Səxavət Tağlar,

Əməkdar müəllim, Prezident mükafatçısı

***

 Nə qədər acı olsa da tez-tez məktəb- valideyn, müəllim- şagird münasibətləri barədə neqativ hallar eşidirik.

Bu gün isə çox ağır və ağılagəlməz cinayət hadisəsi: "İdrak Liseyində şagird müəllimi güllələdi" kimi üzücü bir xəbər yayıldı.

Biz hara gedirik?! Bu cinayətin kökündə nə dayanır?!

Nə üçün onuncu sinifdə oxuyan bir şagird gənc və istedadlı xanım pedaqoq- Şəhla Kamilovaya qarşı cinayət yolunu tutub, ona odlu silahdan atəş açır?!

Təbii ki, bunlar istintaq predmetidir. Hər şey aydınlığı ilə üzə çıxacaq. 

Narahatlıq doğuran odur ki, X sinif şagirdi odlu silahı evdən necə götürüb, oxuduğu liseyə kimi onu necə gətirib, məktəbə necə keçiririb və hadisəni törətmək imkanı yaranıb. Buna kimi məsul olan insanlar- valideynlər, mühafizəyə cavabdeh olan şəxslər, müəssisənin psixoloqu və şagirdin sinif rəhbəri cinayət yolunu tutmuş yeniyetmənin hərəkətindən niyə xəbərsiz olublar?

Yeniyetmələr tərəfindən törədilən son hadisələr-  7 yaşlı uşağa 19 bıçaq zərbəsi və öz müəlliminə sevgini, istəyini odlu silahla atəşə çevirmək və bu kimi hadisələrin kökündə birinci günahkar ailə üzvləridir, valideynlərdir.

Əziz valideynlər, uşaqlarınızın tərbiyəsini başlı- başına buraxmayın. Övladlarınız hər gün nəzarət tələb edir. Özünü necə aparır, kiminlə yoldaşlıq edir, müəllim- şagird münasibəti nə yerdədir, meyl və marağı nəyədir və s kimi suallar Sizi düşündürməli, narahat etməlidir.

 Pedaqogika elmi və praktika sübut edib ki, ailə tərbiyəsini, valideynlərin şəxsi nümunəsini əvəz edə biləcək bir tərbiyə forması yoxdur. Bu baxımdan da ailənin rolu əvəzolunmazdır.

Bu gün ölkə gündəmində geniş müzakirə yaradan insidentə Liseyin rəhbəri Mönsüm Alışovun açıqlaması da çox qəribə və bəsit oldu: "Şagird ov tüfəngini liseyə çantasında gətirib. Hadisə isə ehtiyatsızlıqdan olub".

 Ehtiyatsızlıq liseydə yarana biləcək xırda bir hadisə ola bilər. Qanlı olay, tədris müəssisəsində öyrədənə odlu slahdan açılan atəş ehtiyatsızlıq yox, cinayətdir!

 Xəstəxanada müalicədə olan gənc pedaqoq, bir Azərbaycan xanımı, həmkarımız Şəhla Kamilovaya Allahdan şəfa diləyirik! Tez sağalıb ailəsinə, öz işinə dönsün!

MİA.AZ