Bakının Nərimanov rayonunda "Baksol" yolu ərazisində 27 yaşlı Cümşüd Cümşüdlünün faciəli ölümündə təqsirli bilinən Dövlət Su Ehtiyatları Agentliyinin Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun cinayət işi üzrə məhkəmə prosesində təqsirləndirilən və zərərçəkən tərəf ifadə verib.
Mia.az Report-a istinadla xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə əvvəlcə təqsirləndirilən Azər Cümşüdov sualları cavablandırıb.
Onun sözlərinə görə, hadisə baş verən ərazidə çökmə 2025-ci il mayın 14-də baş verib:
"Çökmə olan ərazidən bir kilometr kənarda bərpa işləri görürdük. Bizə çökmənin baş verməsi barədə məlumat verildi. Buna görə də həmin əraziyə yollandıq, oranı məhəccərə aldıq, qadağan olunmuş nişanlar qoyduq. Bizim xidməti vəzifəmiz qəza-bərpa işlərini görməkdir. Orada iş görülməsi üçün bizə heç bir göstəriş verilməyib. İyun ayının 4-nə kimi məlum hadisə baş verən yerdən bir kilometr kənarda gördüyümüz işi yekunlaşdırdıq. Sonra bizə dedilər ki, sizin daha orada görəcək işiniz yoxdur, oradan gedin. Biz də oradan ayrıldıq. Çöküntü baş verən ərazi qaldı, biz orada heç bir iş görmədik. İş görmək üçün heç bir əmr də olmayıb".
Təqsirləndirilən şəxs deyib ki, hadisədən iki-üç saat sonra iş əmri açılıb və hadisə baş verən yerdə işlər görülməyə başlanıb:
"Mənim bu işdə günahım yoxdur. Bu hadisənin baş verməsində obyekt sahibləri günahkardır. Əgər, zərrə qədər günahım varsa, cəzamı çəkməyə hazıram".
Daha sonra zərərçəkmiş Cümşüd Cümşüdlünün anası Fəridə Abbasova ifadə verib. Onun sözlərinə görə, qaynı Vidadi Abbasov bu şəxslərin iş yoldaşı olub:
"Bu hadisədən sonra qaynının yanına gediblər, onunla görüşüblər. Bir ana kimi məni saymayıblar, mənim dərdimə şərik olmayıblar. Onlar oğlum dəfn olunan günün səhəri qaynımın Novxanıdakı evində yeyib-içiblər. Yoldaşım dörd il əvvəl rəhmətə gedib, qaynım bu müddətdə bir dəfə də olsun qapımı açmayıb. İndi bu hadisədən sonra gələrək bu işə qarışıb. Qaynımın oğlu məni təhqir etdi ki, niyə şikayətçi olmuşam. Şikayət etdiyim, bu hadisəni ictimailəşdirdiyim üçün mənə hədə-qorxu gəldilər. Mən qaynımla düşmənəm. O, mənim yanımda yox, o biri tərəfin yanında olub. İntiqam adlı vəzifəli şəxs dedi ki, şikayət etsəm, yetimin birini tutaraq içəri salacaqlar".
Növbəti proses fevralın 17-də davam edəcək.
Qeyd edək ki, 2025-ci il iyunun 26-da paytaxtın Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında, "Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində 27 yaşlı Cümşüd Cümşüdlünün kanalizasiya sularının axdığı kanala düşərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Baş vermiş hadisə ilə bağlı Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində başqa yerə getməmək haqda qətimkan tədbiri seçilib.
Xatırladaq ki, ailənin yeganə övladı olan Cümşüd Cümşüdlünün meyiti hadisədən iki gün sonra - iyunun 28-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarından tapılıb.
Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ittiham irəli sürülüb.