"Tam üzən məzənnəyə keçidin mənfi fəsadlarından biri özünü göstərməkdədir. Söhbət spekulyasiyadan gedir. Artıq spekulyasiyanın nəticəsi olaraq dollar sünu sürətdə ucuzlaşdırılır. Banklar vəziyyətdə sui-istifadə edərək, alış qiymətini kəskin aşağı salıblar".
Mia.az xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev deyib.
Onun sözlərinə görə, rəsmi məzənnə 1 dollar üçün 1,82 manat olduğu halda, banklar alış qiymətini 10% ucuz - 1,65 manata endirilib:
"Satış isə ən çoxu 4% bahadır. Bankların satdığı dolların spredi (alış ilə satış arasındakı fərq) 3%-dən 15%-ə qədər dəyişir. Yəni ən az qazanan bank 3%, ən çox qazana bank isə 15% qazanır. Ortalama bankların gündəlik qazancı 7-9% arasında dəyişir.
Mərkəzi Bankın rəsmi məlumatına əsasən, ölkə üzrə gündəlik dollar alışı 7-8 milyon, satışı isə 8-10 milyon dollar arasında dəyişir. Bu göstərici illər üzrə dəyişir və 2014-2016-cı illərdə kəskin artıb. 2015-ci ildə özünün pik həddinə çatıb".
İqtisadçının sözlərinə görə, indiki spred əsasında bankların dövriyyəsini hesablasaq görərik ki, banklar gündəlik aşağı qiymətə aldığı 7-8 milyon dolları baha qiymətə satdıqda təxminən 500-700 min dollar arası qazanc əldə edirlər. Banklarda aldıqlarından əlavə 1-2 milyon dollar satırlar və qazanclarını daha da artırırlar:
"Göründüyü kimi, banklar aktiv spekulyasiyaya girişiblər. Cəmiyyət süni surətdə yaradılmış panika makroiqtisadi sabitlik üçün heç də yaxşı gələcək vəd etmir. Banklar ölkə iqtisadiyyatını kreditləşdirməli olduqları halda aktiv valyuta alqı-satqısına girişiblər və bu fəaliyyət ilə gündə ən azı 600-900 min dollar qazanırlar.
Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası isə prosesə müdaxilə etmək əvəzinə, müşahidə mövqeyi tutublar. Bunun zərbəsi isə əhaliyə və sahibkarlara dəyir. Sonda isə iqtisadiyyat itirir...".