Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 15 ünvanında yerləşən Azure Business Centre binasında icarəçi kimi fəaliyyət göstərən Veysəloğlu Şirkətlər Qrupunun baş ofisinin, eləcə də qrupa daxil olan “OBA” marketlər şəbəkəsi, “Araz” supermarketlər şəbəkəsi, “Rossmann” və “Decoliv” mağazalarının idarəetmə ofislərinin elektrik enerjisi kəsilib.
Hadisənin 20 fevral 2026-cı il tarixində saat 13:00-dan etibarən baş verdiyi bildirilir.
Məlumata görə, elektrik enerjisinin dayandırılması binanın mülkiyyətini idarə edən şirkət ilə “Azərişıq” ASC arasında mövcud olan və hazırda məhkəmədə baxılan borc mübahisəsi ilə əlaqələndirilir.
Əldə etdiyimiz məlumata əsasən, elektrik enerjisinin kəsilməsi Veysəloğlu Şirkətlər Qrupunun və ya onun tabeliyində fəaliyyət göstərən qurumların hər hansı borcu və ya öhdəliyi ilə bağlı deyil. Buna baxmayaraq, binaya verilən enerjinin tam dayandırılması nəticəsində baş ofisin və şirkətlərin idarəetmə ofislərinin fəaliyyəti ciddi şəkildə pozulub.
Bildirilir ki, həmin ofis respublika üzrə fəaliyyət göstərən minlərlə ticarət obyektinin operativ idarə olunması, logistika və təchizat zəncirinin koordinasiyası, maliyyə əməliyyatları, informasiya texnologiyaları sistemləri və insan resurslarının idarə edilməsi üçün mərkəzi funksiyanı yerinə yetirir. Elektrik enerjisinin olmaması səbəbindən data ötürülməsi, daxili koordinasiya, təhlükəsizlik və texniki dəstək sistemlərində məhdudiyyətlər yaranıb, əməliyyat və qərarvermə prosesləri ləngiyib.
Yaranmış vəziyyət nəticəsində maddi zərərin formalaşdığı bildirilir. Qeyd olunur ki, baş ofisin fəaliyyətinin dayanması davam edərsə, bu hal geniş pərakəndə ticarət şəbəkəsinin təchizat və idarəetmə mexanizmlərinə ciddi mənfi təsir göstərə, hətta mağazaların fəaliyyətinin dayanmasına gətirib çıxara bilər.
Məsələnin diqqətçəkən məqamlarından biri də odur ki, binanın mülkiyyətini idarə edən şirkətlə bağlı məhkəmə mübahisəsi fonunda icarəçi üçüncü tərəfin hüquqları nəzərə alınmadan elektrik enerjisinin kəsilməsi sahibkarlıq fəaliyyətinə müdaxilə kimi qiymətləndirilə bilər. Qeyd olunur ki, həmin binada digər ofislər də fəaliyyət göstərir, lakin elektrik enerjisinin dayandırılması yalnız Veysəloğlu Şirkətlər Qrupuna aid ofisləri əhatə edib.
Veysəloğlu Şirkətlər Qrupunun Mətbuat Xidməti direktoru Məhəmmədəli Qəribli sorğumuza cavabında baş ofisin elektrik təchizatının “Azərişıq” tərəfindən əsassız şəkildə dayandırıldığını təsdiqləyib.
Məsələ ilə bağlı “Azərişıq” ASC-yə sorğu ünvanlanıb/azinforum.az