Aqil ABBAS, Millət vəkili

Əvvəl hamının qorxacağı bir yer vardı, o da KQB idi. Hamı deyəndə bir az düz alınmır: yüksək vəzifədə olanlar, dövlət malını talayanlar, alverçilər, yasaq işlərlə məşğul olanlar. 

İndi day insanlar KQB-dən qorxmurlar, bir-birlərindən qorxurlar. Kəsəsi, hamı-hamıdan qorxur. Əmioğlusundan qorxur, dayıoğlusundan, iyirmi ildi çörək kəsdiyi dostundan, iş yoldaşından, avtobusda gedəndə yanındakından.

Hərənin cibində bir diktafon, sinəsində nişan kimi taxdığı kamera, telefonun diktafonu, telefonun videoçəkəni, əlində tutduğu qələm, barmağındakı üzük. Nə bilim, o qədər pəstaha çıxarıblar ki, sayıb qurtarmaq olur.

Daha insanlar səmimi danışmaqdan qorxurlar, zarafat etməkdən qorxurlar. Hətta ailə üzvləri ilə telefonla danışanda qorxur ki, hardasa dinləyən var. Restoranda çörək yeyəndə qorxur, hamamda çiməndə qorxur ki, kimsə onun yarıçılpaq şəklini çəkər, çimərliyə getməkdən də qorxur, bəzən hətta toyda oynamaqdan qorxur.

Bir sözlə, qorxa-qorxa yaşayırıq.Elə bil insanların başı üzərində bir kabus dolaşmaqdadı. Elə belə yox, elə belədi. İnsanların başı üstündə kabus dolaşır.

Hələ bir təzə məsələ də çıxıb ortaya. Ali məktəblərdə auditoriyalara kameralar qoyublar, hamını izləyirlər. O auditoriyada müəllim səmimi ola bilərmi? O auditoriyada tələbə tələbəliyin kefini çıxara bilərmi? O auditoriyada müəllimlə tələbə dost kimi söhbət edə bilərmi? Müəllim də robotdu artıq, tələbə də.

Bir də baxıb görürsən ki, bir məsum müəllimi, ya həkimi, ya da nə bilim bir avtobus sürücüsünü, gecə səhərədək yatmayıb asayişimizi qoruyan sıravi bir polis işçisini hansısa anda yaxaladılar, saytlar, sosial şəbəkələr partladı: müəllim uşağın qulağını çəkirmiş, filan məktəb direktorunun videosu var, filankəs nərdtaxta oynayanda zərə söyüb, polis kobudluq edib.

Deməli, polisə olunan kobudluğu, təhqiri, müqaviməti göstərmirlər, polis müqavimət göstərəni məcburi şəkildə şöbəyə aparanda partladı ey saytlar, sosial şəbəkələr. Hətta iş getdi çıxdı Avropa İnsan Haqlarına, orda da bir sürü bekar adamlar, him axtaranlar.

Hamı bir-birini videoyla, səs yazısıyla hədələyir. Məktəb direktoru müəllimini, müəllim məktəb direktorunu, qəzetəçi hər ikisin, bloqqerlər hamını.

Sovet vaxtı belə bir zarafat vardı ki, bir adama iki keqebeşnik düşürdü. İndi az qala bir adama dörd-beş belə keqebeşnik düşür. Artıq insanlar danışmaqdan qorxurlar. Dediyi sözü kontekstdən çıxart at ortalığa.

Hətta ABŞ-ın çiçəyi burnunda prezidenti, hələ kreslosuna oturmağa səkkiz gün var. CNN hətta onu da hədələdi ki, 2013-cü ildə Moskvada olanda rus qızlarıyla kef eləyib, videosu var. Amma Tramp da Trampdı, sözündən belə çıxdı ki, yaxşı eləmişəm.

Belə ürkək-ürkək hara gedib çıxacağıq, heç yeri-göyü yoxdan xəlq edən Tanrı da bilmir. O da qorxur, birdən Onun da bir videosunu tapıb çıxararlar. Necə ki, Onun göndərdiyi müqəddəs Kitabları təftiş eləyib Onu haqsız çıxarırlar. Və ona da mız qoyurlar ki, insanı Tanrı yaratmayıb, meymundan əmələ gəlib. Və bunu deyənlər elə təbii ki, meymundan əmələ gəlib də.

İçəri kimsə girdi, day arxasını yazmağa qorxdum.

adalet.az