Zahid Oruc,
Milli Məclisin deputatı

Şəxsiyyətlərin taleyi arasında müxtəlif paralellər aparanlar Türkiyədə keçirilən son seçkilərlə İkinci Dünya müharibəsini yaşayan Fransadakı hadisələrin xeyli oxşar cəhətlərini tapa bilərlər.

Gəlin, həmin dövrə birgə qayıdaq: bütün Avropanı döyüş meydanına çevirən faşistlərə qarşı"müqavimət hərəkatı”nda birləşmiş fransız xalqının lideri Şarl de Qoll 1945-ci ildə müvəqqəti hökumətə başçılıq hüququ qazandıqdan sonra o vaxtkı parlamentin ziddiyyətləri içərisində yeganə düzgün yol saydığı prezident üsul-idarəsini bərqərar etmək üçün gərgin fəaliyyətə başlayır. 

Lakin konstitusiyanın dəyişdirilməsi yolunda həyata keçirilən tədbirləri kəskin etirazla qarşılayan kommunistlər və sosial-demokratlar səlahiyyətlərini əldən verməmək üçün Qollun başçılıq etdiyi hərəkata qarşı çıxırlar, generalı siyasi səhnədən kənarlaşdırmağa nail olurlar. 

Əlbəttə, məsələ təkcə hitlerizmlə əlində silah vuruşan şəxsi-hərbi sərkərdəni bir vaxtlar Sezarı linç edən kabinet senatorları kimi mühakiməyə qalxanların nə qədər haqlı olub-olmamasında deyil. Axı, qədim Romadan fərqli olaraq de Qolun qarşısına hakimiyyətin bölgüsü prinsipini qoyanlar canı dildən hamını inandırmağa çalışırdılar ki, Fransada tiraniyaya yol verməməyin yeganə çarəsi ənənəvi idarəçilik formasını qoruyub saxlamaqdır. Halbuki, o zamanlar metropoliya kimi mövcud olan Fransa Afrika qitəsinin böyük və zəngin ərazilərinə sahib idi və onun koloniyası altında inildəyən xalqların əsarət durumu mütəfəkkir Monteskyö nəzəriyyələri ilə heç cür izah oluna bilməzdi. Lakin tarixi ədaləti bərpa edən məzlum xalqlar hərbi səhnəyə çıxaraq bir qitənin azadlıq mübarizəsini uğurla başa çatdırdılar və beləliklə, müstəmləkəçiliyi həyata keçirən 4-cü hökumət süquta uğradı. Əlcəzairdə məğlub olan Fransanın siyasi həyatına təzədən qayıdan uzunboylu general dövlətinin başına prezident kimi keçərək ondan diktator düzəldənlərin hamısına qorxuların əbəs olduğunu, vahid liderlə xalqın parlamentar təmsilçiliyi arasında uğurlu bir balans yaratmaq məharətini ibrətamiz bir şəkildə sübuta yetirdi. Beləcə qolizm tarixin ayrılmaz hissəsinə çevrildi.

Müasir Türkiyənin liderinə-imperator və sultan adlandırılsa da, demokratik bir ölkəyə rəhbərlik edən güclü siyasi generala eyni aqibəti yaşamaq qismət olacaqmı?

Əslində, Ərdoğan çoxlarının gözləmədiyi 2002-ci ilin siyasi mübarizəsini qazananda həbsxana keçmişini adlamaq üçün qısa müddət sərf elədi, amma o, Türkiyəni uzun on illər boyu geri salan idarəçilik sistemini dəyişmədən irəli getməyin qeyri-mümkünlüyünü də yaxşı dərk edirdi. İndi çoxları tərəfindən qınanan təkbaşına hökuməti qurmaq fəlsəfəsi cəmi 34 faizlik bir səslə parlamentdə çoxluğu əldə etməkdən irəli gəlmirdi, həm də müasir Türkiyə rəhbərinin öz ölkəsinin yaxın tarixinə dair çıxardığı dərslərdən doğurdu. Qərbdə uğurla funksiyalanan "uzlaşma kültürü” burada sabit hökumətlər qurmağa imkan vermirdi. Ona görə də hərbçilərin 1980-ci il çevrilişindən sonra Cümhuriyyət ideyalarının ən qatı tərəfdarları belə köklü konstitusion dəyişiklərin zərurətini yaxşı dərk edirdilər. Lakin Adnan Menderesi hakimiyyətə gətirmiş qüvvələrin planlarına bunlar daxil deyildi.

Son 50 ildə Türkiyədəki qeyri-sabitliyin başlıca səbəblərindən birinə çevrilmiş koalision ortaqlıq modelini 21-ci əsrdə arxada qoymuş bir ölkənin hazırda yaşadıqları xalqın demokratik prinsiplərə və Atatürk ideallarına sədaqətindən irəli gəlmir. Tarixən respublika quruluşu üçün xarakterik olan prezidentlik institutunun simvolik təsisata çevrilməsindən və həmin postu tutan şəxslərin fəxri təqaüd yaşını Ağ Sarayda keçirməsindən millətin hansısa faydalar götürdüyünü demək çətindir.

Vaxtilə Süleyman Dəmirəl də baş nazirlikdən prezidentliyə getməli olmuşdu. Lakin onun üst-üstə 7 dəfə hökumətə rəhbərliyinin zaman müddəti 10 ili aşmadı. Burada, ”nədən” sualını vermək də tam yersiz olardı. Çünki cavab hər kəsə bəllidir - Türkiyəyə sırınmış Qərb üsul-idarəsi onun mental, ərazi və etnik-milli varlığı ilə uzlaşmadığından tam əks platformalarda duran qüvvələrdən normal işləyən hökumət formalaşdırmaq mümkün olmurdu.

İndi Ədalət və İnkişaf Partiyası onu ölkə birincisi edən seçkilərin həll etmədiyi intriqanı öz xeyrinə başa çatdırmalıdır. Ötən 12 ildə diplomatiya və siyasətin gücünü çoxlarına göstərmiş islam mötədilləri üçün bu o qədər də çətin olmayacaq. Çünki nə qədər məğlubiyyətdən və ölümcül yara almaqdan danışılsa da, faktiki olaraq 258 millət vəkilini inkar edən kənar bir iqtidar qurmaq real görünmür. Doğrudur, beyinlərdəki siyasi ehtiraslar hələ sönməyib, qarşılıqlı seçki ittihamları və şəxsi qırğınlıqlar qalmaqda davam edir. Amma bir azdan bağlanan qapıları açıb parlamentə, gerçək idarəetməyə, insanların problemlərini həll etməyə, məsuliyyət götürməyə və verilmiş vədləri yerinə yetirmək üçün hökumətdə yer tutmağa can atanda partiya başqanlarının verdiyi ötkəm bəyanatlar kölgədə qalacaq.

Hakimiyyətin bir əldə cəmləşməsinə qarşı olanların millətçilərə və kürdlərin partiyası adlandırılan HDP-yə səs verdiyini deyənlər nə qədər haqlıdırlar? Əslində tarixin məhək daşlarını yerindən oynadanlara edam kürsülərindən, mühacirətdən və maddi-mənəvi məhrumiyyətlərdən başqa aqibət yazılmayıb. Baxın, çarizmi devirən bolşevik liderini elə öz qurduğu qırmızı hakimiyyət "arzuolunmaz şəxs”ə çevrilmişdi. Yaxud, millətini istibdaddan qurtuluşa apardığı üçün Qandilər sülaləsinin boynuna hər zaman zəfər çələngi taxılmamış, onlara əbədi minnətdarlıq duyğusu göstərilməmişdi. Ona görə də mühafizəkar türk düşüncəsində və dövlət quruluşunda əsl inqilab etmiş AKP liderinin son 13 ildə açdığı böyük davalardan sonra da qazandığı 19 milyonluq səsi təkcə öz ölkəsində deyil, böyük müsəlman dünyasında bir çoxları üçün az qala imam səviyyəsində qəbul olunmaqda davam etməsi təkrarsız hadisədir və bu günəşin siyasi qüruba doğru getdiyini deyənlər hələ çox tələsirlər. Şərqdə və islam aləmində Fatihə surəsini təkcə ölülər üçün deyil, həm də dirilərin yolunda oxuyurlar.

Seçkilərin bir ayrı nəticələri üzərindən Türkiyəni gözləyən təhlükələri daha yaxşı dəyərləndirmək mümkündür. Əgər "cümhuriyyətçi”lər qalib gəlsəydilər, bu avtomatik olaraq hazırkı kursun tamamilə geri döndərilməsi demək olacaqdı. Ən azından son 12 ildə ÜDM-i 3 dəfə artmış və dünyanın 20 güclü iqtisadiyyatı klubuna  daxil olmuş bir ölkəni Kılıcdaroğlunun fərqli bir platforma ilə irəliyə aparması mümkün deyildi. Qibtə olunacaq sürətlə inkişaf edən yol sənayesi, texnoloji yeniləşmə və nəqliyyat sistemində həyata keçirilən qlobal layihələr ölkə vətəndaşının sosial durumunu köklü şəkildə dəyişməklə daxili düşmənləri hərəkətə gətirmişdi, eyni zamanda köhnə qitənin maraqları da bundan ziyan çəkməyə bilməzdi. Almaniyanın hava limanına alternativ olaraq qurulması planlanan yeni nəqliyyat mərkəzi bütün dünyada daşımaların əsas qovşağına çevrilmək ideyasıdır və onlarla iddialı layihəyə imza atmış bir hökumət üçün bunları reallaşdırmaq o qədər də çətin deyil. Üstəlik, regional hökmranlığı getdikcə artan bir dövlətin Osmanlı dönəminə qayıdışı barəsində xaricdə tirajlanan fikirlər də Türkiyənin yeni rolu və siyasi çəkisi ilə hesablaşmaq məcburiyyətinin göstəricisidir.

Bir vaxtlar Vaşinqtonun layihəsi kimi baxılan AKP iqtidarı uzun illər ərzində Yaxın Şərq, İran və Rusiya vektorunda tam müstəqil kursu ilə seçilirdi. NATO-nun müttəfiqi kimi tanınmasına baxmayaraq, ona Qərbin istənilən hərbi-siyasi planlarının müti icraçısı kimi yanaşmaq qeyri-mümkündür. Xüsusilə  ərəb dünyasında cərəyan edən son 5 ilin hadisələri və diktatura rejimlərinə son verilməsi fonunda türk siyasi modelinin Afrika qitəsində yayılma qorxusu açıq-aşkar duyulur. Rusiya ilə Qərbin savaşında da Türkiyə tam ayrı bir xətti izlədi. Çünki Avrasiyanın iki nəhəngi arasında nifaq salmaq istəyənlərin planı Türkiyəni Avropa Birliyinin qapısında daha 50 il gözlətmək, Moskvanı isə Vizantiyanın paytaxtı olmaq iddiasından çıxarıb idarə olunan vəziyyətə salmaq olub. Hətta Suriyada gedən ağır müharibə fonunda belə Putinlə Ərdoğanı üz-üzə qoyaraq iki iddialı ölkəni hərbi meydanda toqquşdurmaq xəyal olaraq qaldı.

Mötədil islamçıların gəlib bütün sivil quruluşlar və dünyəvi dövlət ideyası üzərindən xətt çəkəcəyi qorxusu da tamam yanlış çıxdı. Kim idi belə versiyaları yayanlar-ilk növbədə, Türkiyənin hərbi, millətçi və hizmətçi camesi içərisində yer alan və uzun illər ənənəvi siyasətdən fayda götürənlər. Məgər nümunə göstərilən Avropa ölkələrində silahlı qüvvələr dövlətin həyatında böhran yarananda hakimiyyəti götürmək səlahiyyətlərinə malikdirlərmi? Yoxsa, müasir Almaniyanın, yaxud Britaniyanın həyatında siz hərbçilərin partiya və hərəkatlara yerini göstərdiyini, inqilabi çevriliş etmək bir yana qalsın, buna konstitusion hüquqi əsaslarla yol verildiyinə şahidlik etmisiz?

Halbuki Qərb demokratiyalarında hətta müharibəni təkcə zabit və əsgərlərin öhdəsinə buraxmağın yolverilməz olduğunu təkrarlamağı çox sevirlər. Elə isə Ərdoğan generalları həbs etməklə 720 minlik ordunun gücünü harada sarsıdıb? Axı türk əsgərinin gücü təkcə 5-10 nəfərlik yüksək rütbəli rəhbərlərində deyil.

Ərdoğanın hizmətçilərlə savaşı isə gerçəkdən də təkcə "bir gəmidə iki kapitan olmaz” davası deyil. Məgər MHP-çiləri Türkiyənin təhsil dünyasını, maliyyə və bank sektorunu, həmçinin, İstanbulun,Ankaranın dini hücrələrindən deyil, Amerikanın oval kabinetlərindən idarə olunan hizmətçiləri narahat eləmir? İndi koalisiya üçün şərtlər irəli sürənlərin qarşısına bunları qoymaq təkcə bir partiyanın yox, bütün Türkiyənin mənafeyinə xidmət etmək demək olardı.

İslamçıların demokratiya ilə uzlaşa bilməyəcəyini deyənlərin son seçkiləri "demokratiyanın qələbəsi”adlandırması bir ayrı mənzərədir. Vaxtilə "Nyu York Times” qəzeti indi yəhudi rəhbərlərinin dilinin əzbəri olmuş sözləri dövriyyəyə buraxanda, AKP lideri onlara "həddinizi bilin” deyə, kəskin etiraz etmişdi."İkinci İran istəmədiklərini” dilə gətirənlərin durub okeanın o tayından Atatürk idealları uğrunda mübarizəyə qatılması əsl absurd teatrı adlandırıla bilər. Fətullah Güləni həzrət İsaya çevirib ətəyində namaz qılanların Türkiyə içində paralel hökumətin sıradan çıxarılmasını alqışlaması daha doğru olmazdımı? Əgər Almaniyada xristian deomkratlar dünya üçün qoxulu görünmürsə, AKP-nin demonlaşdırılmasının da heç bir anlamı yoxdur. Çünki din milləti inkar etmir, lakin əlinə Quran götürüb meydanlara çıxmaq pisdirsə, onda Amerika prezidentləri nədən İncillə başlayıb Qüdsdə niyyət divarına sap düyünləməklə böyük siyasi mübarizələrinə start verirlər?

Ərdoğanı kənar rəylərlə hesablaşmayan avtoritar idarəçilikdə ittiham edənlərin hamısı gedib HDP-yə səs veribsə, bu elə kürd açılımı proqramına dolayısı ilə xidmətə çevrilib. Bir hökumət sözçüsünün dediyi kimi, dağlardan gəlib demokratiya öyrənmək, PKK-nı silahlarını buraxmağa çağırmaq indi kürd millətçilərinin, onların parlamentdəki təmsilçilərinin bir nömrəli işi olacaq. Başqa yol dağlarda-dərələrdə gedən 35 illik müharibəni davam etdirmək, külli miqdarda büdcə vəsaitlərini, savaş gedən yararlı ərazilər üzərində dinc iqtisadi fəaliyyəti və ən başlıcası, türk oğullarını itirmək demək olardı. Hər halda dövləti zəiflədən və xarici təxribatın yeminə çevrilən bir milli-etnik savaşı silahla həll etmək AKP-yə qədərki iqtidarların heç birinə müyəssər olmayıb. Ona görə də HDP-yə qapıları bağlamaq deyil, onun gerçəkdən də ümumtürk siyasi qüvvəsinə çevrilməsi üçün üzərinə məsuliyyət götürməsinə çalışmaq lazımdır. Separatçıların parlamentə dolduğu və terrorçulara millət vəkilliyinin tanındığı haqda bəlli ittiham makinalarını bir kənara ataraq anlaşmanın və çözümün yollarını tapmaq gərəkdir. Xalq lazım olan məhz budur. Bütün seçkilər boyu türk bayrağına sarılmış kürdlərin uğur qazanandan sonra meydanlara Atatürklə yanaşı Öcalanı çıxarmalarına dözümlə yanaşmayanların hislərini başa düşmək o qədər çətin deyil. Çünki biri milli lider, digəri hörgüt başçısıdır. Lakin tarix heç zaman birxətli və birsifətli olmayıb: Rusiya çarları milli əyalətlərə rəhbər təyin edəndə, bolşeviklər fərqli bir cəmiyyət quranda, Amerika və koalisiya qüvvələri İraqda, Suriyada müharibə aparanda düşmənlərini belə öz ssenarilərinə qoşa biliblər. Öcalanı öldürmək onu bir xalqın separatçı mübarizəsinin simvoluna çevirmək demək olardı. Kürdlərin partiyasının üzərinə bütün millətin yükü düşdükcə onların vəzifələri muxtariyyətdən, mədəni hüquqlar uğrunda davadan çıxıb da daha böyük hədəflər uğrunda mübarizəyə çevriləcək. Güclü dövlətlər siyasi təşkilatlardan qorxmurlar. Hər halda Türkiyənin gələcək hökumətləri içərisində HDP-yə yer tanımayan partiyalar bəribaşdan parlamenti terrorla savaş meydanı elan etməklə növbəti savaşların anonsunu vermiş olurlar. Halbuki milli-etnik xəritəsi çox zəngin olan Qərb dövlətlərində hökumətdə yer alanlarına ari irqin daşıyıcısı kimi baxmazlar.

Ona görə də konstitusion islahatlar qarşısında olan Türkiyədə xalqın təkbaşına hakimiyyət vermədiyi heç bir partiyanın qapılarını başqasının üzünə bağlamağa ixtiyarı yoxdur. Məgər seçkilərə qatılanlar milli iradəni təmsil edərkən bir firqə marağına özlərini tabe etdirəcəklərini söyləmişdilərmi? Bir ölkəni hökumətsiz qoymağın məsuliyyəti indi uğur hekayələrindən bəhs edən liderlərin hamısının çiynindədir.

Yeni Türkiyəni keçmişə qaytarmaq istəyənlərin adları qarşıdakı günlərdə bəlli olacaq. Hər haldaKılıcdaroğlunun, Baxçelinin və Dəmirtaşın prezident sarayına getməsi özünəinamın ifadəsi olardı, nəinki təslimçilik aktı imzalamağa yollanan siyasətçilərin işi.

Ərdoğanı Britaniya monarxına çevirmək istəyənlər, yaxud onu səlahiyyətsiz yapon imperatoruna döndərməyə çalışanların xalqdan aldığı mesaj "uzlaşın”  çağırışıdır. Ona görə "hökmdar” dediyinizin ayağına getməyə məhkumsunuz!