"Karvan-Yevlax" klubu maraqlı ideyaya imza atmağa hazırlaşır.

Mia.az klubun icraçı direktoru Elvin Əjdərliyə istinadla xəbər verir ki, klubun azarkeşləri və Fanklub üçün yeni bazanın nəzdində rəngarəng arena hazırlanır.

Tikinti və bəzi quraşdırma işləri başa çatsa da, FanArenanın müxtəlif funksiyalara xidmət edəcək sahələrində iş davam edir. Mətbəx və digər sahələr üçün avadanlıqlar artıq alınıb. Yaxın vaxtlarda azarkeş zonasının fəaliyyətinə start veriləcək.

Yeri gəlmişkən, bəzi klublar indiyədək FanArena zona ideyasını həyata keçirib: “Qarabağ” və “Sabah” ev oyunları üçün stadionlarının ətrafında əyləncə zonaları təşkil edir və burada azarkeşlər müxtəlif oyunlarda iştirak edir. “Karvan-Yevlax” da bu sıraya qoşulub, amma daha maraqlı fəaliyyətləri əhatə edərək əvvəlkilərdən fərqlənəcək, zənnimizcə:

- “Karvan-Yevlax” klubunun yeni arena layihəsi yalnız idman infrastrukturu ilə məhdudlaşmır. Bu təşəbbüs daha geniş konsepsiyanı – azarkeş mədəniyyətinin inkişafını, futbol ictimaiyyətinin bir araya gəlməsini və sağlam kommunikasiya mühitinin formalaşdırılmasını hədəfləyir. Klub olaraq yaxın zamanda həm doğma azarkeşlərimiz, həm də Premyer Liqanın digər komandalarının tərəfdarları üçün ortaq kommunikasiya və şəbəkələşmə məkanı kimi fəaliyyət göstərəcək müasir “lounge” zonasını istifadəyə verməyi planlaşdırırıq. Bu məkan Azərbaycan futbol azarkeşlərinin ortaq görüş nöqtəsi kimi nəzərdə tutulub.

Lounge daxilində ölkə Premyer Liqasında çıxış edən bütün klubların formaları və atributları üçün xüsusi guşələr yaradılacaq. Bununla bağlı yaxın günlərdə rəsmi qaydada klublara müraciət ediləcək və hər bir komandanı təmsil edən forma və digər simvolik atributların sərgilənməsi təmin olunacaq. Məqsədimiz rəqabəti meydanda saxlamaq, tribunada isə qarşılıqlı hörmət və həmrəyliyi təşviq etməkdir.

- Region və dünya klublarından təşviq etmək istədiyiniz komandalar var?

- Var. Qardaş Türkiyə Respublikasının iki böyük klubu – “Qalatasaray” və “Fənərbaxça” azarkeşləri üçün də müasir standartlara cavab verən ayrıca otaqlar hazırlanıb. Bu addım ölkələrimiz arasında mövcud olan idman və mədəni bağların daha da möhkəmləndirilməsinə xidmət edir. İnanırıq ki, bu layihə həm Yevlax şəhəri, həm də ümumilikdə ölkə futbolu üçün yeni bir model olacaq. Məqsədimiz bütün azarkeşlərin bir araya gələrək həmrəy şəkildə istirahət edə biləcəyi, futbol ətrafında sağlam və sivil mühitdə ünsiyyət quracağı nümunəvi bir məkan formalaşdırmaqdı.

- İdeyanın maliyyə dəstəyinə klub rəhbərliyindən başqa sponsorluq edən var?

- Hazırda “Karvan-Yevlax” klubunun həyata keçirdiyi layihələrin əsas və faktiki yeganə maliyyə dəstəyi klubumuzun prezidenti, Şahmar Vəliyev tərəfindən təmin olunur. Şahmar müəllim Azərbaycan futbolunda nadir iş adamlarındandır ki, bu sahəyə yanaşması yalnız nəticə yönümlü deyil, strateji və uzunmüddətli inkişaf prinsiplərinə əsaslanır. O, illərdi, öz şəxsi imkanları hesabına futbola davamlı investisiyalar yatırır, xüsusilə region futbolunun gücləndirilməsi və müasir infrastrukturun qurulmasına xüsusi diqqət ayırır.

Biz yeni arena və “azarkeş lounge” konsepsiyası ilə bağlı geniş təqdimatla qarşıya çıxanda Şahmar müəllimin mövqeyi qəti və prinsipial oldu: layihə ən yüksək standartlara uyğun şəkildə həyata keçirilməlidi. Bu yanaşma klubumuzun gələcək inkişaf strategiyasının əsasını təşkil edir.

Eyni zamanda, stadion kompleksimizdə yeni, təbii ot örtüklü əsas meydançanın inşası nəzərdə tutulur. Layihə beynəlxalq standartlara cavab verən drenaj sistemi, müasir suvarma infrastrukturu və peşəkar oyun səthinin formalaşdırılmasını əhatə edir. Məqsədimiz həm əsas komandanın, həm də aşağı yaş qruplarının keyfiyyətli şəraitdə məşq və oyun keçirməsini təmin etməkdi. İnanırıq ki, bu infrastruktur layihələri “Karvan-Yevlax”ın uzunmüddətli inkişafına, regionda futbol mühitinin formalaşmasına və ümumilikdə Azərbaycan futbolunun dayanıqlı inkişafına real töhfə verəcək.

- Bu ideya Premyer liqada digər klublar tərəfindən də həyata keçirilir. Sizin özəlliyiniz nədi?

- Doğrudu, Premyer Liqada bir sıra klublar azarkeş zonaları, fan-şop və ya istirahət məkanları formatında müxtəlif təşəbbüslər həyata keçirir. Lakin bizim yanaşmamızın əsas fərqi bu ideyanın yalnız bir klubun azarkeşinə xidmət etməməsidi.

“Karvan-Yevlax”ın təqdim etdiyi konsepsiya rəqabət mühitindən kənarda, futbol mədəniyyətini birləşdirən platforma üzərində qurulub. Bizim lounge məkanı təkcə “Karvan-Yevlax” azarkeşləri üçün yox, bütün Premyer Liqa klublarının tərəfdarları üçün ortaq kommunikasiya və şəbəkələşmə mərkəzi kimi nəzərdə tutulur. Burada bütün klubların formalarının və atributlarının sərgilənməsi, hər klub üçün ayrıca guşənin yaradılması ideyası məhz bu birləşdirici fəlsəfənin göstəricisidi.

Digər önəmli məqam isə layihənin regionda – Yevlaxda həyata keçirilməsidi. Paytaxt mərkəzli yox, bölgədə belə bir modelin qurulması Azərbaycan futbolunun coğrafi balansı baxımından da əhəmiyyətlidir. Biz düşünürük ki, futbol mədəniyyəti yalnız böyük şəhərlərlə məhdudlaşmamalıdı. Bundan əlavə, qardaş Türkiyə klubları üçün ayrılmış xüsusi otaqlar layihəyə beynəlxalq və mədəni inteqrasiya elementi də əlavə edir. Bu, sadəcə azarkeş məkanı deyil, futbol diplomatiyası və azarkeş həmrəyliyi platformasıdı.

Qısası, bizim özəlliyimiz ideyanın miqyasında, birləşdirici fəlsəfəsində və regiondan başlayan yeni model təqdim etməyimizdədi. Məqsədimiz tribunada qarşıdurma yox, qarşılıqlı hörmət və futbol ətrafında sağlam mühit formalaşdırmaqdı.

- Layihənin ümumi dəyərini bilmək olar?

- Layihə mərhələli şəkildə həyata keçirildiyi üçün hazırda yekun və tam bağlanmış büdcə rəqəmini açıqlamaq düzgün olmazdı. Konsepsiya yalnız lounge məkanı ilə məhdudlaşmır, stadion kompleksində infrastrukturun yenilənməsi, təbii ot örtüklü yeni meydançanın inşası və əlavə texniki həllər də ümumi layihənin tərkib hissəsidi. Bu isə ümumi dəyərin mərhələlər üzrə formalaşmasına səbəb olur. Onu deyə bilərik ki, layihə ciddi maliyyə tutumuna malikdi və bütün xərclər klub rəhbərliyinin birbaşa dəstəyi ilə qarşılanır. Bizim üçün əsas prioritet rəqəmi səsləndirmək deyil, keyfiyyətli və uzunömürlü infrastruktur yaratmaqdı. Layihə tam yekunlaşdıqdan və bütün mərhələlər başa çatdıqdan sonra ictimaiyyətə daha detallı məlumat təqdim ediləcək.

- Dünya miqyasında məşhur klubların azarkeşləri bu fan arenada özünü necə hiss edəcək?

- Bizim yaratdığımız fan lounge stadion tribunası deyil, azarkeşlərin oyun öncəsi və sonrası, eləcə də oyun olmayan günlərdə də bir araya gələ biləcəyi müasir ünsiyyət və istirahət məkanıdı. Ona görə də dünya miqyasında məşhur klubların azarkeşləri burada özünü rəqabət mühitində deyil, rahat və sivil futbol atmosferində hiss edəcək.

Konsepsiya inklüzivlik üzərində qurulub. Müxtəlif klubların atributlarının sərgilənməsi, xüsusi guşələrin yaradılması və fərqli azarkeş qrupları üçün nəzərdə tutulan zonalar göstərir ki, bu məkan konkret bir klubun deyil, ümumilikdə futbol mədəniyyətinin platformasıdı.

Lounge zonasında insanlar oyunları birlikdə izləyəcək, futbol mövzusunda müzakirə aparacaq, sosiallaşacaq və asudə vaxtı keyfiyyətli keçirəcək. Rahat interyer, müasir texniki imkanlar və təhlükəsiz mühit hər bir azarkeşə hörmət və dəyər hissi verəcək.

Qısası, istər Avropa nəhənglərinin, istər region klublarının, istərsə də digər ölkələrin komandalarının azarkeşləri bu lounge-da özünü yad aparmayacaq, futbolu sevən böyük bir icmanın üzvü kimi hiss edəcək. Məqsədimiz də elə bundan ibarətdi -futbolu birləşdirici dəyərə çevirmək.

- Köhnə bazanın bərpası nə zaman yekunlaşacaq? Orada oyunların keçirilməsi nəzərdə tutulur?

- İlk növbədə onu qeyd edim ki, bizdə “köhnə” və “yeni” baza anlayışı yoxdur. Klubun bütün infrastruktur obyektləri bizim üçün eyni dərəcədə dəyərlidi və strateji planın tərkib hissəsidi. Əgər söhbət Kür sahilində yerləşən ilk bazadan gedirsə, hazırda həmin ərazi əsaslı təmir mərhələsindədir. Bildiyiniz kimi, bu məkan “Karvan–Yevlax”ın ilk dəfə meydana çıxdığı, klub tarixinin başlanğıc nöqtəsi olan bazadı. Ona görə də oranın bizim üçün yüksək mənəvi dəyəri və çox gözəl xatirəsi var. Hazırkı planımıza əsasən, Kür sahilindəki baza əsas komandanın oyun məkanı kimi deyil, uşaq və yeniyetmə futbolunun inkişafına yönəlmiş mərkəz kimi formalaşdırılacaq. Orada meydançanın ot örtüyünün yenidən qurulması və məşq şəraitinin yaxşılaşdırılması istiqamətində konkret addımlar atılır ki, akademiya komandalarımız gələcəkdə məşqlərini daha komfortlu və keyfiyyətli şəraitdə keçə bilsin.

Ümumilikdə, “Karvan-Yevlax”ın hazırda 2 bazası və 3 meydançası mövcuddu. Hazırda istifadə etdiyimiz süni örtüklü əsas məşq meydançası, Stadion kompleksimizdə yerləşən və yaxın zamanda yenidən inşa ediləcək təbii ot örtüklü meydança bir çox klubların istifadə etdiyi səviyyədən geri qalmır, lakin biz daha yüksək standartı hədəfləyirik. Kür sahilində yerləşən baza və oradakı meydança isə əsasən uşaq futbolunun inkişafı üçün nəzərdə tutulur.

Zülfiyyə Mustafayeva

Mia.az

Yevlax