Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaş müraciətlərinin obyektiv şəkildə araşdırılması və nəticələrinə əsasən qanunauyğun tədbirlər görülməsi istiqamətində işlər davam etdirilir.
Nazirlikdən Mia.az-a verilən məlumata görə, müraciətlərə əsasən cari ilin yanvar-oktyabr aylarında görülən tədbirlər nəticəsində Dövlət Əmək Müfəttişliyi Xidməti 787,3 min manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib. Həmin məbləğin 94,6%-i gecikdirilmiş əmək haqlarından, 3,2%-i işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardan, qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub.
Məlumata görə, yanvar-oktyabr aylarında qanunvericiliyin tələbləri pozulmaqla işdən azad edilmiş 20 nəfər vətəndaşın xidmət tərəfindən yenidən öz əvvəlki işlərinə bərpa olunması təmin edilib.
Xidmətin əməkdaşları vətəndaşların əmək hüquqularının təmin olunması, o cümlədən sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi, əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları ilə bağlı aidiyyəti işəgötürənlərə hüquqi izahatlar veriblər.