“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva BMT-nin Qadınların Statusu üzrə Komissiyasının Nyu-Yorkda keçirilən 70-ci sessiyasında iştirak edir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə tədbirə qatılan ictimai birliyin sədri dünyanın müxtəlif ölkələrini təmsil edən qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə bir sıra görüşlər keçirib, təşkil olunan müzakirələrdə yaxından iştirak edib.
Bu barədə QHT sədri özünün Facebook səhifəsində məlumat paylaşıb.
Şəhla Nağıyeva sessiya çərçivəsində keçirilən konfransda interaktiv dialoq zamanı “Qadınların səslərinin təşviqi: Mədəni ifadədən ədalətə doğru” mövzusunda çıxış edib. O, Azərbaycanın QHT sektorunun işi barədə ətraflı məlumat verib, vətəndaş cəmiyyətinin inkişafında qadınların rolu, mədəniyyət tədbirləri vasitəsilə qadınların ədalətə çıxışının təşviq olunması barədə danışıb.
QHT sədri həmçinin Azərbaycanın ucqar dağ kəndlərində yaşayan yaradıcı qadınlarının əsərlərinin xarici dillərə tərcüməsi və nəşri ilə bağlı rəhbərlik etdiyi təşkilatın gördüyü konkret işlər barədə məlumat verib, yaradıcı qadınların informasiyaya çıxışının üstünlüklərini vurğulayıb.
Qeyd etmək yerinə düşər ki, BMT-nin Qadınların Statusu üzrə Komissiyasının sessiyası qadın hüquqları və gender bərabərliyi sahəsində qlobal müzakirələrin aparıldığı ən mühüm beynəlxalq platformalardan biridir.