Aytac müstəqillik dövründə dünyaya gəlmiş qızlarımızdan biridir. Əgər o, aprel ayının 26-da evdən qaçmasaydı, bu il 10-cu sinfi bitirən həmyaşıdlarından heç nə ilə fərqlənməyəcəkdi. Guya bizim hansımız 10-cu sinifdə oxuyanda öz sinif yoldaşlarımızdan fərqlənmişik?
Aytacın bu yazının qəhrəmanına çevrilməsinə səbəb zavallı anasının ötən bir həftədə dayanmadan göz yaşı axıtmasıdır. Xoşqədəm Hidayətqızı və peşəkar komandası 40 gün əvvəl yoxa çıxmış bu qızı tapmaq üçün yeddi-səkkiz gündür əlindən gələni edir. Aytacın izinə düşmək üçün Bakıdan Beyləqana kimi uzun bir məsafə qət olunub. Bəlkə də siz bu yazını oxumağa macal tapmamış Aytac tapılıb, doğma valideynlərinə təhvil veriləcək. Amma elə bu gün başqa bir Aytacın evdən qaçmayacağına heç kim təminat verə bilməz.
Azyaşlı qızların evdən qaçmasına səbəb nədir?
Sözsüz ki, əsas səbəblərdən biri valideyn-övlad münasibətinin düzgün qurulmamasıdır. Mən də o fikirdəyəm ki, valideynlər, xüsusilə analar yeniyetməlik dövrünü yaşayan qızları ilə dost ola bilmirlər. Təəssüf ki, buna bəzi anaların dünyagörüşü, bir qədər də açıq desək, qabiliyyəti çatmır. Amma onu da unutmamalıyıq ki, hamı alim, müəllim, psixoloq ola bilməz. Bəlkə azyaşlıları bu işə vadar edən əlverişli mühitdir?
Ötən həftə canlı efirdə olarkən bir neçə dəfə Aytacın Sabirabad rayonunun ərazisində olduğuna dair xəbər aldıq. Mən hüquqşünas olmasam da, bilirəm ki, KİV-də yayılan məlumat hüquqi müstəvidə araşdırma aparmaq üçün əsas sayıla bilər.
Bəs, Sabirabadın hüquq-mühafizə orqanları Aytacın tapılması üçün niyə hərəkətə keçmir? Bəlkə Sabirabadın icra başçısı, polis rəisi, prokuroru eyni vaxtda məzuniyyətə çıxıb? Doğrudanmı, Aytacı gizlətdiyi iddia olunan həmin o "düzgün yolda olmayan qadın”ı müəyyənləşdirmək bu qədər çətindir? Budurmu sizin peşəkarlığınız? Harda qaldı başqa vaxt dilinizdən düşməyən operativ-əməliyyat tədbirləriniz? Sadə taksi sürücüsünün, tumsatan qadının bildiyi həqiqətləri inkar etməkdə məqsdiniz nədir? Kimi aldadırsınız: özünüzü, yoxsa bizi?...
Hamımızın evində qız uşaqları böyüyür. Onların müstəqil həyata sağlam mühitdə qədəm basmaları üçün neqativ hallara qarşı birgə mübarizə aparmalıyıq. Əgər hansısa "gizli əllər” evdən qaçan qızları himayə etməsə, onlar iki-üç gün sonra səhvlərini başa düşüb, ata ocağına qayıdarlar. Azərbaycanda, xüsusilə Bakıda fəaliyyət göstərən massaj salonlarını, gecə barlarını, təyinatına uyğun işləməyən əyləncə mərkəzlərini diqqətdən kənarda qoymaq olmaz. Nə qədər ağır olsa da demək istəyirəm ki, heç birimizin övladı bu cür acı taledən sığortalanmayıb. Gəlin, balalarımızın xatirinə belə eybəcərliklərə göz yummayaq. Sonra gec ola bilər...