Əziz həmvətənlərimiz.

Az öncə ölkə mediyasının diqqət mərkəzində olan AZAL haqda çox yazılar yazıldı, bilet qiymətlərinin tənzimlənməsi ilə əlaqəli dövlət başçımız İlham Əliyev cənabları xüsusi tapşırıqlar verdi və AZAL da çox çək-çevirdən sonra bilet qiymətlərinə az da olsa əl gəzdirdi. Biz də sadə vətəndaş olaraq bundan yararlanmaq məqsədi ilə may ayının 23-dən İspaniyanın Barselona şəhərinə açılmış təzə reysindən istifadə edərək avqustun 22-də Kataloniyanın paytaxtı olan Barselonaya yollandıq. Heydər Əliyev hava limanının özündən müştəbeh işçilərinin sıra ilə bütün xidmətlərindən böyük ALLAHdan səbr, hövsələ diləyə-diləyə axır ki, Airbus-320 təyyarəsində öz yerimizi tutduq.

Dop dolu olan təyyarə mavi səmaya milləndi. Az sonra sərnişinlərə təqdim olunan nahar hamıda ikrah hissi oyatdı. Yox! Bu AZALın qiymət endirimindən qabaq öz sərnişinlərinə verdiyi ləzzətli yemək deyildi. Arxaya və qarşıya boylanıb sərnişinlərin qarşılarındakı kiçik qablardakı yeməyin yeyilmədiyini, uşaqların öz analarından başqa yemək istəmələrinin şahidi olduq.

Bu, hələ harasıdır!!!

Az sonra bütün yer üzünün canlıları kimi sərnişinlərin də təbii ehtiyaclarını ödəmək istəyi ortaya çıxdı vəəəəəəəə-bəlli oldu ki, ekonom sinifdə uçan 250-dən çox adam təyyarənin arxasında olan 2 yox, 1 tualetə növbəyə dayanmalıdır. Səbəbini isə bort bələdçiləri tualetin birinin kanalizasiya sistemindəki nasazliğıyla əlaqələndirdi. Bəli! 250 sərnişinin 6(altı) saatlıq uçuş vaxtı tualet növbəsinə dayanması, mənə 90-cı illərdə yaşlı nəslin çox yaxşı xatırladığı mağaza növbələrini yada saldı.Neynək! Buna da dözərik!

Bu, hələ harasıdır!

Barselonanı gəzib dolaşıb, qohum-əqrəbaya, dost tanışa hədiyyələr alıb avqustun 29-u Bakıya dönmək üçün Barselona hava limanına gəldik. Uçuş saat 11-də baş tutmalı idi və biz də sovet dövründən qalma qaydaya görə 2 saat yox-hər ehtimala qarşı-3 saat öncə gəldik hava limanına. Avropa Birliyinə daxil olmayan ölkə vətəndaşı olduğumuzdan Barselonada etdiyimiz alış-verişin 21%- əlavə dəyər vergisi TAX FREE-ni almaqdan ötrü hər kəs səbirsizlənirdi. TAX FREE şöbəsinə yaxınlaşdıq, ordakı ispan məmur bizə zorla ingiliscə başa saldı ki, bizim biletlərimiz yalnız qeydiyyatdan keçdikdən sonra biz ona öz baqajımızla birlikdə yaxınlaşmalı, o, bizim TAX FREE sənədlərimizdə öz mübarək qolunu qoymalı, daha sonra isə digər bir bölmədə biz Barselonada etdiyimiz alış-verişin 21%-dəyər vergisini ala bilərik.Yenə qayıtdıq Bakı reysinin qeydiyyat köşkünə, saat artıq 9 idi və qeydiyyat başlamalı idi! Amma... Naməlum səbələrdən 25 dəqiqə Bakı sərnişinləri gözləməli oldu. Eybi yooooox, buna da dözərik! Adətən 2 qeydiyyat köşkü olur ki, bunlardan biri biznes klass, digəri isə ekonom klass sərnişinlər üçün nəzərdə tutulur. Bunların heç biri tablolarda göstərilmədiyindən sərnişinlərin hamısı hər 2 qeydiyyat köşkünə növbəyə dayanmışdı. Artıq saat 10-a qalırdı və yalnız bir neçə sərnişin qeydiyyatdan keçə bilmişdi. Nəzərə alaq ki, demək olar bütün sərnişinlərin TAX FREE sənədləri əsasında alış-veriş etdikləri pulun 21%-ini alması gərəkirdi və bu da ispan aeroport işçilərinin naməlum səbəbdən gecikdirilməsi ucbatından ləngidilirdi. 30 dəqiqədən sonra 2-ci köşkün biznes klass olması tabloda göstərilir və bura növbəyə dayanan sərnişinlər 1-ci köşkə keçməyə məcbur olunur. Vaxt isə gedirdi.

 Növbə axır ki, bizə çatdı. Urrrraaa! Amma, urra, yox-dəhşət başladı! Qeydiyyat zamanı sərnişinlərin baqajları qeyri-düzgün tərəzi səbəbli açılır, içindəki əşyalar boşaldılır və yenidən tərəziyə qoyulur. 24 kq baqajı olan sərnişin 50 yox,100 avro ödəməyə vadar olunurdu!!! İngilis dili bilməyən sərnişinlərin isə daha böyük problemləri yaranırdı. Axırda dözməyib qeydiyyatda həmvətənlərimizə qarşı son dərəcə kobud, aqressiv,bazar sayağı rəftar edən bu məmur qadına ingiliscə ”I am sorry, but where is the representative of AZAL?”(Bağışlayın, bəs AZALin nümayəndəsi hanı?) soruşduqda -"I am the representative of AZAL!”(AZALın nümayəndəsi mənəm)-deməsi hamını şoka salaraq son dərəcə heyrətləndirdi. Azərbaycan Hava Yollarının Barselonadakı nümayəndəsi ispan qadını idi. Bəlkə axtarsan, heç xəritədə Azərbaycanın harda olduğunu göstərə bilməyən, azərbaycanca heç "salam” sözünü belə bilməyən bu qadıncığaz azərbaycanlılara ispan sayağı toy tuturdu. Parisdə, Milanda, Berlində AZAL nümayəndəsi azərbaycanlı olduğu bir halda, nədənsə Barselonada bu bir yenilik olaraq ispan qadıncığazıyla əvəz olunur. Qəribədir! Əgər İspan hava yolları olan Veuiling Bakıya birbaşa reyslər açsaydı, onun rəsmi nümayəndəsi azərbaycanlı olardımı??? Əsla-YOX! Yəni bu boyda AZALın” perevozka” adlanan xidmətində ispan və ingilis dilini bilən bir işçi tapilmadımı, yoxsa AZALin o işçiyə verəcək maaşımı çatmır! Mübahisələr, anlaşılmazlıqlar və vaxt itgisi. Ən sonda isə 300 Bakı sərnişinin heç biri bu üzdəniraq ispan milliyətindən olan AZAL nümayəndəsi sayəsində öz TAX FREE pullarını ala bilməyərək, təyyarəni qaçırtmamaq üçün minik qapısına dogru var qüvvəsiylə qaçmalı olur. Çantasını yerlə sürüyən kim,ağlayan uşağını qucağına alıb qaçan kim, qan-tər içində pasportunu əlində bərk-bərk sıxıb özünü minik qapısına çatdirmaq üçün növbəyə dayanan insanlara az qala diz çökərək "nə olar bizi növbədən kənar buraxın, təyyarənin uçmağına sayılı dəqiqələr qaldı” deyən kim! Bəli! Bu biz idik, azərbaycanlılar!!! Bu da bizim AZALın biz azərbaycanlılara qarşı Barselonada göstərdiyi "QAYĞI,HÖRMƏT və DİQQƏT” idi...

Bu, hələ harasıdir!

Axır ki, hamı öz yerinə oturdu və 50 dəqiqə gecikmə ilə təyyarə havaya qalxdı. Az sonra sərnişinlərə paylanılan sərinləşdirici işkilər bizi təəcübləndirdi, belə ki, meyvə şirələrinin çox az sayda və az çeşiddə olması bizi yalnız adi su içməklə kifayətləndirməyə məcbur etdi. Nahar qənaətbəxş idi. AMMA! Adətən yemək dolu araba ekonom sinfin ön tərəfinə sürülərək arabanın hər iki tərəfində bort bələdçilərinin olmasıyla sərnişinlərə daha tez və operativ yemək paylanardı.İndi isə belə deyildi!Yeməyi yalnız bir bort bələdçi paylayırdi (yəqin AZAL bilet qiymətlərində "ENDIRIM” etdikdən sonra bort bələdçilərini də ixtisara salıb, necə deyərlər, qənaətə-qənaət) və əgər biznes klassdan kimsə onu çağırırdısa,o yemək arabasını sıra ortası adlanan koridorda buraxıb pərdənin o biri tərəfinə keçərək biznes klass sərnişininə xidmət göstərməyə çalışırdı, yəni, ekonom klass gözləyə bilər. Hər zaman isti bulkalar indi boyat idi. Neynək! Buna da dözdük!

Bu, hələ harasıdır!

Az sonra təyyarə bələdçisinin mikrafonla sərnişinlərə "Hörmətli sərnişinlər, təyyarənin sağ qanadıında yaranmış qəza” - ALLAH, həmin anda sərnişinlərin üzündəki ifadə və həyəcanı yalnız görmək lazım idi. Çox şükür ki, bort bələdçinin cümləsi ”təyyarənin sağ qanadında yaranmış qəza ucbatından təyyarənin su təchizatında problem yaranıb, buna görə üzr istəyirik”deməsi yaranmış həyəcan fırtınasına son qoydu. Eeeeh, biz azərbaycanlılarıq, susuz da keçinərik, buna da dözərik, təki mənzil başına salamat gedib çataq. Çərəz kimi paylanılan findıq isə artıq krekerlə əvəz olunmuşdu. Nə olar ki! Dünyanın sonu deyilki!

Əl-qərəz-çatdıq vətənə...

Dünən axşam qohum-əqrəba bizdə idi, səyahətimdən ağız dolusu danışırdım. Dedilər, qardaş, gəl elə Yeni ili qeyd etməyə gedək Barselonaya. Dedim neynək, gedək də! Ədəb-ərkanla açdıq AZALın saytını və iflic vəziyyətə düşdük!!!!!!! 

ALLAH, bu gün sentyabrın 4-ü, amma, artıq 2015-ci il dekabrın 26-sı şənbə gününə AZAL 451 manatlıq Bakı-Barselona biletini 754 manat edib. Belə çıxır ki, hətta 4 ay qabaq da AZAL-a bilet almaq istəsən, ucuz qiymətə bu mümkün deyil! Ortaya sual çıxır, bəs onda aylarla ölkə mediyasını zəbt etmiş AZAL-ın qiymət endirimi, internet və AZALın özəl saytındakı endirimli qiymət cədvəli kimin gözündən pərdə asır!!! Nə olar, AZAL, bizə qan uddurma! Axı biz azərbaycanlılar öz yerli hava yollarımızdan istifadə etmək istəyirik. Atalar yaxşı deyib - Bir ölümə çarə yoxdur! Yəqin ki,yeni ilə xarici səfərlərə Azərbaycan sərnişini yenə də Gürcüstan Hava Yolları və ya Ukrayna Hava Yollarından istifadə etməli olacaq.

Adımı yazmağa ehtiyac yoxdur. Niyəəəəəəəə?! Çünki 300 şahidim vardi 22 avqust Barselonaya, 29 avqust Barselonadan Bakıya dönüşdə. Uçuşun sonunda təyyarə Bakıya Heydər Əliyev hava limanına eniş edəndə bort bələdçi ənənəvi olaraq AZALın xidmətlərindən istifadə etdiyimizə görə mikrafonda bizə təşəkkür etdi.

AZAL, necə bilirsən, həmin anda biz sənə ürəyimizdə təşəkkür etdikmi???

Bax, bu ”TƏŞƏKKÜRÜ” isə mən artıq mənimlə birlikdə təyyarədə olan sərnişinlərin öhdəsinə buraxıram...

Amil Əsgərov,

Mia.az