Respublika Perinatal Mərkəzində təmir işləri başa çatsa da, mərkəz yanğın təhlükəsizliyi tələbinə cavab vermədiyi üçün fəaliyyət göstərmir.
Mia.az Report-a istinadla xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik edtiyi Respublika Perinatal Mərkəzində yanğınla bağlı prosesdə cinayət işi üzrə ittiham edilən mərkəzin sabiq direktoru, YAP Sabunçu rayon təşkilatının keçmiş sədri Mehriban Abasquliyeva söyləyib.
Proses zamanı əvvəlcə məhkəməyə iki zərərçəkəndən ərizə daxil olduğu bildirilib.
Belə ki, ərizədə bir zərərçəkən bütün təqsirləndirilənlərə qarşı, digəri isə yalnız təqsirləndirilən Mehriban Abasquliyevaya qarşı şikayət və tələbinin olmadığını bildirib.
Sonra prosesdə Mehriban Abasquliyeva ifadə verib. O deyib ki, 27 dekabr 2022-ci ildə Respublika Perinatal mərkəzə direktor təyin edilib:
"Mərkəzdə yanğın baş verənə qədər vəzifədə olmuşam. Yanğın hadisəsi baş verən gecə təcili yardım şöbəsindən zəng elədilər, yanğın olduğunu bildirdilər. Mən də hadisə barədə TƏBİB-in icracı direktoruna və yanğınsöndürənlərə zəng etmişəm. Onlar artıq əraziyə yanğınsöndürülənlərin cəlb olunduğunu deyiblər. Mən ora gedəndə xəstələrin və əməkdaşların təxliyyəsi ilə məşğul olmuşuq. Hadisə yerinə TƏBİB-in icraçı direktoru da gəlmişdi. Prokurorluq əməkdaşları hadisə yerinə gələrək məndən sənədlər, sonra isə istintaq idarəsinə gəlməyi tələb etdilər. Mən və mərkəzin 15-ə yaxın əməkdaşı Baş Prokurorluğun İstintaq İdarəsinə ifadə verməyə getdik. Hadisə zamanı keçirdiyim stress və yorğunluq səbəbindən ifadə verə bilməmişəm, verilən sənədlərə imza atmışam. Həmçinin orada olan zaman vəkillərimlə də əlaqə saxlaya bilməmişəm".
Mehriban Abasquliyevanın sözlərinə görə, daha sonra yenidən Baş Prokuroluğun İstintaq İdarəsinə çağırılıb və ona dövlət hesabına vəkillə təmin edildiyi bildirilib:
"Öz vəsaitimlə vəkil tutmağa imkanım olsa da, dövlət hesabına vəkillə təmin etdilər. Sonra cinayət məsuliyyətinə cəlb olundum. O zaman səhhətim yaxşı deyildi, ona görə təqdim edilən hər bir sənədə imza atmışam. 30 il səhiyyə sistemində çalışmışam. Barəmdə seçilən ev dustaqlığı və vəzifədən kənarlaşdırma tədbirlərindən sonra şəxsi hesabıma tutduğum vəkillərlə əlaqə saxlaya bilmişəm".
Mehriban Abasquliyeva deyib ki, onunla bağlanan əmək müqaviləsində yanğın təhlükəsizliyi ilə bağlı öhdəlik olmayıb. O, həmçinin əlavə edib ki, yanğının elektrik yuvasından deyil, küvəzdən başladığı da otaqda olan kameradan aydın görünür:
"Küvəzlərə mütəxəssilər baxış keçirməyiblər. Küvəzdə baş verən nasazlıq səbəbindən yanğın baş verib. Nasazlıq 3 ay əvvəl də, 3 saat əvvəl də baş verə bilər. Evimdə olan zaman küvəzdə nasazlığın baş verdiyini haradan bilim? Yeni doğulmuşların intensiv terapiya şöbəsində həkimlər xüsusi geyimlərdən istifadə edirlər, mən isə mərkəzdə adi formada olurdum. 439 nəfərin əvəzinə yalnız mən işləməli deyildim. Mənə qarşı irəli sürülən ittihamda deyilir ki, yanğının söndürülməsində iştirak edən 4 nəfərin sağlamlığına yüngül zərər vurulub. Qeyd edim ki, ehtiyatsızlıqdan şəxsin sağlamlığına yüngül zərər vurulması ilə bağlı cinayət məsuliyyətinə cəlb olunma tətbiq edilmir".
M.Abasquliyava əlavə edib ki, Perinatal Mərkəzdə artıq təmir işləri başa çatsa da, yanğın təhlükəsizliyi tələbinə cavab vermədiyi üçün fəaliyyətə başlamayıb:
"Əgər, bu müddət ərzində mərkəzdə yanğın təhlükəsizliyi ilə bağlı məsələlər həll edilə bilməyibsə, bunu mən necə edə bilərdim ki? Mərkəzin məndən əvvəlki direktoru Məryəm Rzayevanın da məsuliyyətini mənim üzərimə atırlar. Bu işlər də o da məsuliyyət daşısa da, cinayət məsuliyyətinə cəlb olunmayıb".
M.Abasquliyevanın sözlərinə görə, yanğın təhlükəsziliyi ilə bağlı hər hansı bir öhdəliyi olmasa da, Respublika Perinatal Mərkəzində bu məsələdən irəli gələn problemləri də aradan qaldırıb.
"Məryəm Rzayevanın direktor olduğu vaxtda təxliyə pilləkəni zibil yeri kimi istifadə olunurdu və oraya yanan materiallar yığılmışdı. Mən vəzifəyə təyin ediləndə həmin yeri təmizlətdirmişəm".
Prosesə ayrılan vaxt başa çatdığı üçün Mehriban Abasquliyeva ifadəsini bitirə bilməyib, növbəti proses fevralın 25-nə təyin olunub.
Qeyd edək ki, 2024-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.