1982-ci il
"Özündən böyüyə hörmət və ehtiram”. Bilmirəm indi necədir, amma sovet dövrünün yetirməsi olan biz oktyabryat, pioner və komsomolçular bu sözü orta məktəbdə demək olar ki, hər gün eşidirdik. Daha doğrusu müəllimlərimiz bizə öyüd-nəsihət verirdilər. Özündən böyüyə hörmət, yaşlılara yardım etmək, əlindən tutub yolu keçirmək, salam vermək, yol vermək, böyük gələndə ayağa durmaq. Hətta ədəb qaydalarını bizə başa salanda deyirdilər ki, salamı birinci vermək kiçiklərin borcudur, amma salamlaşmaq üçün birinci olaraq böyüyə əl uzatmaq ədəbsizlik sayılır. Bir atalar sözü də yadımdadır. Deyirdilər ki, böyüyə yol verməlisən, necə deyərlər "Yol böyüyün, su kiçiyin””.
Bütün bunlara əməl edirdik. Amma bununla yanaşı atamızdan, anamızdan, əmi-dayılarımızdan, bibi-xalalarımızdan, qonşularımızdan da bu qaydalara əməl edilməsinin şahidi olurduq. Onlar da bizim üçün bir nümunə idilər - özlərindən böyüklərə hörmətlə yanaşmaqda. Mən ədəbiyyata böyük maraq göstərirdim. Keçdiyimiz dərslər də, oxuduğumuz ədəbiyyatlar da bu xüsusiyyətləri aşılayırdı.
1982-ci ildə 10-cu sinifdə oxuyurdum. Böyük Azərbaycan klassiki Hüseyn Cavidi ilk dəfə onda tanıdım. Müəllimim Ramizə İsmayılovanın ədəbiyyat dərsində. Əzbərləməyə bir şeir də tapşırdı. Şeirin adı "Qız məktəbi” idi:
- Quzum, yavrum! Adın nədir?
- Gülbahar.
- Pəki, sənin anan, baban varmı?
- Var.
- Nasıl, zənginmidir baban?
- Əvət, zəngin, bəyzadə...
- Öylə isə, geydiyin geyim neçin böylə sadə? Yoxmu sənin incilərin, altun bilərziklərin? Söylə, yavrum! Heç sıxılma...
- Var, əfəndim, var... lakin
Müəlliməm hər gün söylər, onların yox qiyməti,
Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.
- Çox doğru söz... Bu dünyada sənin ən çox sevdiyin
Kimdir, quzum, söylərmisən?
- Ən çox sevdiyim ilkin
O Allah ki, yeri-göyü, insanları xəlq eylər.
- Sonra kimlər?
- Sonra onun göndərdiyi elçilər.
- Başqa sevdiklərin nasıl, yoxmu?
- Var...
- Kimdir onlar?
Anam, babam, müəlliməm, bir də bütün insanlar...
Şeiri bir nəfəsə əzbərlədim. Amma içində başa düşmədiyim, ömrümdə ilk dəfə eşitdiyim sözlər vardı. İnsanları, yeri-göyü xəlq edən kimdir? Yaxud onun göndərdiyi elçilər nə deməkdir? "Pəki”, ”nasıl”, "əvət”, "altun”, "yavrum” sözlərinin mənası nədir? Ramizə müəllimə bu sözlərin mənasını dar çərçivədə olsa da bizə anlatdı. Demə yarı osmanlı türkcəsində dialoq formalı bu şeir həm də biz sovet uşaqları üçün Gülbaharın dilindən deyilmiş növbəti, amma yeni bir tərbiyə forması idi. Şair Hüseyn Cavidlə ilk tanışlığım belə başladı.
Elə həmin il televizorda Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Azərbaycana gətirilməsi kadrları nümayiş etdirildi. Süjetdə Böyük Heydər Əliyev Böyük Hüseyn Cavidin tabutu önündə baş əyir, gül qoyurdu. Yanında da bəstəboy, qara kostyum geyinmiş, saçları təkəm-seyrək ağarmış, eynəkli bir qadın vardı. Respublikamızın rəhbəriylə yaşıd olardılar. Atamdan soruşdum ki, bu qadın kimdir? Cavab verdi ki, bəs Turan Caviddir. Hüseyn Cavidin qızıdır. O ailədən təkcə o qalıb. Turan Cavid mərasim boyu Heydər Əliyevin yanındaydı. Amma deyəsən yanlışlığa yol vermişdim. Əksinə. Demə, Heydər Əliyev onun yanında dayanıbmış. Yaşıd olmalarına baxmayaraq, Heydər Əliyevin ona bir böyük kimi hörmət və ehtiramı ekrandan aydın görsənirdi. Bu qənaətim hadisədən 14 il sonra – 1996-cı ildə bir daha təsdiq olundu. Daha doğrusu atam, şair Qabil başa saldı.
1996-cı il
Günlərin bir günü atam gəldi ki, "bəs sabah gedirik Naxçıvana. Prezident Heydər Əliyev Hüseyn Cavidin məqbərəsinin açılış mərasiminə gedən nümayəndə heyətinə mənim də adımı salıb”. Mərasim o vaxt çalışdığım AzTV-də geniş işıqlandırılırdı. Bakıdan Naxçıvana böyük nümayəndə heyəti getmişdi. Yazıçılar, bəstəkarlar, alimlər, rəssamlar, deputatlar, bir sözlə görkəmli ziyalılar. Amma bircə şey dəyişməmişdi. Kadrda əsas iki nəfər idi – Heydər Əliyev və Turan Cavid. Məqbərənin açılışını bir yerdə edir, Hüseyn Cavidin, Müşkünaz xanımın, Ərtoğrulun məzarlarını birgə ziyarət edirdilər. Tədbir iki gün çəkdi. Əlbəttə ki, atamın təəssüratları AzTV-də göstərilənlərdən daha çox idi.
Təntənəli mərasimin sonuncu günü prezidentin adından böyük ziyafət verilir. Atam, Anar və digər yazıçılar bir stola düşürlər. Atam Turan xanımı da bu stola dəvət edir və yanında əyləşdirir. Soyuq qış günü. Stolda da dadlı təamlar, işkilər.
Prezident Heydər Əliyev doğmalarının qəbirlərini ziyarətə getdiyindən ziyafətə gecikir. Etiketə məhəl qoymayan yaradıcı insanlar atam başda olmaqla ofisiantların etirazına məhəl qoymurlar, necə deyərlər prezident gəlməmiş süfrənin nizamını pozurlar. Atam arağı götürüb açır. Hamının badəsinə süzür. Ayağa durub ilk qədəhi Hüseyn Cavidin şərəfinə deyib, içirlər. Nimçəyə salat çəkirlər. Süfrədə çörək axtaranda görürlər ki, yoxdur. Atam ofisiantı çağırır. Ona deyir ki:
- Süfrəyə niyə çörək qoymamısınız? Çörək gətir.
- Deyiblər ki, hələ qoymayın.
- Niyə?
- Bilmirəm.
- Bəs kim bilir?
- Təşkilatçılar.
- Çağır onu bura.
Ofisiant gedib bir nəfəri çağırır. O da nəzakətlə:
- Qabil müəllim, prezident gələnəcən çörək vermirik ki, süfrənin düzümü pozulmasın.
Atam bu sözün qabağında söz demir. Amma günün yorğunluğu, aclıq güc gəlir. Özü də ki, bir qədəhdən sonra iştahları lap açılıbmış. Nə desin, nə deməsin – həmin adamı yenidən stola çağırır:
- Sən bizə deyə bilərsənmi ki, biz Naxçıvana niyə gəlmişik?
- Qabil müəllim, Cavidin yubileyinə, məğbərəsinin açılışına.
- Bəs bu qonaqlıq nə qonaqlıdır?
- Bu qonaqlıq Cavidin yubileyi şərəfinə verilən qonaqlıqdır.
- Bəs mənim yanımda oturan bu xanım kimdir?
- Hüseyn Cavidin qızıdır. Turan Cavid.
- Deməli bu qonaqlıq Turan xanımın dədəsinin qonaqlığıdır. Elə deyilmi?
- Bəli.
- Onda Turan xanım buyurur ki, süfrəyə çörək gətirsinlər.
Bu dəfə həmin adam atamın bu sözü qarşısında heç nə deyə bilmir. Ofisianta tapşırır ki, yalnız bu stola çörək verilsin. Çörək gəlir. Sağlıqlar bir-birini əvəz edir. Prezident Heydər Əliyev gələndə artıq yazıçıların kefləri yuxarı olur. Heydər Əliyev zala daxil olur. Stoluna çatanda birdən dayanır. Zala nəzər salır. Başlayır atamgil oturan stola tərəf addımlamağa. Turan xanıma yaxınlaşır. Qoluna girir. Yuxarı başa - öz stoluna apararaq yanında otuzdurur.
Tədbir başlanır. Bir azdan sağlıq üçün söz verilir atama:
- Heydər müəllim. Mən bu günlər ərzində gözəl bir şey müşahidə etdim. Bakıdan təyyarə ilə uçanda, Böyük Cavidin qızı Turan xanım prezident təyyarəsinin bu biri qolunda, mənim yanımda oturmuşdu. Siz özünüz şəxsən biz oturan tərəfə gəldiniz, onun qoluna girib təyyarənin özünüzə məxsus qanadına apardınız. Siz onun arxasıyca adam da göndərib dəvət edə bilərdiniz, Bu da böyüklük sayılardı. Amma özünüz gəldiniz. Bu gün də... yenə özünüz şəxsən gəldiniz, Turan xanımın qoluna girdiniz, öz oturduğunuz stola aparıb yanınızda otuzdurdunuz. Heydər müəllim, Siz Turan xanımın ayağına gəlmədiniz. Siz bu hərəkətinizlə Böyük Cavidin ayağına gəldiniz, Böyük Cavidə Böyük məhəhbbətinizi, övlad kimi ehtiramınızı bir daha nümayiş etdirdiniz. Hüseyn Cavidin Böyüklüyünü təsdiq etdiniz. Böyüklərə hörmət və ehtiram nümunəsi göstərdiniz.
O vaxtdan 18 il keçib. Artıq Turan Cavid də Hüseyn Cavid məqbərəsinin daimi sakininə çevrilib. Atası Hüseyn Cavidin, anası Müşkünaz xanımın, qardaşı Toğrulun yanındadır. Onları bu dünyada qovuşduran Heydər Əliyev də haqq dünyasındadır. Amma Ümummilli liderin özündən böyüyə, böyük insanlara, onların xatirələrinə böyük ehtiram, hörmət nümunəsi olan həyat dərsləri isə mənim kimi sıravi insanların qəlbində həmişə yaşayır.