Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbə icra nümayəndəliyinin və rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin bir addımlığında yaşayan sakinlərin canını boğazına yığan "Günəş" MTK" və onun direktoru Laçın Mustafayevdən şikayət var.
Bu barədə Mia.az-a iki nəvəsi şəhid, iki nəvəsi qazi olan Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi bina 7, mənzil 12-də yaşayan 87 yaşlı Pirmuradova Zinyət Heydər qızı şikayət ünvanlayıb.
O, sayt vasitəsiylə Prezident İlham Əliyevə müracət edərək, adıçəkilən şirkətin dövlət qurumlarının gözünün qarşısında ərazidəki geniş həyətyanı sahəni qanunsuz dəmir hasar çəkməsindən sonra onlara zülm etdiyini iddia edir: "Şirkət və onun icraçısı Laçın Mustafayev bizə müxtəlif vasitələrlə təzyiq, zülm edir. O, daha sonra evimizin kv.metrinə 900-1000 manat təklif etməklə bizi buradan qovmaq istəyir. Şirkətdən bizə deyirlər ki, "əgər razılaşmasanız, sizi məhkəməyə verib, orada sizin məsələni həll edəcəyik". Bizi belə təhdid edir, rahatlığımızı pozublar. Belə haqsızlıq, özbaşınalıq olar?!
Mən 1988-də ermənilərin zülmünün görmüş, deportasıiya yaşamış adamam, nəvələrim Vətənimiz üçün canlarını qoyub, ikisi şəhid olub, ikisi qazidir. İndi belə çıxır ki, nəvələrim dağdan enib arandakı qanuni evimizi əlimizdən rahat almağa çalışan bu adamlar üçün qanlarından keçib? Bir neçə ildir gecə-gündüz bilmədən məhəlləni ağırtonnajlı maşınlarının oylağına çevirənlər hansı haqla məni və ailəmi bu şəkildə evimizdən çıxmaqla təhdid edir? Kim bunlara o gücü, o ixtiyarı verib?".
87 yaşlı şikayətçi deyir ki, Prezidentin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Bakıda hətta binaların arasında sakinlər üçün "Abad həyət" yaradır, ancaq keçmiş komitə sədri Kərəm Həsənova bağlı olduğu haqda söz-söbətlər dolaşan "Günəş" MTK uşaqların futbol oynadığı meydançanı zəbt edib, hasara alıb, yetmir, hələ sakinlərə hədə-qorxu gəlir, onları qəpik-quruş verməklə evlərindən çıxaracaqları ilə qorxudurlar: "Belə zülm olarmı?"
Sonda 87 yaşlı Zinyət xanım sonda dövlət başçısına müraciət edib: "Hörmətli İlham Heydər oğlu, müzəffər Ali Baş Komandan, qeyd etdiyim kimi, 4 nəvəm Vətən uğrunda döyüşüb, ikisi şəhid olub. Özüm də əlil adamam. Ancaq bu gün əmr verin, ailəliklə Sizin əmrinizə müntəzirik. Sizdən, sadəcə, bir istəyim, xahiş var: bizi bu zülmkarlardan xilas edin!".
F.Səfərli
MİA.AZ