Bu gün Bakı Apellyasiya Məhkəməsində ?Təzadlar? qəzetinin Nəsimi rayon Məhkəməsinin Mətbuat Şurasının xeyrinə çıxarılmış 30 mart 2010-cu il tarixli məhkəmə aidiyyəti barədə qərardadının ləğv edilməsi barədə şikayətinə baxıldı. Mətbuat Şurasının nümayəndəsi Ş.Əliyevin iştirak etdiyi prosesdə şikayətçi tərəfin vəkili Əlirza Həbilovun şikayəti əsaslandıran çıxışından, tərəflərin bəzi sual-sorğusundan sonra məhkəmə kollegiyası müşavirəyə getdi. Müşavirədən sonra hakim İsmayıl Vəliyevin sədrliyi ilə işə baxan məhkəmə kollegiyası Nəsimi rayon Məhkəməsinin 30 mart 2010-cu il tarixli məhkəmə aidiyyəti ilə bağlı çıxardığı qərardadının ləğv olunması barədə qərar çıxardı. ?Təzadlar? qəzetinin hüquqlarını müdafiə edən tanınmış vəkil Ə.Həbilov sona çatan məhkəmə prosesi barədə bunları dedi: Bakı Apellyasiya Məhkəməsinin qərarı bizim xeyrimizə çıxarılsa da, hesab edirəm ki, MPM-nin tələbinə tam əməl olunmamışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Nəsimi rayon Məhkəməsinin məhkəmə aidiyyəti barədə şikayətimizi rədd edən 30 mart 2010-cu il tarixli qərarı xeyrimizə ləğv edərkən belə, eyni zamanda mahiyyəti üzrə 30.03.2010-cu il tarixdə çıxarılmış qətnaməni də ləğv etməli idi. Əks təqdirdə, həmin qərardad iddiaçının, yəni ?Təzadlar? qəzetinin prosessual hüquqlarının tam təmini demək deyil. Bakı Apellyasiya Məhkəməsinin isə bu gün-26 may 2010-cu il tarixli qərardadından Ali Məhkəməyə şikayət verəcəyik ki, bunda da məqsədimiz həmin qərardada əlavə olaraq işin mahiyyətinə aid Nəsimi rayon Məhkəməsində çıxarılmış qanunsuz qətnamənin Ali Məhkəmədə ləğv olunmasına nail olunmaqdır.