Avropa İttifaqı (Aİ) və İslandiya təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq haqqında saziş imzalayıb.

Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas "X" hesabında məlumat verib.

"Aİ və İslandiya yaxın dostlardır. Bizi ümumi təhlükəsizlik və ortaq problemlər birləşdirir. Bu gün Aİ ilə İslandiya arasında təhlükəsizlik və müdafiə sahəsində imzalanan tərəfdaşlıq sazişi münasibətlərimizi yeni səviyyəyə çıxarır", - o yazıb.

Bununla yanaşı, Kallas əlavə edib ki, bu saziş Aİ ölkələri və İrlandiya vətəndaşlarının təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən sahələrdə, o cümlədən dəniz təhlükəsizliyi, kritik əhəmiyyətli infrastrukturun qorunması kimi istiqamətlərdə əməkdaşlığı dərinləşdirəcək.

"Bu, həm Aİ, həm də İslandiyanın qələbəsidir", - o vurğulayıb.

Aİ-nin press-relizində qeyd olunub ki, təhlükəsizlik sahəsində hazırkı qeyri-sabit vəziyyət şəraitində Aİ ölkələri və İslandiya üçün bu mühüm mərhələ onların Avropa İqtisadi Məkanı haqqında Sazişə əsaslanan onsuz da dərin olan münasibətlərinə yeni təkan verir.

"Yeni tərəfdaşlıq regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsinin dərinləşdirilməsi və Ukraynaya dəstək, Arktika problemləri və dəniz təhlükəsizliyi, kibertəhlükəsizlik məsələləri, yeni və qabaqcıl texnologiyalar, iqtisadi təhlükəsizlik, eləcə də iqlim dəyişikliyi və təhlükəsizlik arasındakı qarşılıqlı əlaqə kimi sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi üçün əsas yaradır. Bu əməkdaşlıq məlumat mübadiləsinə kömək etmək, həmçinin koordinasiya və nəzarəti təmin etmək məqsədilə Təhlükəsizlik və Müdafiə məsələləri üzrə illik xüsusi dialoq da daxil olmaqla, bir sıra dialoq və məsləhətləşmə mexanizmləri ilə dəstəklənəcək", - bəyanatda qeyd olunub.