Kəbutər Hakverdi,

Xüsusi olaraq Mia.az üçün

***

1990-cı illərdə başlayan Qarabağ işğalı Azərbaycan xalqının yaddaşında təkcə hərbi məğlubiyyət kimi deyil, dərin kollektiv travma kimi qaldı: Məcburi köçkünlük və yurd itkisi, torpaq anlayışı nostalji və həsrətə dönərək.

1992-ci il Xocalı faciəsi isə kollektiv şok yaşatdı. Qorxu, güvənsizlik və dərin ədalətsizlik hissi cəmiyyətin psixologiyasına hopdu. Bu hadisə milli yaddaşda açıq yara kimi yaşadı. Minllərlə şəhid verən xalq yas mədəniyyəti uzun illər davam edən “yarımçıq vida” hissi ilə yaşadı. Milli özünəinam böhranı ilk mərhələdə torpaq itkisi, dövlətçilik və ordu ilə bağlı inamı sarsıtdı. “Niyə itirdik?” sualı cəmiyyətin içində sükuta bürünmüş ağır bir yük kimi qaldı. Nəsillərarası psixoloji mirasa çevrilən müharibə hekayələri ilə böyüdü sonrakı nəsil.

Ədəbiyyatın dili ilə söylərsək, Qarabağ işğalı Azərbaycan xalqının yaddaşında yarımçıq qalan bir ev qapısı kimi idi - açarı cibdə, amma qapı uzaqda.

Bütün bu tarix boyu ədəbi elita susdu. Anar, Elşin (“Bayraqdar”istisna), Çingiz Abdullayev, Rafael Hüseyinov, Sabir Rüstəmxanlı, Vaqif Səmədoğlu, Ramiz Rövşen, Kamal Abdulla, Afaq Məsud .... susdu…

Ədəbiyyatın susqunluğunda bütün bir xalqın travmaları gizlənmişdi… Susdular. Çünki susmaq da mövqedir. Və bu mövqenin adı tarixi laqeydlikdir. Gələcək nəsil bu dövrə baxanda soruşacaq: “Bu qədər insanın həyatı dağıldığı halda, niyə biz yalnız şüarlar oxuduq?” Bu sualın cavabı çətin amma sadədir: çünki yazmaq cəsarət tələb edirdi -və ədəbi elita o cəsarəti göstərə bilmədi. Bu susqunluq tarixə yazılacaq.

“Niyə bizim işğal səlnaməsi yaranmadı?” “Azərbaycan yazıçısı haradaydı və hardadı?”- bu sual artıq tarixin ittihamdır. Və indi cavabı verilməyəcəyindən, veriləbilməyəcəyindən həmişə bu sual açıq qalacaq. Yenə də sualların cavabını verməyə çalışaq: Bütün bu illər ərzində Azərbaycan ədəbiyyatının susqunluğu sürəkli səsləndirilən “vaxt lazımdır” bəhanəsi ilə izah edilə bilməz. Otuz il vaxt deyilmi? Bu susqunluq “mövzu ağır idi” arqumenti ilə də örtülə bilməz. Ədəbiyyat məhz ağır mövzular üçün var. Mövzu da yabancı deyil, yaşanmış tarix idi. Görüb yazmamaq şüurlu seçimdir. Bu seçim məsuliyyətdən qaçmaqdır.

Bu illər ərzində ədəbi prosesin mərkəzində dayanan imzalar: Anar, Elçin, Çingiz Abdullayev, Rafael Hüsynov, Sabir Rüstəmxanlı, Afaq Məsud, Kamal Abdulla, Vaqif Səmədoğu, Ramiz Rövşən- və ya ağlınıza gələn hər kəs — Qarabağ müharibəsinin insan ölçüsündə bir dənə də olsun böyük romanını (Aqil Abbas “Dolu” istisna) yaratmadılar. Nə deportasiya düşərgələrinin içindən danışan, nə girovluğun psixoloji cəhənnəmini açan bədii əsər yazıldı, nə də Xocalını miflə yox, insanla danışdıran roman ortaya çıxdı. Bu, təsadüf deyil. Bu, riskdən qaçışdır. Çünki bu mövzuları yazmaq- qəhrəmanı müqəddəs heykəl kimi deyil insan kimi göstərmək, işğalda qorxan insanı təsvir etmək, yaşanan acının miqyasını verə bilmək, “hamı haqlıdır” yalanını dağıtmaq, daxili məsuliyyət suallarını açmaq demək idi. Azərbaycan yazıçısı isə bunu etmədi. O, təhlükəsiz mövzuları seçdi.

Metafizikadan danışdı, şəxsi depressiyasını böyütdü, abstrakt ağrılar yazdı. Halbuki yaşadığımız mühitdə, sərhədlərimizin içində, “mənim” dediyimiz torpaqda konkret qəttlər törədilmiş, qan axmışdı və şahidlə müharibədə zərər çəkənlər eyni coğrafiyada, eyni sistemdə yaşayırdı. Hərgün gördüyümüz o zərərşəkənlərin hər biri bir bədii mətnin mövzusu, yaşadıqları heyrataniz sujet xətti idi. Hətta milli yaddaşın qanla yazılmış elegiyası- Xocalı faciəsinin ədəbi mətnə çevrilməməsi ədəbi bu susqunluğun zirvəsidir. Onlarla tədbir, yüzlərlə şeir, minlərlə nitq söylənildi. Amma dünya səviyyəli bir roman yazılmadı. Çünki Xocalını yazmaq üçün yazıçı xaosu, qorxunu, insanın sınmasını yazmalı idi. Bu isə pafosla uyuşmurdu.

Pafos rahatdır, həqiqət isə təhlükəlidir. Qarabağ işğalı (əslində Sovet imperiyasının çöküşündə yaşanmışlar da daxil) miqyasında faciə yaşayan bir xalqın ədəbiyyatı normal halda onilliklər boyu yazılacaq romanlar, povestlər, epopeyalar yaratmalı idi. Yaratmadı. Bu artıq təsadüf deyil. Bu, sistemli iflasdır. Azərbaycan ədəbiyyatında “elita” adlandırılan çevrə- institutlar, adlar, titullar- bu mövzuda tam şəkildə imtahandan keçmədi, keçə bilmədi. Qarabağ müharibəsi onların istedadını deyil, cəsarətini ölçdü.

Və nəticə mənfidir. Bu illər ərzində ədəbi prosesə istiqamət verən, tribunaları tutan, “böyük ədəbiyyat”dan danışan imzalar Qarabağ gerçəkliyini bir xalqın yaşadığı varoluş faciəsi səviyyəsində ədəbiyyata çevirə bilmədilər. Onlar yazmadılar. (Yaza bilmədi desəm ????) Çünki ədəbi elita sındırılmış deyil, yalnız ucaldılmış obrazlarla işləyə bilirdi ki, məncə bunu da işləyə bilmədi. Çoxlu qəhrəmanlarımız ortabab qələmlərə sənəli portret layihələrin mərkəzinə gətirildi o qədər. Ucaldılmış obraz isə ədəbiyyat deyil — poster janrıdır.

Qəhrəmanlıq epopeyası

Tarixə 44 Gunluk müharibə kimi yazılan qəhrəmanlıq epopeyası və… Və açıq qalan bir sual daha: “Nədən bir xalqın qəhərmanlığı sözə şevrilmədi?” Məlum məsələdir ki, bədii mətn -söz yoxdursa qanadlı nəğmələr-müsiqi, kino, animasya, səhnə əsəri də yoxudr. Mənzərə eyni- qələbə qazanıldı, amma ədəbiyyat yenə şüar səviyyəsində qaldı. Sosial şəbəkə mətni ilə ədəbiyyat qarışdırıldı. Tarix yazıldı, insan yazılmadı. Bu nöqtədə məsuliyyət təkcə fərdi yazıçıların deyil, Azərbaycan Yazıçılar Birliyi adlı mərkəzin üzərinə daha çox düşür. AYB - yazışıların sistemləşdirilmiş mərkəzi bu illər ərzində Qarabağ mövzusunda uzunmüddətli roman layihələri yaratmadı. Gənc yazarlara riskli mövzular üçün real dəstək vermədi. Təhlükəsizliyi istedaddan üstün tutdu. Ədəbiyyat mühiti yazıçıdan həqiqət yox, uyğunluq istədi.

Nəticə: uyğun mətnlər var, böyük ədəbiyyat yox (Şərif Ağayarın bədii mətnləri istisna). 44 günlük müharibə isə ədəbiyyatın vəziyyətini tam çılpaqlığı ilə sərgilədi. Qələbə qazanıldı amma ədəbiyyat yenə status səviyyəsində ilişib qaldı. Tarixi an yaşandı, amma onu daşıyacaq böyük mətn olmadı. Nəticə göz önündədir: ədəbiyyat xalqın yaşadığı nə faciənin nə də qəhrəmanlığın ölçüsündə olmadı. Yazımın tənqid və nifrət kimi qəbul edilməsini istəmirəm. Bu ittiham və hesablaşma mətnidir. Çünki bir həqiqət var və onu artıq gizlətmək mümkün deyil: Azərbaycan ədəbiyyatı Qarabağ məsələsində xalqdan geri qaldı. Ədəbi elita bu mövzuda öz tarixi funksiyasını yerinə yetirmədi və ya yetirə bilmədi. Bu susqunluq artıq estetik seçim yox, mənəvi iflasdır.

Ədəbi elitanın iflası

Ədəbi elitanın geri addım atmaq şansı yoxdur. Son illərdəki xəfif ədəbi qımıldanmalar bunu bir daha sərgilədi. Azərbaycan ədəbi elitası nümayiş etdirdiyi tarixi laqeydliyində boğulmaqdadır. Tarixi yekun göstəririr ki, ədəbi elita çevrə öz funksiyasını itirib. Bu hökm emosional deyil, faktlara söykənir. Bu elita yazmadı. Yazmamaqla da kifayətlənmədi, sturuktur imkan və vəzifələrini səfərbər edərək yeni imzaları da yaratmadı. Qarabağ mövzusu ya pafosla əvəzləndi, ya rəsmi ritorikada boğuldu, ya da metafizikanın arxasında gizlədildi. İnsan taleyi -qaçqın uşağın böyüməsi, girovluqdan qayıdan kişinin susqunluğu, şəhid anasının daxili monoloqu ədəbiyyata buraxılmadı. Çünki Qarabağ məsləsində yurisdiksiya daxilində və geosiyasi müstəvidə pərdəarxası problemləri vardı. Həqiqətlə dezinformasiyanı ya seçə bilmədilər ya da cəsarət etmədilər. Manipulyativ narrativin sərhədlərini müəyyənləşdirə bilməyən ədəbi elita riskə getmədi. Risk etməyən ədəbiyyat isə tarix yarada bilməz.

Bu nöqtədə artıq “niyə yazmadılar?” sualı əhəmiyyətini itirir.

Əsas sual budur: Niyə hələ də bu elitaya mərkəz statusu verilir? Axı ədəbiyyatda status əsərlə ölçülür. Ölkəmizin və xalqımızın həyatında bir-birinin ardınca baş verən- SSRİ kimi nəhəng imperiyanın çöküşünü, respublikanın enkazını, Qarabağın işğalını və 44 günə sığışdırılmış Zəfər Epopeyasını əks etdirən əsər yoxdur… yoxdur…yoxdur… Lütfən publisistika ilə bəii mətni qarışdırmayaq. Azərbaycan ədəbi elitası son 35 ilin tarixi xronikasını ədəbiyyata daşımaq əvəzində xalqı görməzdən gəldi, ağrıdan qaçdı, həqiqətlə üzləşmək istəmədi. Bu, zövq fərqi deyil. Bu, tarixi məsuliyyətdən imtinadır. Deməli, nəticə aydındır: Bu elita bitib. Yeni yaranan nəsillərə söz demək haqqı yox, susmaq mirası qalıb. Və son 35 ilin ədəbiyyat səhifəsi boş qalıb. Ədəbiyyat boşluğu sevmir. Azərbaycanın 35 illik ədəbi səhifəsi boşdur və kimsənin zəhmətini gözdən çxarmaq kimi bir günaha batmadan qeyd edim ki, fərdi çabalar və əziyyətlərlə bədii nümunələr və publisitik mətin müəllifləri (izləməyə, oxumağa çalışıram-ürəklərinə, əllərinə sağlıq) keçəl başda pırtlaşıq duran 3 ədəd telə (baş sahibi hər gün bir saat güzgünün önündə bu 3 teli soldan sağa sağdan sola darayır ki pırtlaşıq durmasın) bənzəyir.

Artıq sual dəyişib: Bu boşluğu kim doldura bilər? Ədəbi elita bu boşluğu doldurmayacaq, doldura bilməyəcək. Bu tarixin və ədəbi proseslərin gəldiyi qənaətdir. Bu boşluğu tribunadan danışanlar deyil, titulla yaşayanlar deyil, “uyğunluq”la nəfəs alanlar deyil, hadisəni yaşamışlar doldura bilər: deportasiya olunmuş ailənin içində böyüyənlər, müharibəni televiziya yox, evin içində yaşayanlar, qələbəni sevinc yox, ağır sükut kimi hiss edənlər.

Onlar hələ yazmırsa, səbəb istedadsızlıq deyil. İkincisi, bu boşluğu institusional olmayan yazarlar dolduracaq:

1. AYB-dən kənarda qalanlar

2. Ədəbi mühitin “təhlükəsiz dairəsi”nə girməyənlər

3. Nə tərif, nə də qorxu ilə yazanlar (örnək: Şərif Ağayar, Nüşabə Məmmədli)

4.Janr sərhədi tanımayanlar: romanla publisistikanı birləşdirənlər (Vüsalə Məmmədova “Əsir düşərgəsi”)

5. Sənədli ədəbiyyata girənlər ad çəkməkdən qorxmayanlar

Və bu boşluğun dolması üçün vaxt lazımdır. Amma böyük əsəbiyyatı vaxt özü yazmır-yazarını gözləyir. Bəlkə o yazar: bu gün 25 yaşındadır. Qarabağı uşaqkən tərk edib indi nə yazacağını hələ bilmir. Amma bir gün yazacaq. Və o yazı pafoslu olmayacaq, rahat olmayacaq hamını razı salmayacaq, elə ona görə də istədiyimiz, gözlədiyimiz şedevr olacaq. Çünki bu mövzu yarımçıq estetika istəmir.

Mövqe və ya bəyanat

Azərbaycan savaş ədəbiyyatının böyük əsərləri keçmiş elitanın işi deyil. Onlar susmaqla tarixə düşdülər. Bu boşluğu dolduracaq olanlar isə: susmamağı seçənlərdir.

Son olaraq: Ərazi bütovlüyümüzün bərpası, milli kimliğimizin yenidən qurulması və kollektiv yaddaşımızın aktivləşməsi prosesi, Cənubi Qafqazda regional güc balansının dəyişməsi –qısa desək bir millətin ağrını daşımaqdan onu geri almağa keşcdiyi tatixi an idi . Amma bu tarixi anın içinə sığdırılmış siyasi, ictimai, fərdi qəhrəmanlıq səlnaməsinin bir sətri belə yazılmadı: Ədəbi elita yenə səssiz.

Buradakı təbəssüm nə sarkazımdır, nə…sadəcə güvəndiyi dağlara qarın yağması qarşısında yapa biləcəyin əyləmdir. Siyası məyusluğun ən poetik ifadəsi, yaşanılmış travmaya daha birinin əklənməsi, masqaların düşdüyünü görəndə özünü qoruma instiktidir bu təbəssüm. Azərbaycan yazarlarının mərkəzi sturuktur təşkilatı üzvülərinin-seçilmişlərin fəaliyyətinin nəticəsi kimi ortaya qoyulacaq dünaya çapında bədii mətn gözləntiləri fonunda “üzvülük haqqı”, “siyahıya düşmək”, “Ev üçün təqdimat”, “Yardım”, “Təqaüd” savaşlarının getdiyi mərkəz konkret olaraq qapadılmalıdır, bu qədər bəsit.

MİA.AZ