcuydu. Sərtliklə öyünən adam "dəmir əl” hakimiyyətinə nə qədər ehtiyac duyulduğunu bilsə də, şəxsi iddialar və qrup savaşlarda məğlub olub geri çəkildi və az qala məişət küskünlüyü ilə səhnəni tərk etdi. Cəmiyyətin nəzərində o sütunda və ya hakimiyyət zirvəsində xanım obrazı möhkəmlənməmiş qaldı.

Azərbaycanda birinci ledi fenomeni

Sonrakı illərdə İlham Əliyevin hakimiyyətə gəlişi ilə yeni fenomenin şahidi olduq. Birinci ledi termini nə qədər xarici səs və politoloji ixtira kimi görünürdüsə, sonralar ictimai və milli məzmun aldı. Axı kommunizmdən çıxmış toplumun nəzərində dövlətin birinci şəxsinə onun həyat yoldaşı ilə birgə tandemdə yanaşmaq çox qəribə gələ bilərdi. Üstəlik, SSRİ-nin son rəhbərinin heç də uğurlu olmayan nümunəsi ortadaydı və kütlələrin şüurunda həmin ağrılar qalmışdı. İnamsızlıq və güvənsizlik zolağı çox tez yarıldı. Mehriban xanım Əliyeva özünün xəlqi missiyasını ilk gündən üzərinə elə götürdü ki, hətta heç bir xalq səsverməsi olmayan təsisat bir ilin içərisində real hüquqi səlahiyyət daşıyan dövlət orqanlarından önə keçdi. 

Doğrudur, birinci xanım institutu Qərb üsul-idarəsinin məhsuludur və Avropa dövlətlərinin həyatında uzun on illər boyu onun yaxşı funksionallandığının şahidi olmuşuq. Əslində ölkə rəhbərinin ailə üzvü olmaq rəsmi öhdəliklər yaratmasa da, axı müəyyən tələblər və gözləntilər üçün hər zaman diqqət mərkəzində olur. Fransadan başlayaraq Birləşmiş Ştatlara qədər qadının idarəçilikdə yerini tanıyan sistemlərdə isə tamam ayrı mənzərə yaşanmaqdadır. Ötən il amerikalılara 8 illik rəhbərliyini başa vuran Obama dönəmini xatırlatmaq yerinə düşərdi. Son ayların rəy sorğuları böyük ictimai nüfuz qazanmış xanım Obamanın hətta gələcək siyasi iddialara çox rahatlıqla baş vura biləcəyindən xəbər verirdi. Digər namizəd xanım Klintonsa qələbənin bir addımlığında idi. Halbuki onun həyat yoldaşının idarəçilik mirası heç də mənsub olduğu toplum tərəfindən birmənalı qarşılanmırdı.

Yaxud, Almaniyanı götürək - əsil avropalılara xas olan parlaq bir ledi uzun illər nəhəng dövlət sükanı arxasında olan bir simanı dünyaya təqdim edir. Angela Merkel artıq dördüncü dəfə baş nazirliyə-federal kanslerliyə iddiasını ortaya qoyur və Dəmir Bismarkdan sonra alman xalqı faşizmi arxada qoyaraq hazırkı gerçəklikdə xanım idarəçiliyini ən optimal model kimi qəbul edərək matriarxata üsyan etmir.

Azərbaycan cəmiyyətində ulu öndərin xanımını erkən çağlarda itirməsi, ondan əvvəlki dövlət rəhbərlərinin həyat yoldaşlarının milli miqyasda fəaliyyət aparmaması səbəbindən yalnız Mehriban xanımın timsalında biz bu fəaliyyətin şahidi olduq. Özlüyündə bəlkə də birinci şəxsin ailə üzvü olmaq müəyyən qədər məhdudlandırıcıdır, çünki nə qədər dövlət tədbirlərində yanaşı görünmək üstünlüyü varsa da, digər məsələlər hər şəxsin özündən asılıdır: yəni sən nə dərəcədə cəmiyyətin ağrılarına qatlaşa biləcəksən, malik olduğun sirləri daxilində daşımağı bacaracaqsan və nazik çiyinlərinə götürə biləcəyin yükün ağırlığına tab gətirə biləcəksən, mühüm dövlət məsələlərində, həssas problemlərdə birinci şəxsi tamamlayacaqsan, onun yaxın silahdaşına çevriləcəksən?

Yalnız bu yolla birinci xanıma çevrilmək mümkündür. Yəni o ad bir qadın obrazı ilə Azərbaycan cəmiyyətində ailə statusunu deyil, milli missiyasına görə öndə olmağı özündə ehtiva edir. Düşünürəm ki, Mehriban xanımın timsalında bu, çox uğurlu alındı. Açıq söyləmək lazımdır ki, insanların daxili aləminə baş vurmaq, onların arzularının mücəssəməsinə çevrilmək və dövlət başçısını bütövlükdə qəbul etməkdə əvəzsiz rol oynamaq heç də asan iş sayıla bilməz. Hakimiyyət sadə xalqın qəlbindən başlayır.

Xüsusilə də Azərbaycanın bəlli işğal reallığı, müharibə problemləri fonunda tələbkar insanlarımızın və himayəyə ehtiyacı olan vətəndaşların hamisinə çevrilmək fonunda hər zaman etimad ünvanı kimi qalmaq, dövlət başçısı ilə xalq arasında bir sevgi körpüsünə, əlçatanlığa, ümid və inam ünvanına dönməkdə tək bircə sirr var-həqiqi iş, fədakarlıq və həqiqi xalq sevgisi.

Əminliklə demək mümkündür ki, Mehriban xanım bir qadın lider olaraq Azərbaycanın həyatında çox uğurlu bir mövqe tutmağı bacardı. Ölkəsinin səfiri olmaq təkcə mühüm təşkilatların təmsilçiliyi deyil, millətin verdiyi ad və səlahiyyətdir. O, ölkəsinin 2-ci diplomatı olmağı bacardı. Heç bir rəsmi titullar bunu əvəz edə bilməz. 

Onun mədəniyyət diplomatiyası təkcə ölkə daxilində sənətə dəyər verməsi ilə bağlı deyil, onu xarici məkana çıxararaq Azərbaycanın tərəfdarlarını artırmaq, milyonların ürəyində yer qazanmaqla ölçülür. Məgər Qarabağ səngərində dava humanitar siyasətdən kənarda ola bilərmi? Əsla, xeyr! 

Birinci xanım olmaq həm də döyüşü humanitar müstəvidə düşmənə qarşı aparmaq bacarığı deməkdir. Əksini düşünənlər düşmən ölkənin hakimiyyət səhnəsinə baxsınlar.

Qadının hakimiyyət olimpinə yolu mənəvi taxt-tacı tutmadan qeyri-mümkündür.

Əslində, ölkə başçısı dünən Təhlükəsizlik Şurasında qərarını açıqlayarkən bu, Azərbaycan cəmiyyətində anlayışla qarşılanmaqla bərabər, gerçəkliyin rəsmiləşdirilməsi hadisəsi kimi qəbul olundu. Çünki Mehriban xanımı sadəcə həyat yoldaşı olaraq təqdim etməkdən söhbət getmirdi, bu, illərin zəhmətinə verilən qiymət idi və heç kəs onun qədər həmin titulu haqq etmirdi. Qazanılmış yerin gerçək tanıdılması baş verməli idi.

Burada ayrıca vurğulamağa dəyər ki, söhbət heç bir halda siyasi varislik, yaxud təhlükə situasiyalarına qarşı hazırlıq planından gedə bilməz. Axı İlham Əliyevin liderliyini, ən yüksək şəkildə, çevikliklə və böyük enerji ilə çalışan dövlət adamını əvəz etməkdən niyə söhbət getsin ki? 

Dünən ölkənin birinci şəxsi Mehriban xanımın həyatındakı yeni dövrdən bəhs etdi. Doğrudur, hazırkı dünyanın mənzərəsi fonunda deyilmiş ən doğru sözdür. Lakin söhbət həm də millətimizin taleyindən gedir. Orada da yeni mərhələyə keçid baş verməkdədir. Transformasiya fərqli iqtisadi-mədəni həyata keçid, ayrı idarəçilik prinsipləri deməkdir.

 Ən mühüm məsələ qərarın əleyhinə olan qüvvələrin istinad etdikləri müddəalar hüquqi, yaxud marginal xarakter daşıması deyil, daha çox yeni dövrün milli vəzifələrinə adekvat cavab verməkdədir. Məhz ona görə də sıravi insanların, milyonlarla vətəndaşın gözləntilərindən çıxış etmək gərəkdir. Axı özünü rəqib cinahda elan edən və illərdir ki, partiya monarxlarına və siyasi lordlara çevrilmiş başsız dəstələr belə, Mehriban xanımın milli miqyasda böyük fəaliyyətini inkar edə bilmir. Axı heç kəs bu mənada ona rəqib deyil və birinci xanıma opponentlik platformaları hələ qurulmayıb.

Prezidentlə çiyin-çiyinə addımlayan bir şəxsin hakimiyyətin xeyirxahlıq və nəciblik keyfiyyətlərini gücləndirməsini davam etdirməsi ədalət qurmaq istəyənlərin hamısı üçün gərəklidir. Xanım lider olmaq həm də ulu öndər Heydər Əliyevin irsini təmsil etmək deməkdir. Çünki bir ailədə mühüm qərarların müzakirəsini müşahidə etmək, emosiyaların hökmranlıq etdiyi şərq ailə modellərindən kənar daha böyük rakursa, qəlbə malik olmağı, soyuq qərarvermə səriştəsini avtomatik formalaşdırmış olur.

Deməli, Harvard və ya Kembricdəki dərsliyi deyil, böyük Heydər Əliyevin məktəbini keçmək istənilən adamın üstünlüyü sayıla bilər. Ona görə də fonda rəhbərlik əsil həqiqətdə Azərbaycan siyasi patriarxının bir xanım vasitəsilə ruhi istəklərinin gerçəkləşdirilməsi missiyasından başqa bir iş deyil. Məgər xeyirxahlıq etmək, əli məmur divarından qopmuş adamların yanında durmaq ilahi bir iş deyilmi? Bir dəfə Mehriban xanım özü bunu daha mükəmməl ifadə edərək söyləmişdi ki, dünyada hamıya qulaq asırıq, lakin yaxın qonşumuzun səsini eşitmirik!

Xanım lider böyük idarəçiliyə doğru...

Əslində, qlobal insanın yaxın köklərdən qopmasını göstərən ən yaxşı kəlamdır. Halbuki humanizmdən kənarda dövlət və cəmiyyət həyatını irəliyə aparmaq mümkün deyil. Zənnimcə, İlham Əliyevi hər zaman bir addım öndə tutmaq, dövlət başçısı kimi onun fəaliyyətini yalnız tamamlamaq, məlum sərhədi tanımaq, onu gözləmək Şeyx Şamil ucalığını yoğurmuş cəmiyyətlərin hər birisi üçün bir qadın böyüklüyü sayıla bilər.

İki şəxsin birliyi Azərbaycanda ailə institutunu nə qədər möhkəmləndirməyə xidmət edirsə, o biri tərəfdən də dövlət, millət üçün çalışmanın yaxşı nümunəsini daşlaşmış obraza çevirir. Bir sözlə, cəmiyyətin hazırkı dönəmində bu qərara, qadının hakimiyyət zirvəsində olması baxımından yanaşarkən, eyni zamanda, cəmiyyətin gözləntilərini də ayrıca vurğulamalıyıq.

Verilən mühüm qərarların insanlara çatması birinci diləkdir. Hər birimiz fərqindəyik ki, Mehriban xanıma ötən illər ərzində olan müraciətlər əgər hər hansı bir hökumət strukturuna olan çağırışlardan daha çox idisə, bunun səbəbləri vardı. Deməli, məmur obrazının cəmiyyətdə daha ədalətli və güvəncli bir iyerarxiya təmsilçisi kimi təqdimatına ehtiyac var. Əgər insanların adicə xidmətdən, davranışdan. ehtiramdan narazılıqları mövcuddursa, islahatların daha sürətlə aparılması istənilirsə, demək, bu təyinatın gələcək dönəm üçün Azərbaycan həyatına verəcəyi ciddi siyasi impulslar olacaq. 

Qadın liderliyi timsalında Azərbaycanda insanlar üzərində qazanılmış etimad vasitəsilə xeyirxahlığı mühüm idarəçilik alətinə çevirmək gərəkdir.

O biri yandan məmur fəaliyyətinin, bütün hakimiyyət qollarının cəmiyyət qarşısındakı hesabatlılığının ən yüksək səviyyəyə çatması çox önəmlidir. Dünən kimsə baş nazirinin verdiyi qərarı bloklaya bilirdisə, bunlara artıq yol verilməmlidir.

Bir sözlə, Mehriban xanım yalnız bir bölgənin təmsilçisi deyil, onu Azərbaycanın ən ucqar əyaləti də qəbul edir. Ona görə də millətimizin gözləntiləri fonunda bu addıma dəyər verərkən yeni siyasi dövrün başlandığı elan edənlər öz qənaətlərində haqlıdırlar.

Qadınlar sülh və humanizm mücəssəməsi olanda hakimiyyətdə olurlar!