Yusif Bağırzadə: "AMiP-ə sədr olmaq iddiam yoxdur"
Azərbaycan Milli İstiqlal Partiyasına (AMİP) üzv olmaq üçün müraciət etmiş sabiq deputat Yusif Bağırzadənin Sosial İnformasiya Agentliyinə müsahibə verib.
[b]- Yusif müəllim, uzun müddət idi ki, aktiv siyasətdən kənarda idiniz. Haralarda idiniz? [/b]
- Bilirsiniz ki, mən Daşkənd Dövlət Universitetinin hüquq fakültəsini bitirmişəm və peşəkar hüquqçuyam. Uzun illər ədliyyə sistemində hüquqşünas kimi fəaliyyət göstərmişəm, hətta deputat olduğum dövrdə də Milli Məclisin hüquq komissiyasında sədr müavini olmuşam. MSK-da təmsil olunmağımda da hüquqşünas olmağımın rolu böyükdür. Aktiv siyasətdən kənar olduğum son bir neçə ildə də peşəkar olduğum sahədə fəaliyyət göstərmişəm. Özəl sektorda hüquqşünas olmuşam. Bununla belə, siyasətin üzündə olmasam da, tam kənarında da olmamışam. Mən ümumiyyətlə səbrli adamam və hesab edirəm ki, hər addımı öz vaxtında atmaq lazımdır. Vaxt da indidir. Necə deyərlər, gün bu gün olduğuna görə aktiv siyasətə dönmək qərarına gəldim. Artıq mətbuatdan xəbərdarsınız ki, öz siyasi fəaliyyətimi Milli İstiqlal Partiyasında davam etdirəcəm.
[b]- Əlbəttə, bu barədə suallarımız olacaq, lakin ondan öncə bilmək maraqlı olardı ki, hüquqşünaslıq fəaliyyəti ilə məşğul olan Yusif Bağırzadə siyasi səhnəni necə görürdü? Nələri müşahidə edirdiniz? [/b]
- Doğrusu, siyasi meydan çox süst görünürdü. Bəlkə də seçki dövrü olmadığına görə, partiyalarda passivlik müşahidə olunurdu. Onlara baxanda mətbuat və QHT-lər daha çox aktivlik edirdi. Ən çox təəssüfümə səbəb olan, siyasi partiyaların xalqla təmas xəttlərinin qırılması və durğunluq yaşamaları idi. Bu vəziyyətin heç şübhəsiz obyektiv və subyektiv səbəbləri var, ancaq reallıq belə idi. Ancaq ümid edirəm ki, seçkilər yaxınlaşdıqca bu vəziyyət aradan qalxacaq.
[b]- Azərbaycanda həm də elektoral depressiya mövcuddur və belə olan halda seçkilər Sizcə siyasi fəallığın yetərincə yüksəldə biləcəkmi?[/b]
- Parlament seçkilərində hər dairədən bir neçə iddiaçı yarışır və buna görə də siyasi ehtiraslar artır. Bitərəf adamların seçkidə qalib gəlməsi olduqca çətin məsələdir, siyasi mənsubiyyəti olan, arxasında siyası təşkilat dayanan adamın rəqabət imkanları daha geniş olur. Ona görə də mən belə fikirləşirəm ki, istənilən seçki siyasi aktivliyin artmasına təkan verir.
[b]- Bu amilin seçki ərəfəsində AMİP-ə üzv olmaq üçün müraciət etmıyinizə də təsiri olubmu?[/b]
- Desəm ki, təsiri olmayıb, əlbəttə düzgün səslənməzdi. AMİP ölkənin ilk qeydiyyatdan keçmiş partiyası olmaqla yanaşı, zəngin seçki təcrübəsinə malik siyasi təşkilatdır.
[b]- Amma gəlin etiraf edək ki, AMİP-in, yumşaq desək, heç də yaxşı vaxtları deyil... Bu cür ağır vəziyyətdə olan bir partiyanı seçmək qərarına necə gəldiniz? [/b]
- Təvazökarlıqdan uzaq olsa da deyim ki, mən həmişə tərbiyəli insan olmuşam. Etik prinsiplərə əməl etmək siyasətçi kimi mənim əsas qayəm olub. Mən ?Yeni Azərbaycan? partiyasının üzvü olmasam da, müstəqil deputat olmuşam, Milli Məclisdə vəzifə tutmuşam, müxalifətçilik eləmişəm, amma heç zaman ləyaqət çərçivəsindən kənara çıxmamışam. Milli İstiqlalçı olmağıma təsir göstərən ən başlıca faktor AMİP-in öz fəaliyyətində siyasi etika prinsiplərinə önəm verməsidir. Bu partiya öz siyasətində həmişə müstəqil olub, elan etdiyi prinsiplərdə ardıcıllıq nümayiş etdirib və siyasi əxlaqdan kənar olan mübarizə üsullarından istifadə etməyib.
[b]- AMİP-in seçməyinizdə Etibar Məmmədovla eyni zamanda parlament üzvü olmağınızın da rolu varmı? [/b]
- Bəli, biz eyni zamanda parlamentdə təmsil olunmuşuq və şəxsi münasibətlərimiz həmişə yaxşı olub. Nazim İmanovla, rəhmətlik Şadman Hüseynovla da normal münasibətlərimiz vardı. Əgər yadınızdadırsa, 1998-ci ildə mən ADP-yə keçəndə də öz çıxışımın mühim bir hissəsini AMİP-ə həsr etmişdim.
[b]- Bəs nəyə görə o zaman ADP-yə üzv oldunuz, AMİP-ə yox? [/b]
- Qismət...
[b]- Qismət, yoxsa aqibət?[/b]
- Qismət... Qismətdən qaçmaq olmaz. O zaman biz Akif Şahbazov, Mahir Əsədov, Şamil Yusifov, Zəminə Dünyamaliyevə ümumi bir qərar qəbul etdik. Ancaq əmin ola bilərsiniz ki, mən həmişə AMİP-ə simpatiya ilə yanaşmışam.
[b]- Bəs keçmiş silahdaşlarınızın, belə deyək, Sizinlə birlikdə ADP-yə üzv olanların necə AMİP-ə gəlməsi gözlənilirmi? Bu barədə hər hansı məsləhətləşmələr aparılıbmı?[/b]
- Doğrusu, heç bir məsləhətləşmə aparılmayıb. Ancaq şəxsi münasibətlərimiz yüksək səviyyədə qalır. Ehtiyac olsa, bu söhbəti gələcəkdə eləyə bilərik.
[b]- Mətbuatda belə bir ehtimal irəli sürüldü ki, Siz AMİP-ə sədr gəlirsiniz. Nə qədər əsaslı ehtimaldır? [/b]
- Partiya rəhbəri olmaq, özü də AMİP kimi bir partiyanın sədri olmaq əlbəttə ağır yükdür, ancaq böyük şərəfdir. Hər adama da qismət olmayan, qismət olmayacaq postdur. Üstəlik, Etibar Məmmədov kimi xarizmatik, populyar, bir sözlə, nəhəng siyasi liderdən sonra AMİP-in sədri olmaq asan məsələ deyil. Açıq biləsiniz ki, mənim sədr olmaq iddiam yoxdur. Amma partiyanın bundan sonrakı inkişafında yaxından iştirak etmək niyyətindəyəm.
[b]- Bir zamanlar AMİP-də çox məşhur isimlər vardı, amma indi partiyanın vitrini, demək olar ki, boşdur. AMİP-in dirçəlişini necə görürsünüz: təşkilatı əvvəlki şöhrətinə kənardan adamlar dəvət etməklə, yoxsa partiyanın içindən yeni isimlər üzə çıxarmaqla qaytarmaq olar?[/b]
- Qopmalar bütün partiyalardan olub. Belə götürsək, dirçəlməyə ehtiyacı olan müxalifət partiyası təkcə AMİP deyil. Siyasi partiyaların vətəndaş cəmiyyətində çəkisi azalandan sonra müxalif düşərgədə olan bir çox peşəkar adam öz şəxsi qayğılarının arxasınca düşdü və buna görə də heç kimi qınamaq lazım deyil. Sualınıza gəldikdə isə, mən belə düşünürəm ki, mövcud olan gücü mobilləşdirmək, həm partiyanın daxilində, həm ondan qıraqda olan gənc və savadlı kadrları, o cümlədən təcrübəli siyasətçiləri prosesə cəlb etmək, bütövlükdə isə, cəmiyyətdə siyasi partiyaların rolunun artmasına nail olmaq lazımdır.
[b]- Bəs AMİP-in seçkilərdə hansı şəkildə iştirak etməsini istərdiniz? Çünki bloklaşma ilə bağlı müzakirələrdə AMİP faktiki olaraq iştirak etmir.[/b]
- Xahiş edirəm nəzərə alın ki, mən hələ AMİP üzvlüyünə qəbul olunmamışam. Ona görə də AMİP-in seçki taktikası barədə danışmağım düz deyil. Amma bir müşahidəçi kimi fikrimi soruşsanız, deyə bilərəm ki, AMİP dəfələrlə bloklara qoşulmadan seçkilərdə iştirak edib və ciddi uğurlara imza atıb. Sözün açığı, hazırda digər siyasi partiyaların bloklaşma ilə bağlı apardığı müzakirələri mən bir qədər gecikmiş sayıram. Seçkilərdə birgə iştirak etmək istəyən partiyalar ən azı bir il öncə bir araya gəlməyi bacarmalıdır.
[b]- Əlbəttə, majoritar sistemin xarakteri elədir ki, bir partiyanın siyasi blok yaratmasından daha çox konkret dairədə nüfuzu olan şəxsi öz namizədinə çervirməsi daha faydalıdır. Bu mənada Sizin Gəncədən namizəd olacağınızı proqnozlaşdırmaq çətin deyil. Sadəcə, bilmək maraqlı olardı ki, öz namizədliyinizi hansı dairədən irəli sürəcəksiniz? [/b]
- Bir daha təkrar eləmək istəyirəm ki, mən AMİP-ə nə sədr olmağa gəlirəm, nə də deputat. Qoy bütün milli istiqlalçılar bilsin ki, mən AMİP-ə sıravi üzv kimi əziyyət çəkməyə, tər tökməyə, ən çətin işlərin arxasınca düşməyə gəlirəm. Mən işdən qorxan, yaxasını qırağa çəkən adamlardan deyiləm. Eyni zamanda, düşünürəm ki, Gəncədən hansı dairədən namizədliyimi versəm təqdirdə gəncəlilərin həm mənə, həm də AMİP-ə olan sevgisi qələbə qazanmağıma kömək olacaq.
[b]- Nəyə görə ötən dəfə deputat seçildiyiniz dairədən namizədliyinizi vermək istəmirsiniz? [/b]
- Məsələ ondadır ki, mənim əvvəllər seçildiyim dairənin sərhədləri və nömrəsi dəyişib.
DİGƏR XƏBƏRLƏR
2024-12-23 20:46
2024-12-23 17:36
2024-12-23 17:13
2024-12-23 16:19