Pakistan və Əfqanıstan arasındakı aktiv döyüş günü-gündən genişlənir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq rəsmi İslamabad qonşu ölkəyə müharibə elan edib.

Bu barədə açıqlama verən Pakistanın informasiya naziri Attaullah Tarar son iki gündəki əməliyyatlarda Əfqanıstan tərəfindən 133 nəfərin öldüyünü və 200-dən çox insanın yaralandığını açıqlayıb: "Kabil, Paktiya və Qəndəharda bəzi hədəflər vurulub. İndiyə qədər ümumilikdə 27 mövqe məhv edilib, 9 post ələ keçirilib. İki korpus və üç briqada qərargahı da daxil olmaqla bir çox mövqe, eləcə də 80-dən çox nəqliyyat vasitəsi və texnika məhv olunub".

Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif isə bildirib ki, NATO qüvvələrinin geri çəkilməsindən sonra Əfqanıstanda sülhün bərqərar olacağı və Talibanın Əfqan xalqının maraqlarına və regionda sülhə diqqət yetirəcəyi gözlənilirdi: "Lakin Taliban Əfqanıstanı Hindistanın müstəmləkəsinə çevirib. Pakistan qonşu ölkəylə vəziyyəti normal saxlamaq üçün hər zaman diplomatiyadan yana oluub. Lakin artıq səbrimiz bitdi, tükəndi. İndi aramızda açıq müharibə var".

Pakistanın Daxili İşlər naziri Möhsün Nəqvi isə ilk olaraq Əfqanıstanın onlara hücum etdiyini deyib və bu hərəkəti pisləyib.

Əfqanıstanın sözçü müavini Həmdullah Fitrat cavab əməliyyatlarında 55 Pakistan əsgərinin öldürüldüyünü iddia edib.

***

Əfqanıstan Pakistanın müxtəlif bölgələrinə hava hücumları həyata keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Əfqanıstandakı Taliban rejimi məlumat yayıb.

Əfqanıstan Müdafiə Nazirliyindən isə bildirilib ki, hava qüvvələri yerli vaxtla saat 11:00-da Pakistanın müxtəlif ərazilərindəki hərbi obyekləri bombalayıb: "Bizim hava qüvvələrimiz Faysalabad yaxınlığındakı hərbi düşərgəni, Nouşeradakı ordu kazarmasını və Camrud və Abbottabad bölgələriki hərbi hədəfləri vurub. Qarşı tərəf böyük itkilər verib".

Məlumatda itkilər barədə konkret məlumat verilməyib.

Tahir Şəlvəli

MİA.AZ