Qətər Dövləti İranın Azərbaycanın Naxçıvan hava limanına  hücumunu pisləyib.

Mia.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bildirilib ki, Qətər Dövləti qardaş Türkiyə Respublikasına ballistik raketlə zərbə endirmək cəhdi və Azərbaycan Respublikasında hava limanına İran PUA-larla endirilən zərbələri qətiyyətlə pisləyir: "Bu düşmənçilik hərəkətləri təhlükəli eskalasiya və dövlətlərin suverenliyinin kobud şəkildə pozulması, eləcə də regionun təhlükəsizliyi və sabitliyinə birbaşa təhdiddir. İran İslam Respublikasının yeni cəbhələr açmağa davam etməsi və qonşu ölkələrlə münasibətlərdə gərginliyi genişləndirməsi son dərəcə təhlükəlidir və regionun təhlükəsizliyini və sabitliyini pozan bu məsuliyyətsiz siyasəti dərhal dayandırmağa, mehriban qonşuluq və beynəlxalq hüquq prinsiplərinə riayət edərək region xalqlarının maraqlarını üstün tutmağa çağırır. Nazirlik Qətər Dövlətinin qardaş Türkiyə və Azərbaycanla tam həmrəyliyini, həmçinin onların öz suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün həyata keçirdikləri bütün tədbirlərə dəstəyini vurğulayır".

***

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana zərbə endirməsini, həmçinin Türkiyəyə PUA ilə hücum etmək cəhdini pisləyib.

"İki ölkəyə qarşı bu qorxaq cəhdlər, həmçinin İranın region dövlətlərinə qarşı təkrarlanan həyasız davranışı heç bir halda bəraət qazandırılması mümkün olmayan düşmənçilik kursunun sübutudur. Bu, həm də beynəlxalq qanunlara, normalara və mehriban qonşuluq prinsiplərinə açıq şəkildə ziddir və gərginliyin daha da artmasına gətirib çıxarır", - bəyanatda deyilir.

Səudiyyə Ərəbistanı Türkiyə və Azərbaycanla, onların hökumətləri və xalqları ilə tam həmrəyliyini ifadə edir, hər iki ölkənin öz təhlükəsizliyini, hava məkanını, ərazi bütövlüyünü və vətəndaşlarını qorumaq hüququnu təsdiqləyir. Həmçinin onların gərginliyin qarşısını almaq, regionda təhlükəsizliyi və sabitliyi qorumaq üçün göstərdikləri səyləri yüksək qiymətləndirir.