Hə, bizim yazıçı-şair-tərcüməçi tayfası daim xalqın ona hörmət, diqqət göstərməməsindən şikayətçi. Ayə, siz necə şair-yazıçı-tərcüməçisiniz ki, indiyədək bunun səbəbini anlamamısınız? Xalq bizə niyə diqqət göstərməlidir e, qağa? 


Bizim xalqın son dərəcə müdrik olduğunu təkrar etməyə, məncə, ehtiyac yoxdur. Bax həmin o müdrik nəzərləriylə sənə baxıb düşünür: "Bu adamın mənə nə xeyri dəyə bilər?" Və ha fikirləşir, ha baş sındırır, sənin haçansa bir sınıq barmağa zad eləməyini təsəvvürünə gətirmir. Nə toyuna gedib min manat salası döyülsən, nə uşağını əsgərlikdən saxladası döyülsən, nə oğlunu işə düzəldəsi deyilsən, nə polisə-zada düşəndə, "QAİ” saxlayanda zəng vurub xahiş edəsi deyilsən, nə də dükanın yoxdu ki, ona nisyə mal buraxasan... Yenə universitetlərin birində müəllimdən, professordan-zaddan olsaydın, bilərdi ki, uşağının sessiya imtahanlarına köməyin dəyər, onlara az-maz hörmət qoyurlar...
Fikir vermisinizsə, bizdə tanışılıq zamanı verilən ikinci sual "harada işləyirsən?"dir. Tanışılığın sonrakı gedişatı bundan çox asılıdır. Gərək deyəsən ki, gömrükdə, polisdə, medinstitutda, nə bilim, fövqəladədə... Adamın beynində səndən necə istifadə etməsiylə bağlı kosmik surətli proses gedəcək. Çox normal bir şeydir, çünki, bu dünyada hamı özünü düşünür, öz xeyrini güdür, buna görə, xalqı qınamaq da, üzr istəyirəm, abdallıqdır...


Guya ki, biz özümüz elə deyilik? Şair-yazıçı-tərcüməçi tayfasını deyirəm. Guya biz özümüz bir-birimizə çoxmu hörmət qoyuruq? Guya nələrisə yazan, nələrisə dilimizə çevirən adam bizə çoxmu dəyərlidir? Ondansa babat bir qonaqlıq verən, bizi öz "Prado”sunda Qəbələyə aparıb gəzdirən bir manıs qat-qat dəyərli deyilmi? Kitab yazıb, böyük iş görüb! O kitabın mənə nə xeyri var axı? Guya mənimçün yazıb o kitabı? Öz şan-şöhrəti, qonorarı üçün yazıb də...


İndi kimsə razılaşmayacaq. Amma sizi bilmirəm, mənə adaşım Nadir Qafarzadəyə qoyulan hörmətin mində biri qoyulmur. Mənim qətiyyən o adamı aşağılamaq niyyətim yoxdur. Oxumağı zövqümə uyğun olmasa da, iradəsini, inadkarlığını yüksək qiymətləndirirəm. Adam vaxtilə ofisiant olub, cərrahiyyə əməliyyatına girib, çənəsini kəsdirib, ağız-burnunu düzəltdirib, Flora Kərimova kimi böyük sənətkarla duet oxumağa nail olub. Özünü xalqa sevdirə bilib. Xalq da hörmətini saxlayır, onunla fəxr edir. Mən neyləmişəm?


Ona görə də, başımızı aşağı salıb yazımızı yazaq. Hörmət-mörmət olmayacaq. Hörmət istəyirdinizsə, gərək bunu vaxtında başa düşüb ayrı işlə məşğul olaydınız. Başqalını demirəm, öz yazıçı-şair tayfanız arasında hörmətli olmaq üçün heç olmasa vaxtında Yazıçılar İttifaqında babat bir vəzifə tutmağa çalışmalıydınız...