Bu gün Nəsimi Rayon İcra Hakimiyyətinin və Nəsimi rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə 2 fevral- Gənclər günü qeyd olunub.  

Mia.az xəbər verir ki, tədbirdə dövlət siyasətinin prioritet istiqamətləri, nəsillərarası varislik və rayonun ictimai-siyasi həyatındakı yeniliklər müzakirə olunub.

Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti başçısının vəzifəsini müvəqqəti icra edən, başçının müavini Zahid Xəlilov ölkə rəhbərliyi tərəfindən həyata keçirilən daxili və xarici siyasətin uğurlarından bəhs etmişdir. O, xüsusilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini vurğulayaraq bildirmişdir ki, Heydər Əliyev Fondunun mədəniyyətimizin və tariximizin dünya miqyasında təbliğindəki rolu əvəzsizdir.

Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski öz çıxış edərək bildirdi ki,  Ulu öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi hesab edir, onların təhsilinə, vətənpərvərlik ruhunda formalaşmasına və ictimai-siyasi fəallığına xüsusi önəm verirdi. O, gənclərlə mütəmadi görüşlər keçirir, onların problemlərini dinləyir, təşəbbüslərini dəstəkləyirdi. Məhz bu yanaşmanın nəticəsi olaraq müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin əsasları formalaşdırıldı, gənclərin dövlət idarəçiliyində, elm və mədəniyyətdə fəal iştirakı üçün imkanlar yaradıldı.

RİH başçısının birinci müavini Gülarə Verdiyeva qeyd etdi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətinin əsas məqsədi savadlı, vətənpərvər, rəqabətədavamlı və müasir düşüncəli gənclərin yetişdirilməsidir. Bu siyasət Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttin müasir dövrdə davamı və inkişafıdır. Dövlət proqramları vasitəsilə gənclərin ölkə daxilində və xaricdə təhsil almasına şərait yaradılır, elm və innovasiyaya dəstək gücləndirilir. Gənclərin dövlət idarəçiliyində, ictimai təşkilatlarda və könüllülük hərəkatlarında iştirakı təşviq olunur.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında, təhsil, idman, elm və mədəniyyət sahələrində xüsusi fəallıq göstərən, nailiyyətləri ilə seçilən bir qrup gəncə Nəsimi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunmuşdur.

Çıxışçılar gəncləri qazanılan uğurlar münasibətilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulamışlar.