"Hökumət 1,2 milyon avro verib, xarici bir konsaltinq şirkətini ölkəmiz üçün "Yol Xəritəsi” yazmağa dəvət edib. Ortalığa ciddi bir sənəd çıxmayıb, o pullar da havayı gedib. Eybi yox, mən növbəti dəfə hökumətə pulsuz dərs keçməyə hazıram".
Mia.az xəbər verir ki, bu fikriləri iqtisadçı ekspert Natiq Cəfərli səsləndirib. Ekspert iqtisadiyyatda "Yol Xəritəsi”nin necə yazılmasını detalları ilə izah edib:
1) Əvvəlcə iqtisadiyyata diaqnoz qoyulur, problemlər təsbit edilir, həmin problemlər idarəetmə, struktur, hüquqi, institutsional bölmələrə ayrılır, 2) Problemlər təsbit edildikdən sonra, onları həlli yolları, həlli üçün zaman kəsimi və büdcəsi təsdiq edilir.
Ayrıca götürülmüş bir sahənin timsalında daha detallı izah edim.
Kənt Təsərrüfatı. Tutalım, hökumət bu sahədə yol xəritəsi, islahat planı hazırlamaq istəyir. Əvvəlcə problemlər təsbit olunur, sonra hər bir təsbit olunmuş problemin həlli yolu və bunun üçün nə qədər vəsait lazım olduğu hesablanır. Hesablamalar mütləq zaman sərhədləri çərçivəsində, hədəflərə çatmaqla olur: Məsələn, A problemi var, bunun həlli üçün 1,2,3,4,5 addım atılmalıdır, bu addımlar üçün 100 manat pul lazımdır. Amma mütləq ölçüləbilər zaman dilimi (Time management) olmalıdır, məsələn, 100 günə A probleminin həlli üçün atılacaq 1-ci addıma 20 manat lazımdır, 100 gündən sonra 1-ci problem tam həll olunacaq, 200 gündən sonra 2-ci problem, 300 gündən sonra 3-cü və s. yəni, mütləq həm zaman, həm vəsait sərhədi olmalı, hər "deadline”-dən sonra mütləq hesabat olmalı, hesabat ölçüləbilər səviyyədə problemin həllini göstərməlidir. Yol Xəritəsi, maksimum, 500 gün olmalı, hər 100 gündən sonra bütün sahələrdə eyni prosedur həyata keçirilməlidir.
İqtisadiyyatla paralel olaraq diaqnostika zamanı üzə çıxan idarəetmə, hüquq əngəlləri və problemləri də həll edilməlidir. Bu iqtisadiyyatdan da vacib məsələdir, paralellik olmasa, effektivlik də olmur.
Hə, ay hökumət, çox bəsit formada bu məsələni də pulsuz-parasız sizə izah etdim, daha nə edim? İqtisadiyyat Unversitetinin, çox demirəm, 3-cü kursunu əlaçı bitirmiş tələbələr belə, bunu anlamalıdır. Ümid edirəm ki, sizlər də anladınız.