ABŞ və İsrailin hücumları nəticəsində İranın ali dini rəhbəri Əli Xamenei öldürülüb.

Mia.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Mlumatı ali dini liderin alə üzvləri də təsdiqləyib: "Xamenei şənbə günü səhərin erkən saatlarında, iş yerində şəhid olub".

İran hökuməti ölkənin ali dini rəhbəri Əli Xameneinin ölümü ilə əlaqədar 40 günlük ümummilli matəm və yeddi gün iş olmayacağı elan olunub.

Məlumatda o da deyilir ki, dini liderin ölümündən sonra İran Prezidenti Məsud Pezeşkian, məhkəmə hakimiyyətinin rəhbəri Qulam Hüseyn, Konstitusiyanın Keşikçiləri Şurasının adı açıqlanmayan üzvü keçid dövründə ölkəyə birgə rəhbərlik edəcəklər.

İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani isə deyib, tezliklə İranda müvəqqəti Rəhbərlik Şurası formalaşdırılacaq və yeni Rəhbər seçiləcək: "Konstitusiyaya uyğun olaraq, varis seçilənə qədər ali liderin vəzifələrini icra edəcək rəhbər şura müəyyənləşib".

***

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ali dini lider Əli Xameneinin öldürülməsi ilə bağlı geniş əməliyyatlara başlayır.

"Tasnim" xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında qeyd olunub.

"İran millətinin intiqam əli Xameneinin qatillərini ağır, qəti və peşmanedici şəkildə cəzalandırmaq üçün onların yaxasından əl çəkməyəcək", - məlumatda bildirilib.

Təşkilat ali dini liderin öldürülməsinin aşkar dini, əxlaqi, hüquqi və beynəlxalq normaların pozulması kimi dəyərləndirib.

İran hökuməti də Xameneinin ölümü ilə bağlı yaydığı bəyanatda cinayətkarların cəzasız qalmayacağını açıqlayıb: "İslam ümmətinin və dünya azadlıqsevərlərinin dəstəyi ilə bu böyük cinayətin icraçılarını və sifarişçilərini peşman edəcəyik". 

***

ABŞ ilə İsrailin hücumları nəticəsində İranda öldürülən yüksəkvəzifəli şəxslərin adları açıqlanıb.

Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Siyahıda İranın Ali rəhbəri Əli Xamenei, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Məhəmməd Pakpur, ali dini liderin müşaviri Əli Şamxani, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi və müdafiə naziri Əmir Nəsirzadənin adı var.

Qeyd olunur ki, həlak olan digər şəxslərin adları sonradan açıqlanacaq.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İranın silahlı qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib.

Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.