Çox keçmədən adı tələbələrimizin dilindən düşməyən İsa Yaşar Tezəl bəylə tanış olduq. İndi Azərbaycanın tanınmış iqtisadçılarından biri olan Nəsimi Hüseynov onu bizə belə təqdim etdi: "Yaşar bəy əslən azəri türküdür. İğdırda doğulub. İxtisasca jurnalistdir. Artıq bir neçə ildir ki, Azərbaycan Kültür Dərnəyinin İdarə Heyətinin üzvüdür. Nə probleminiz olsa, ona deyə bilərsiniz. Yaşar bəy Ankarada təhsil alan azərbaycanlı tələbələrin abisidir”.
Həmin vaxt Yaşar bəyin 36 yaşı vardı. Buna görə məni daha çox bir sual düşündürürdü: insan bu gənc yaşında necə bu qədər hörmət qazana bilib? Axı, onu təkcə Türkiyədə təhsil alan azərbaycanlı tələbələr sevmirdilər. Yaşar bəy həm də Türkiyədə fəaliyyət göstərən Azərbaycan icmasının ən hörmətli simalarından biri idi. Uzun illər böyük öndər Məmməd Əmin Rəsulzadə ilə çiyin-çiyinə mübarizə aparmış Məhəmməd Kəngərli, Cəmil Ünal, Əhməd Qaraca kimi məşhur simalar onu sevir, onun rəyinə xüsusi dəyər verirdilər. İsa Yaşar Tezəl bəyin Türkiyədə böyük nüfuz sahibi olmasının səbəbini çox keçmədən öyrənə bildik. Məlum oldu ki, Yaşar bəy əxlaqlı ziyalı, həqiqi vətənpərvər, dürüst türk aydını olduğu üçün insanlar onu sevir, hörmət edirlər. Zaman keçdikcə daha çox əmin olmağa başladıq ki, bizim Yaşar bəy böyük türk millətçisi, Azərbaycan sevdalısıdır.
Yeri gəldiyi üçün bir məqamı da qeyd etmək istəyirəm. İsa Yaşar Tezəl bəy Türkiyənin siyasi tarixində mühüm yer tutan Milliyyətçi Hərəkat Partiyasının (MHP) fəallarından biridir. O, gənclik illərini mərhum Türkeşin yanında keçirib, ondan siyasi tərbiyə alıb. Vətənə məhəbbəti, dosta sədaqəti, əqidəyə bağlılığı Alparslan Türkeşdən öyrəndiyi üçün tanıyanların hamısı onu bütöv şəxsiyyət sahibi kimi xarakterizə edirlər.
Hazırda Yaşar bəy siyasi karyerasının ən mühüm dövrlərindən birini yaşayır. O, MHP-nin İğdır vilayəti üzrə deputatlığa namizədidir. Yaşar bəy seçki marafonundan qalib ayrılmaq üçün gecə-gündüz çalışır. Namizəd olduğu vilayətin elə bir qəsəbəsi, elə bir kəndi yoxdur ki, Yaşar bəy oranı qarış-qarış gəzib, seçicilərə öz platformasını anlatmasın. Ötən ay İğdırda olanda yerli əhalinin İsa Yaşar Tezəl bəyə necə böyük məhəbbətlə yanaşdığını öz gözlərimlə gördüm. Bu, məndə namizədimizin qələbəsinə sonsuz inam hissi yaradır. Şübhə etmirəm ki, iyulun 7-də iğdırlılar İsa Yaşar Tezəl bəyə səs verib, onu Türkiyə Böyük Millət Məclisində özlərinin hüquqi, Azərbaycan xalqının isə mənəvi təmsilçisinə çevirəcəklər.
P.S. AKP, CXP və HADEP-in namizədlərinin siyahısında 3 erməni var. Həmin ermənilər təmsil etdikləri partiyaların ən güclü sosial bazaya malik olduqları bölgələrdən namizəd göstərildikləri üçün onların mandat qazanmaq şansları çox yüksəkdir. Amma əminəm ki, bizim Yaşar bəy nəinki 3, hətta 13 erməniyə də cavab verməyə qadirdir. Onun zəngin bioqrafiyası məhz bu cür düşünməyə əsas verir.