İsmayıl İMANZADƏ,
Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri, şair-publisist
İllər öncəsi dünyaya göz açdığım Cəbrayıl rayonu saf havası-suyu, vəfalı-sədaqətli insanları və bənzərsiz təbiəti ilə hamını məftun edirdi. Kökləri-qaynaqları ilə uzaq minilliklərdən soraq verən bu ulu məkan,zəngin tarixi, qiymətli memarlıq abidələri, məhsuldar torpaqları, dağları-qayaları, əsrlərin dizlərini qatlayan çinarları ilə tanınırdı.
Doğulduqları gündən halallığa üzlərini söykəyən Cəbrayıl camaatının mərdliyi, qonaqpərvərliyi və zəhmətsevərliyi dillər əzbəriydi. Səksəninci illərin əvəllərindəqələmə aldığım, sonralar ayrı-ayrı zaman kəsimlərində yeni bəndlər əlavə etdiyim və işğaldan sonrakı dönəmlərdə rayonumuzun yetirməsi, akademik Tofiq Hacıyevin təbirincə desək, Cəbrayılın poetik xəritəsinə çevrilən "Tamaşa” adlı şeirim indiki günlərimizdə hələ əlçatmaz-ünyetməz olan o bənzərsiz məkanın sözlə ilmə-ilmə çəkilmiş portreti hesab olunur:
Bu torpağı qəribsəsən çıx yola,
Cəbrayılda çinarlarım qol-qola.
Tumasata yaranışdan bir qala,
Ağoğlanım, Diridağım tamaşa...
Cənnət timsallı Qarabağın dilbər guşələrindən olan Cəbrayılın aran hərarətli, dağ nəfəsli yaşayış məskənlərini bir-biriylə birləşdirən yollar Xan Arazdan, Xudafərin körpülərindən, Diridən, Lələdən tutmuş ta Ağoğlana, Tumasataya, Sirik meşələrinə, Tey, Ğorduba dağlarıınadək uzanırdı. "Ağyol”a, "Şiştəpə”ə, Balyand dağlarına qalxanda rayonun Arazboyu sıralanan yaşayış məskənləri bənzərsiz görüntüləri ilə adamı valeh edirdi. Yaz aylarında ucu-bucağı görünməyən Gəyən çölləri, Topcaq, Ceyran düzləri təbiətin əlləriylə toxunan al-əlvan ilməli yaşıl xalını xatırladırdı. Sayı-hesabı bilinməyən ayna bulaqların, dirilik suyuna bənzəyən kəhrizlərin əvəzi yox idi. Rayonun iri yaşayış məskənlərindən olan Böyük Mərcanlı, Soltanlı, Minbaşılı, Süleymanlı, Şahvəlli, Dağtumas, Quycaq, Hovuslu, Maralyan, Mehdili, Qaracallı... kəndlərinin adları dillər əzbəri idi. Dağların qoynuna sığınan Cəbrayıl şəhəri küçə-küçə şaxələnərək əsrarəngiz görünüşü ilə könülləri oxşayırdı. Cəbrayıllı elm-sənət adamlarının, səhiyyə, təhsil, mədəniyyət sahələrində çalışan say-seçmə ziyalıların yaxın-uzaq ellərdən soraqları gəlirdi...
Bədnam qonşularımız qanlı caynaqları ilə əzəli yurd yerlərimizi ələ keçirmək niyyətinə düşdükləri vaxtlarda,ərənlərimiz doğma torpaqlarımızı qorumaqnaminə döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərdilər. O qanlı-qadalı illərdə şəhidlik zirvəsinə ucalan Şikarın, Kazımın, Vüqarın, Mirələmin, Samirin (Tiqana)... adları qəhrəmqnlıq simvoluna çevrildi.Yurdumuzun yaxın-uzaq bölgələrindən gəlib cəbrayıllı ərənlərlə birlikdə döyüşlərə atılan igidlərin hünəri dillərdə gəzib dolaşdı. Həm qanlı döyüşlər zamanı, həm də rayonun işğala məruz qaldığı günlərdə Cəbrayılın qeyrətli ərənləri ilə birlikdə yüzlərlə insan düşmən gülləsinə tuş gəldi. Arazın qanlı sularında qərq olanların harayı ərşə qalxdı. Hacı Qaraman babanın müqəddəs ziyaratgahı, Dirili Qurbani, Aşıq Pəri, Mücrüm Kərim, Aşıq Surxay, Aşıq Humay, Aşıq Abdulla... və mərhum yazıçı Sabir Süleymanovun gor evləri sızlaya-sızlaya qaldı. Doğma el-obalarından perik düşən 60 minə yaxın həmyerlimiz müxtəlif bölgələrə səpələndilər...
O ağrı-acılı günlərdə ev-eşiyini, həyət-bacasını məcburən tərk edənlərdən biri də mən və ailə üzvlərim idi. Otuz ilə yaxın ədəbi yaradıcılığımın nişanələrini, əlyazmalarımı, ən başlıcası isə Cəbrayıl boyda dünyamı itirəndən sonra Mingəçevirə üz tutdum.
Məndən nidaran qalan dost-tanışlara, ədəbi ictimaiyyətə yerimi nişan vermək istəyi ilə qələmə aldığım "Bir şair yaşayır Mingəçevirdə” adlı bir şeirim müvəqqəti olaraq məskunlaşdığım ünvandan soraq verdi:
...Kürü Araz bilir, Bozdağı Diri,
Qalıb Cəbrayılda qibləsi, piri.
Sızlaya-sızlaya nə vaxtdan bəri
Bir şair yaşayır Mingəçevirdə...
Bizim Cəbrayıl camaatı mərd, əməksevər, istiqanlı və etibarlı-sədaqətli olduqlarından doğma yurddan perik düşdükləri son iyirmi iki il ərzində də öz halal zəhmətərinə güvənməklə ləyaqətlərini, abır-həyalarını qoruyub saxladılar. İllər uzunu yaxın-uzaq ellərdə namuslu-qeyrətli, duz-çörəkli, sadə-səmimi insanlar kimi tanınan həmyerlilərim vətənə gərəkli övladlar böyütdülər, oğul-qız toyu etdilər, təzə dost-tanış tapdılar özlərinə.Savadlı-qabiliyyətli cavanlarımız elm-sənət aləminə ayaq açdılar, idman yarışlarında hünər göstərdilər, üçrəngli bayrağımızı and-aman yeri bildilər. Ancaq bununla belə dünyadan yurd həsrəti ilə köçən doğmalarımız bir-birlərindən nigaran getdilər. Bəzi hallarda dostun-dosta, qohumun-qohuma əlləri çatmadı. Son nəfəslərində belə doğma yurd yerlərinin adlarını dillərinə gətirən minlərlə həmyerlirimiz qərib məzarlarda zülmətə qərq oldular...
İyirmi iki illik ayrılıqdan sonra belə bizim qəlbimizdəki yurd həsrətimiz elə əvvəllər olduğu qədər təzə-tərdir. Ağzı dualı ağsaqqal-ağbirçəklərimiz də, dünyaya qərib ellərdə göz açan övladlarımız da, "cəbrayıllıyam” deyibən qürur hissi keçirir, o ulu məkana qayıdacaqları günü intizarla gözləyirlər...
Məni yaxından-uzaqdan tanıyanlar bilirlər ki, Cəbrayıl eli, doğulduğum Böyük Mərcanlı oymagı, qibləm-səcdəgahımdır. İyirmi iki ildir ki, suya söylədiyim yuxularımın sonunda ulu Tanrıdan yurd vüsalı diləyirəm. Kürü Araza, Bozdağı Diriyə bənzətməklə özümə təsəlli verir, xan çinarlı Cəbrayılımıza yenidən qovuşmaq ümidiylə günləri-günlərə calayır, qələmə aldığım şeirlərimdə onun adını dönə-dönə əzizləyirəm.
İllər öncəsi qələmə aldığım və sonralar mərhum bəstəkar elqızımız Məlahət Həmidqızının mahnıya çevirdiyi, tanınmış cavan müğənniz Vüsal Zamanovun ilk dəfə ifa etdiyi bir şeirimdə dediyim kimi "Cəbrayılda qalan dünyam” yollarımıza göz dikib. İyirmi iki il əvvəl itirdiyimiz bu əsrarəngiz dünyaya qovuşmağa can atır, xəyallarımızda o cənnət timsallı məkana dönə-dönə baş çəkirik. İndiki günlərimizdə hər birimizin qəlbində dil açan "Cəbrayılda qalan dünya”mıza qovuşmaq arzumuz bizim közərən ümidlərimiz, yurd sevgimizdir. Bu müqəddəs istək mənim də varlığımın dan yerinə, qələmə aldığım misralarımın poetik işartısına çevrilib:
...Səni ovundurum qoy hələ sözlə,
Karvan geri dönər əzəlki izlə.
İsmayıl deyir ki, yolumu gözlə,
Qayıdıb qoynunda dinəsiyəm mən...
Ulu Tanrı cəmi şəhidlərimizə rəhmət eləsin! Cəbrayıla qayıtmaq istəyi ilə yurd-ağrı-acılarına sinə gərən həmyerlilərimə ən xoş arzularımla!