Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İstanbulda İsrail Kəşfiyyat Xidmətinə (MOSSAD)  Türkiyədə casusluq fəaliyyəti aparanlara qarşı növbəti əməliyyat keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyatla MOSSAD-a casusluqda ittiham olunan Mehmet Budak Derya və Veysel Kerimoğlu həbs olunub.

Məlumatda deyilir ki, əməliyyat İstanbul Baş Prokurorluğu və İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi ilə koordinasiyalı şəkildə həyata keçirilib: "MOSSAD üçün casusluq etdiyi müəyyən edilən qiymətli mərmər biznesi ilə məşğul olan Mehmet Budak Derya və onun əlbir olduğu Veysel Kerimoğlu saxlanılıb".

Xəbərdə deyilir ki, Mersinin Silifke rayonunda mərmər karxanası işlədən mədən mühəndisi Mehmet Budak Derya 2005-ci ildən apardığı beynəlxalq ticarət fəaliyyəti ilə MOSSAD-ın "radar"ına düşüb: "2012-ci ilin sentyabr ayında Deryaya İsrail şirkətinin rəsmisi olan "Əli Əhməd Yassin" kod adlı şəxs ofisində baş çəkib. 2013-cü ilin yanvar ayında "biznes imkanları" vədi ilə Avropaya dəvət edilən Derya ilk dəfə orada MOSSAD üzvləri ilə orada görüşüb. MOSSAD-ın göstərişlərinə əsasən Derya fələstin əsilli Türkiyə vətəndaşı Veysel Kərimoğlunu işə götürüb və İsrail əleyhinə olan fələstinli şəxslər haqqında məlumat toplamaq üçün Kərimoğlunun Yaxın Şərq şəbəkəsindən istifadə edib. Qəzzadakı vacib anbarların toplanmış məlumatları və fotoşəkilləri birbaşa İsrail kəşfiyyatına ötürülüb. Kərimoğlunun maaşının və əməliyyat xərclərinin birbaşa MOSSAD tərəfindən ödənildiyi müəyyən edilib".

Diqqəti çəkən detallardan biri 2016-cı ildə Tunisdə sui-qəsdə uğrayan Məhəmməd Zouari ilə bağlıdır: "Mehmet Budak Derya və Veysel Kerimoğlunun MOSSAD tərəfindən verilən nümunələrdən istifadə edərək Zouariyə dron hissələri satmağa can atıblar: "Onların sui-qəsddən əvvəl onunla kommersiya əlaqəsi qurduqları üzə çıxarılıb"

Məlumatda daha bir maraqlı nüans isə MOSSAD-ın "qaydalara uyğun" olaraq, Mehmet Budak Derya iki yalan detektoru testindən keçirməsi sayıla bilərb: biri 2016-cı ildə Asiya ölkəsində, digəri isə 2024-cü ilin avqust ayında Avropa ölkəsində.

Casusluq fəaliyyətində şifrələnmiş rabitə sistemlərindən istifadə edən Deryanın Türkiyədən əldə etdiyi SIM kartlar, modemlər və routerlər kimi cihazların texniki məlumatlarını (MAC ünvanları, parollar) İsrail xidmətinə ötürdüyü də müəyyən edilib: "2026-cı ilin yanvar ayında Avropada keçirilən son görüşdə MOSSAD-ın Derya vasitəsilə böyük bir əməliyyat hazırladığı məlum olub. Plana aşağıdakılar daxildir: xaricdə qurulan kağız üzərindəki şirkətlər vasitəsilə beynəlxalq təchizat zəncirlərinə sızmaqla qablaşdırma və saxlama yerini dəyişdirdikdən sonra təyin olunmuş ölkələrdən əldə edilən məhsulların üç fərqli Asiya mərkəzli şirkət vasitəsilə "son istifadəçiyə" çatdırılması əsas məqasəd olub. Bu metod MOSSAD-ın müəyyən ölkələri və qurumları hədəf alan logistika əməliyyatının tərkib hissələrindən biridir..."

Hazırda Mehmet Budak Derya və Veysel Kərimoğlu ilə bağlı araşdırrma davam edir.

Tahir Şəlvəli

MİA.AZ