Tanınmış vəkil Turan Abdullazadə vəfat etmiş vətəndaşın adından pensiya alınması, qanunvericilikdə bu əməlin cəzası barədə suallara aydınlıq gətirib.
Mia.az-ın məlumatına görə, vəkil Pravda.az-a açıqlamasında deyib ki, bu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi (Dələduzluq) üzrə tövsif edilir.

T.Abdullazdə bildirib ki, ölən şəxsin adından pensiya alınması aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə dövlət vəsaitinin əldə olunması deməkdir:
“Əməlin hüquqi tövsifi belədir ki, şəxs vəfat etdikdən sonra bu faktın qəsdən gizlədilməsi və onun adından pensiya alınması aldatma yolu ilə dövlət vəsaitini əldə etmə və dövlət büdcəsinə ziyan vurma kimi qiymətləndirilir. Bu əməl Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluq tərkibi yaradır. Əməl bir neçə şəxs tərəfindən, məsələn, ölən şəxsin qohumları və ya vasitəçilər tərəfindən əvvəlcədən razılaşaraq edilərsə, bu artıq ağırlaşdırıcı hal hesab olunur. Cinayət məsuliyyətində ziyanın məbləği çox vacibdir. Qanunvericiliyə görə, 5000 manatdan yuxarı “xeyli miqdar”, 50 000 manatdan yuxarı “külli miqdar” hesab olunur. 10 000 manat isə “xeyli miqdar” sayılır. Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədilərsə, dörd min manatdan yeddi min manatadək miqdarda cərimə tətbiq edilir. Və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.