Alqış HƏSƏNOĞLU

Problemlər var və müxtəlifdir.

Həll edə bilmədiyimiz, həllini gözləyən, bizi qəfildən yaxalayan problemlər...

Manat ucuzlaşdıqca həyat bahalaşır.

Yaşamaq çətinləşir.

Ağır iqtisadi şərtlər gərginlik və həyəcan doğura bilər.

Necə ki, doğurur...

Bu yerdə dahi olmağa gərək yox, sınaqdan çıxmış şablonlar mövcuddur:

Problemlərdən qurtulmaq üçün hər şeydən öncə onların təsnifatı verilməlidir.

Problemlərin dəqiq və ardıcıl siyahısı müəyyənləşmədən çözümü mümkünsüzdür.

İşlək mexanizm yaratmağın yolu müzakirələrdən keçir.

Açıq və birbaşa danışmaq lazım.

Və bu dialoq istisnasız olaraq sadə vətəndaşla aparılmalıdır.

Özü də könüllü "elçilərin” iştirakı olmadan.

Qəbul edilən qərarların həmən ardınca izahı gəlirsə azərbaycan vətəndaşı dövlətin qayğısını anlamaq və paylaşmaq iqtidarındadır.

Çevik şərh yoxdursa söz-söhbət dərhal böyüyür.

Naşı mütəxəssis, cildini dəyişmiş bürokrat, fürsətkeş yaltaq, dövlətlə vətəndaşın arasına girir.

Odun üstünə benzin əndərilir.

Sosial gərginlik narazılığa, narazılıq etiraza , etiraz imtinaya sürüklənir..

Tarif şurasının qiymət artımı ilə bağlı məlum qərarı birmənalı ictimai bəraət qazana bilmədi.

Çünki əsaslandırmalar inandırıcı deyildi .

Daha doğrusu, bu istiqamətdə elə bir xüsusi cəhd-filan göstərilmədi.

Bəlli bir qanunauyğunluq var:

Təbiətdəki boş yerlər-çala çuxurlar, dəlmə-deşiklər zir-zibillə, ictimai fikirdəki boş yerlər elə boş şeylərlə, cəfəngiyyatla doldurulur..

Bu dəfə də belə oldu.

Əndrabadi təkliflər səsləndirilir:

Ayağınızı yorğanınıza görə uzadın ..

Az tapırsan az ye, çox tapırsan çox ye, tapmırsan yemə .

Bu çox əla addımdır və s..

Nəticədə dövlət və güzəranı diferensiallaşdırılan vətəndaşın dialoqu baş tutmadı.

Anlaşma dövlət və vətəndaş həmrəyliyindən tarif, tərif və hərif müstəvisinə sıxışdırıldı.

Hazırda tarifin qərarına tərif yağdırıldığını görən sadə azərbaycanlı özünün hərif yerinə qoyulduğunu güman edir.

Mən qadağaların tərəfdarı deyiləm.

Hər kəs nədən, kimdən, hardan istəsə danışa bilər.

Ayaqla yorğanın əlaqəsi də açıq, hamıya mərhəm bir mövzudur.

Amma qabiliyyətlərin nisbəti nəzərdən qaçmamalı.

İstedadın, peşəkarın təqdimatında hətta çılpaq ayaqlar da şeiriyyət səviyyəsinə yüksəlir, estetikaya çevrilir.

Möhtəşəm misralar yaranır, nadir poeziya faktı qeydə alınır.
 
Aleksanrd Sergeyeviç Puşkində olduğu kimi:

Dostlar, Florananın isti yanağı,

Bir də Diananın döşü meyxoşdur.

Fəqət Terpsixorun çılpaq ayağı

Mənimçün onlardan daha da xoşdur...

Oxucu üçün özəl anlam kəsb etmir: çılpaq ayaqlar kimə -Terpsixora, Nataşaya, yoxsa Fatmanisəyə məxsusdur?.

Bədii kamillik belə dedi-qodulara varmaq üçün şans saxlamır.

Naşının, qrafamonun yanaşmasında isə yorğanın altından kənara sürüşən ayaqlar çox eybəcər görünür, ikrah hissi oyadır.

Mühüm iqtisadi-siyasi qərarlar yorğan döşək səviyyəsinə endirilir və heçə dönür...

Bu çox böyük və bağışlanılmaz bir ədalətsizlikdir.

Axı neçə illik, coxşaxəli fəaliyyət heçə hesablanmayıbdır...

Müasir tariximizin son 15 ilində heç bir dövrdə olmadığı qədər iri miqyaslı işlər görülüb.

Nəhəng layihələr həyata keçirilib.

Çəkilən zəhməti ayaqlamaq belə asan və rahatmı?

Nədən?...

Görülən böyük işlər böyük ictimai qarşılığını tapmır.

Görülən işlər ictimai fikrə transfer olunanda enerji itkisinə yol verilir.

Və şübhəsiz ki, belə itkilərin çəkisində "ayaq adamlarının” xüsusi payı danılmazdır.

Böyük həqarətdir.

Belə məsələlərdə ayaq yeri saxlamağın heç yeri yoxdur...

P.S. "Ayaq adamları" spesifik zümrədir. Bütün dövrlərdə onların xidmətindən istifadə edilib.

Əslində, sözün kökündə əyaq - piyalə sözü dayanır. Yəni şərab paylayan.

Keçmişdə məclislərə qulluq edir, şərab paylayırmışlar. Ancaq məclisdə əyləşmək, söhbətlərdə iştirak etmək, yuxarı başa keçmək ixtiyarları yoxmuş...

28-may.az