İbrahim Rüstəmli, 
əməkdar jurnalist, ehtiyatda olan polkovnik-leytenant

Haqsızlığın bir bu qədər boy atdığı zamanda susmağın mümkünsüz olduğunu anlamaq, məncə, problemə çevrilməməlidi. Təhdidin, təzyiqin, terrorun, hətta təhqirin belə ilan kimi sakit-sakit evimizin içinədək süründüyü məkandayıq: Axı, biz yaxşı ev sahibiyik... 

Hər halda, Allaha inanırıq, amma nə Allahu-Əkbər deyib baş kəsənlərdən, nə də alçaq-ufacıq daxmalarda oturub hər şeyi xüdavəndi-aləmin ixtiyarına buraxan aldadılmış sadəlövh müsəlmanlardan deyilik. 

Əlbəttə, Tanrı sınaqlarına dözümlüyük; onları yüz verstdən tanıyırıq və bu sınaqların ən azı iradə, dözüm, əxlaq, mədəniyyət kimi insani cəhətlərlə cilalandığına əminik. Amma bu gün başkəndimizdə, min illərdi istisinə qızındığımız ocağımızda, Birinci Avropa oyunlarına əsl mənada sahiblik etdiyimiz evimizdə, nə Allah, nə də bəndə tanıyan Avropa "oyunlarına" düşmüşük! Bunun fərqindəyik! Onun da fərqindəyik ki, buqələmun kimi rəng verib rəng alan, hər fürsətdə sifətini dəyişənlərin məqsəd və məramını anlamaq olduqca çətindir. Amma həm Qərbin, həm də Avropanın bəzi aparıcı dövlətlərini (bundan sonra Qərbin və Avropanın - İ.R.) üstümüzə qaldıran, evimizin içinədək gətirib çıxaran hər nədisə, bunun nə Allaha, nə bəndəyə, nə əxlaqa, nə də mədəniyyətə dəxli yoxdur! Çünki onların ayaq izlərini dünya yaxşı tanıyır. Hər şey göz önündə deyilmi: Hara qədəm basıblarsa, hara əl uzadıblarsa, orada bir münaqişə ocağı qalanıb, qan su yerinə axıb. 

Diqqət! Viran qoyulan ölkələrin xarabalıqları, dinc insanların faciəsi artıq Qərbin və Avropanın "çörək ağacına" çevrilib. İndi bu ölkələrin şit-şit üzümüzə irişən siyasət "tanrıcıqları" və onların ölkə-ölkə, paytaxt-paytaxt, kənd-kənd, ev-ev sülənən çiyni heybəli "dərvişləri" Azərbaycanı hədəfə almaqla bizə həm də təhlükəli bir mesaj göndərirlər: "oyun"larımızın növbəti turu və təyinatı üçün fərqli bir meydana ehtiyacımız var... 

Bu təzyiqi, bu iddianı, bu "səlib yürüşünü" şərtləndirən ən əsas cəhət isə, onların, yəni siyasət "tanrıcıqları"nın və çiyni heybəli "dərvişlərin" tanımaza-bilməzə, qapımızı döymədən həyasızcasına evimizin içinə soxulmasıdır! Bu artıq milli təhlükəsizliyimizin təməl prinsiplərinə yönəlmiş və xüsusi plan əsasında hazırlanmış çox ciddi təhdiddir: milli təhlükəsizliyimizin dayanıqlı sütunlarına asta-asta endirilən külüng zərbələrinin səsi artıq aydın eşidilir. Amma bu dayanıqlığın nə vaxtadək davam gətirəcəyini proqnozlaşdırmaq daha geniş, daha məzmunlu, daha ixtisaslaşmış auiditoriyanın çiyninə düşür. Çünki o zərbələrin öz xarakterini dəyişəcəyinə heç kim zəmanət vermir. İndiki məqamda vaxtın azlığı isə imkanlarımızın məhdudluğunu şərtləndirir. O üzdən mənim və mənim kimi milyonlarla sadə adamların həm də ölkə başçısına müraciət etməkdən başqa çarəsi qalmır: Cənab prezident, bizim həyatımız çox ciddi kənar müdaxilələrlə izlənilir. Dünən vətəndaşları fərd-fərd dövlətdən qoparmağa çalışan güclər bu gün artıq öz çirkin planlarını ailə müstəvisində cızırlar. Bu planlar, hələ ki, ilk baxışdan "iynə ilə gor eşməyə" bənzəyir, çünki tarixin çarxını fərqli istiqamətdə hərəkətə gətirmək bütün hallarda həmişə çətin olub, amma onu dayandırmaq, inanın, ondan da çətindi; çünki insan iradəsi daxilində deyil; zamanın işidi! Bu, təqribən yeddi yaşlı uşağın böyük bir platinanı dağılmaqdan necə qurtarmasına bənzəyir: O uşaq platinanın ortasından asta-asta sızan suyu balaca barmağı ilə kəsir və bununla da, böyük bir fəlakətin qarşısını almış olur. Yəni, bu planlar, hələ ki, ilk baxışdan "iynə ilə gor eşməyə" bənzəsə də, vaxtında qarşısı alınmasa, böyük-böyük faciələrin lavasına çevriləcək; xoş günlərdə yanımızda olanlarla pis gündə arxamızda dayananlar arasındakı fərqi tanıdacaq! Çünki telekanalların reytinqini ölçən inhisarçı AGB qrupu kimi məqsədli şəkildə yaradılmış siyasətaltı təşkilatlar mədəniyyət, söz və vicdan azadlığı adı altında pərdələnə-pərdələnə nəinki dövlətimizi çox asanlıqla nüfuzdan salmağa cəhd göstərir, həm də biz insanların evinə soxulur, beyninə girir, milli düşüncəsinə müdaxilə edir, adımızdan danışır. 

Dünyaya sübut etmək istəyir ki, guya biz azərbaycanlılar Birinci Avropa oyunlarını hətta televiziya kanalları vasitəsilə izləməkdə belə maraqlı deyilik. Halbuki, "İdman Azərbaycan", "AzTV" və "İctimai TV” kimi telekanallar əsl peşəkarlıq nümunəsi göstərərək hər bir Azərbaycan vətəndaşı üçün əsl mübarizə meydanına çevrilib... 

Beləliklə, AGB qrupu kimi siyasətaltı təşkilatlar dünən ayrı-ayrı fərdlərin, bu gün isə ailələrin dünyagörüşünü proqramlaşdırmağa cəhd göstərir. Bu, həm də vətəndaşların robotlaşdırılması deməkdir. Bu davamlı və inadkar axındır. Davamlı və inadkar olduğu üçün güclüdür, təhlükəlidir. Savadı, dünyagörüşü olanlar vəziyyəti düzgün qiymətləndirir, amma cəmiyyətin əksəriyyət təşkil edən (bütün dünyada belədir - İ.R.) alt qatı güclə seziləcək müqavimətdən sonra bu davamlı və inadkar axının təsiri altına düşür. Bununla da, cəmiyyətin əksəriyyət təşkil edən alt qatı robota çevrilir. İdarəetmə pultu Qərbin və Avropanın əlində olan robota...