"17.01.2026 tarixində 2 yaş 2 aylıq oğlumla birlikdə Bakı–Dubay marşrutu ilə uçuşumuz olmuşdur. Bilet şərtlərinə əsasən, həm mənim, həm də oğlumun hər birimiz üçün 23 kq olmaqla, ümumilikdə 46 kq qeydiyyatlı baqaj haqqımız mövcud idi. Buna baxmayaraq, qeydiyyat zamanı baqajımızın bir ədəd olmaqla 26 kq çəkiyə malik olduğu əsas gətirilərək, 3 kq artıq çəki üçün məndən 70 avro əlavə ödəniş tələb edilmişdir. Bildirilmişdir ki, hər bir baqajın maksimal limiti 23 kq təşkil edir. Xüsusilə vurğulamaq istəyirəm ki, bir ədəd baqajda 3 kq artıq çəkinin olması nə təyyarədə əlavə yer tutumu yaratmır, nə də ümumi yük baxımından əlavə xərc formalaşdırır".
Mia.az xəbər verir ki, bu sözləri Feysbuk-da "Müştəriyəm Şikayətim var" qrupunda V.Babayeva adlı xanım paylaşıb.
Onun sözlərinə görə, azyaşlı (2 yaş 2 aylıq) uşaqla səyahət etdiyini, iki ayrı baqajla hərəkət etməyin, eyni zamanda uşağın təhlükəsizliyini təmin etməyin faktiki olaraq mümkün olmadığını izah etsə də, nəticəsiz qalıb: "Qeyd etmək istərdim ki, bu səfərdə hətta uşaq arabası (kolyaska) da yanımızda olmamışdır; buna baxmayaraq belə, iki baqajla hərəkət etmək real deyildir. Məsələ ilə bağlı orda şikayətim həllsiz qaldıqdan sonra mail ilə şikayət xəttinə yazdım. Oranın əməkdaşı Nərminə K. tərəfindən mənə verilən cavab belədir:
- Bildirmək istərdik ki, qaydalara əsasən baqajın çəkisi norma 1 ədəd, 23 kq təşkil edir. Normadan artıq çəki və ya əlavə baqaj vahidləri üçün əlavə ödəniş tətbiq olunur.
Məqsəd əzbər yanaşma ilə “doğru olduğunu sübut etmək” deyil, insiyatif alaraq problemi aradan qaldırmaq olmalıdır. Təhlükəsizlik kimi kritik mövzularda həll-yönümlü yanaşma əsas götürülməlidir.
Xahiş edirəm, biri mənə 2 yaş 2 aylıq uşaqla eyni anda iki bagaj daşımağın yolunu öyrətsin və ya Azal ödənişli aldığım xidmətin “istifadə”qaydasını mənə izah etsin.
Çox ölkələrə səfərim olub, çox aviaşirkətlərlə uçmuşam, lakin son 2 səfərim qədər pis təcrübə yaşamamışdım".
Firudin Səfərli
MİA.AZ