Əməkdar müəllim Səxavət Tağlar (Tağıyev) 37 il Mil- Muğan Regional Təhsil İdarəsinin İmişli rayon Təhsil Sektoru üzrə R. Məmmədov adına Əliqulular kənd tam orta ümumtəhsil məktəbində direktor işləyib. İkinci ildir ki, kollektivdən ayrılıb başqa təhsil müəssisəsində çalışır.
Səxavət müəllimin uzun illər rəhbərlik etdiyi məktəb həmişə uğurlu təhsil göstəriciləri, sağlam pedaqoji kollektiv ənənələri ilə fərqlənib.
İmişli rayonunun təhsil tarixində ali məktəbə qəbula görə ilk Prezident təqaüdünü də həmin məktəbin məzunu Vüsal Ağazadə 678 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında ADA- nın hüquq fakultəsinə daxil olaraq qazanmışdı. Belə ilkinliklər çoxdur. Elə Səxavət müəllimin özü də İmişli rayonu üzrə ilk Əməkdar müəllim fəxri adına layiq görülmüş məktəb direktorudur.
Uzun illər kollektivə rəhbərlik etmiş Əməkdar müəllim bu gün yenidən öz doğma kollektivinə dönüb. Birlikdə işlədikləri xanım müəllimlər şirniyyatlı çay süfrəsi arxasında 8 mart Beynəlxalq Qadınlar Bayramı Günü münasibətilə tər gül-çiçək dəstələri ilə təbrik olunub, iş- gücləri ilə maraqlanılıb. Bu addım hər bir məktəb işçisi və məktəbin xanım müəllimləri tərəfindən böyük razılıqla qarşılanıb.
Tədbirə gözəllik qatan bir də o olub ki, məktəbin 65 yaş həddinə görə təqaüddə olan xanım müəllimləri Sənubər Vəliyeva və Sücayət Kərimova da görüşə dəvət olunaraq təbrik olunub, arzu, istəkləri dinlənilib.
Sonda məktəbin direktor əvəzi Atamoğlan İmranov, tədbirdə iştirak edən qonşu Cəfərli kənd F. Rəhimov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Elyanə Kərimova, məktəbin məzunu, hazırda gənc pedaqoq Bəyim Şirinli, təqaüddə olan müəllimlər Sənubər Vəliyeva və Sücayət Kərimova, eyni zamanda digər tədbir iştirakçıları Əməkdar müəllim, Prezident mükafatlı Səxavət Tağların (Tağıyev) bu nəcib təşəbbüsünü bir nümunə, bir örnək kimi dəyərləndiriblər.
Rəhimə Məmmədova,
Uşaq Birliyinin rəhbəri
Mia.az