Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Prokurorluq orqanları tərəfindən 2025-ci ildə qanunla prokurorluq orqanlarının səlahiyyətinə aid bütün fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Mia.az xəbər verir ki, baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad etməklə hesabat dövründə respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını deyib.

Baş prokuror daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunu, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlərin görüldüyünü qeyd edib.

Bildirilib ki, hesabat ilində ölkə ərazisində 31852 cinayət qeydə alınmaqla onların 90,5 %-nin açılması təmin olunub, ümumilikdə ölkə üzrə cəmi 15766 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 1063-ü  prokurorluq orqanlarında istintaq edilib.

Bu müddət ərzində prokurorluq orqanları tərəfindən 700, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 11934 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilmişdir ki, ibtidai istintaqı tamamlanmış cinayət işləri və bəraətverici əsaslar olmadan rədd edilmiş materiallar  üzrə ümumilikdə 435 milyon 191 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 59,5 %-nin, yəni 259 milyon 95 min manat hissəsinin ödənilməsinə nail olunub.

Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 94 milyon 817 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 32 milyon 635 min manat hissəsinin ödənilməsinə nail olunmuş, 82 milyon 400 min manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub.