Zaur ƏHMƏD
Milli Mətbuatın 140 ili arxada qaldı. Xeyli dostumuz fəxri ad, medal aldı, bir çoxları haqqı olmaya-olmaya təltif edildi.
Haqqı olmayanların da müəyyən «xidmət»lərinə görə haqq elədiklərini əsaslandırmaq olar. Artıq bu barədə danışmağa dəyməz. Olan olub, keçən də keçib. Qatarın arxasınca baxmaq fikrim də yoxdur.
Amma bu 140 ilin tamamında keçirilən tədbirlər, təltiflər, hədiyyələr, qəbullar, şəkil çəkdirmələr Azərbaycan mediasının üzərindəki örpəyi qaldırdı. Bir vaxtlar media kapitanları adlandırılan şəxslərin necə sıradan çıxdığını, onların yerlərini mediadan xəbərsiz şəxslərin tutduğunu, qalanların isə necə aşındığını, zavallı günə düşdüyünü gördük. Kim kimin yanında dayanır, kim kimlə şəkil çəkdirir, kim medal alır, bunların hamısı öz işləridir. Allah bazar versin…
Tapdıq Abbasın Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinə ünvanladığı sərt statusdan sonra strateq.az, onun ardınca anspress.com saytı qalstuklu media kapitanları ilə bağlı tutarlı, kontr-arqumentli yazı dərc olundu. Normal cəmiyyətlərdə bu cür ittihamlar olur, tərəflər bir-birlərinə daha ağır ifadələrlə hücuma keçirlər, polemika mühiti yaranır. Bizdə isə bütün sahələrdə azad rəqabətə tamarzı qaldığımız üçün hələlik belə bir fikir mübadiləsi, söz savaşının şahidi olmuruq. Adətən bir tərəfdə başı boş, cibi dolu, o biri tərəfdə isə cibi boş, başı dolu olanlar bir-birlərinə daş atırlar, nəticədə isə böyük bir HEÇ. Mediadakı son «savaş»ı da bu qəbildən saymaq olar. Şəxsən mən, hər iki saytda yayımlanan yazı ilə tanış oldum və bir-iki xırda məqamı çıxmaq şərtiylə tamamilə razıyam. Mətbuat Şurası və rəhbərliyi deyilən fikirlərin hər birinə layiqdir, hələ artığını da demək olar.
Amma sonuncu təktərəfli savaş Mətbuat Şurasının sədri Əflatun Amaşovun və yandaşlarının nə qədər zavallı durumda olduğunu üzə çıxardı...
Diqqət edin, bu qalstuklu media kapitanlarına, Mətbuat Şurasına, konkret Əflatun Amaşova bu qədər ittiham ünvanlanır, arqumentlər tuşlanır, amma daşdan səs çıxır, onlardan yox… Düz sözə nə deyəcəklər axı?
İstedad, bacarıq, qabiliyyət, intellektual səviyyə, heç olmasa, orta səviyyəli yazmaq qabiliyyəti olmayandan sonra, susmaq ən yaxşı yoldur. Amma Mətbuat Şurası və yandaşlarının susması atalar misalındakı qızıl mahiyyəti daşımır haaa… «Susmaq qızıldır» deyiminin qalstuklu media kapitanlarına qətiyyən aidiyyatı yoxdur. Bu adamların danışmağı nəinki gümüş, heç aliminium da deyil. Mətbuat Şurasının müdiri ona ünvanlanan ittihamlara cavab olaraq, ortaya normal bir məqalə qoya bilmirsə, yazıq bu medianın gününə. Gör kimlərin ümidinə qalmışıq...
Bir haşiyə: Tapdıq Abbasın bir bomba kimi mətbuata hardan düşməsi, hələ də mənə, eləcə də çoxlarına, olduqca müəmmalı görünür. Bu adam nə vaxt yazdı, nə vaxt pozdu, nə vaxt media kapitanı oldu - bilmədim. Bir də ayıldım ki, adam gəlib qalstuklu media kapitanlarının arasındadır, Mətbuat Şurasında da başda oturur. Hətta iş o yerə çatır ki, ona-buna ahkam kəsir, yan-yörəsindəkiləri "üzdəniraq" adlandırıb, ifşa edir. Əslində, bu dövr ərzində Tapdıq Abbasın gördüyü ən böyük iş həmin o məşhur status idi. Adam bir statusla xeyli müddətdir ki, Mətbuat Şurası və yandaşlarına qarşı susanları oyatdı. Bu statusdan sonra yazılan ikicə yazı Əflatun Amaşovun müdiri olduğu Mətbuat Şurasını bitirdi; Necə çaşdılarsa, hələ də özlərinə gələ bilmirlər.
Hətta, Əflatun Amaşov özünə gələndən sonra ona ünvanlanan ittihamlara cavab vermək istəyib, ancaq... Axı, cavab vermək, yüz minlərlə qrant silmək qədər asan məsələ deyil.
Cavab vermək üçün özünəinam və ən əsası da tutarlı yazmaq, yazdığını və dediyini faktlara söykəmək lazımdır. O səbəbdən susdular. Susdular ki, bəlkə üzlərinə gülən, ancaq arxaları ilə 1000 şəbədə qoşanlar, bir sözlə, bütün müsabiqə və mükafatlarda önə çəkdikləri, mənzil sahibi etdikləri özlərində təpər tapacaqlar...
Ancaq bu da olmadı. Əksinə, çoxu arxada "hələ az yazıblar" dedilər...
Bəli, meydanda tək qaldılar. Hətta ən yaxın ətrafındakılardan belə səs çıxmadı. O kəslər ki, aralarında az-maz qələmi olanların başları da qrant silməyə qarışıb, yazı-pozunu unudublar.
Bu isə məlum həqiqəti bir daha təsdiqlədi: İstedadsız, bacarıqsız adamlar adətən ətrafına özü kimi, hətta özündən də aşağı səviyyəli olanları yığır ki, onların arasında parlaya bilsin. Elə ona görə Şura müdiri meydanda tək qaldı. Allah kimsəyə göstərməsin. Heç Azərbaycan mediasının «çiçəklənməsi»nə xidmət edən yoldaş Amaşovun da bu duruma düşməsini arzulamazdım.
Yoldaş Amaşov, o qədər «Əməkdar jurnalist», «Tərəqqi» medallı, «Ali media» mükafatlı jurnalistlərdən ibarət "kruq”un ola, iki yazının qarşısında susqun qalasan, düz-əməlli cavab verə bilməyəsən, bundan ağır durum olmamalıdır, məncə. Bunun adı nahaqqın haqq, şərin xeyir, zülmətin aydınlıq, cahilin kamil qarşısında məğlub olmasıdır. Zatən, gec də olsa, hər zaman axırda belə olub. Bu gün səlahiyyət sizdə ola bilər, amma dünyanın belə müvəqqəti olduğunu unutmayın…
Fərsiz "kruq”unuzla Sizə uğurlar…