Vaqif YUSİFLİ
***
«Ayrılığın Büstü»
Söylə görüm, hardasan,
Necə keçir günlərin?
Yenə təzə-tərmisən?
Sən məndən ayrılalı
Bir qucaq qazanmısan,
Bir çiyini itirmisən.
Bu şeirin müəllifi Süleyman Muradlıdır. Mənim heç tanımadığım, üzünü görmədiyim belə bir şair. Amma bunrun məsələyə – mənim onu tanıyıb-tanımadığıma heç bir dəxli yoxdur. Şairi şeirlərindən tanıyarlar. Həmin bu müəllifin «Ayrılığın büstü» kitabında 17 şeiri təqdim olunur və dörd dildə (Azərbaycan, rus, türk və ingilis dillərində) oxuculara çatdırılır. Amma əsas orijinalda yazılanlardır. Bu 17 şeirin 14-ü sevginin ayrılıq-hicran motivlərini əks etdirir.
Süleyman Muradlının bu şeirləri barədə söz açmamışdan əvvəl istəyirəm belə bir müqəddimə ilə «bərdaşt» edim. XXI əsrdə «sevgi varmı?» sualını vermək və bu sual üzərində baş sındırmaq çox qəribə səslənər. Bəlkə də sevgini hicran-vüsal çərçivəsində anlayanlar üçün həmin suala «hə» ya «yox» cavabını vermək mümkün olardı. Ancaq bu gün Sevgi daha geniş anlamları ifadə edir. Sevgi insanın özünü dərk etməsi, mənən durulması, daxilən yeniləşməsi, zənginləşməsi deməkdir.
Sevgi Həqiqətdir, Viicdandır, Xoşbəxtlikdir. Sevgi ağılla ürəyin vəhdətidir, daha doğrusu «ağıllı ürək»dir. Görəsən, müasir poeziyada sevgi öz aliliyini, müqəddəsliyini saxlaya bilibmi? Axı, əsrlərdən bəridir sevgi ilə poeziya qoşa qanad kimi dərk olunub, sevən adam ən gözəl hisslərini poeziya vasitəsilə ifadə edib, köksün dar qəfəsindən dünyaya boylaeıb. Yaxşı cəhətdir ki, Füzulinin yandırdığı şam hələ sönməmişdir, bu şamın ətrafındakı pərvənələr bir-bir həlak olur, amma o şam hər təzə aşiqin can atdığı, yanmaq istədiyi bir alov kimi işığını əsirgəmir. Sözün Füzuli ucalığına tapınan şairlərimiz sevgi mövzusunda da təzə söz deməyə, öz hisslərini orijinal təsvir vasitələri ilə ifadə etməyə çalışırlar. Mən Azərbaycan poeziyasında, xüsusilə keçən əsrdə yüzlərlə şeir nümunəsi misal gətirə bilərəm. Ancaq bircə misal gətirsəm, kifayətdir.
Xalq şairi Bəxtiyar Vahabzadə yazır:
Dərdimin bağrını yararsan, gülüm,
Yoxsa həyat mənə əzab olardı.
Yaxşı ki, dünyada sən varsan, gülüm,
Könlüm işığını hardan alardı?
Burada sevgi insanı ucaldan mənəvi bir qüvvə kimi dəyərləndirilir.
Təbii ki, hər şairin sevgiyə münasibəti eyni ola bilməz. Əgər eynilik olarsa, onda sevgi cütlüyü və onların dünya baxışı arasında heç bir fərdilikdən söhbət gedə bilməz Ona görə də Bəxtiyar Vahabzadənin bu sevgi şeiri «sevgi nədir» sualının min cavabınddan biri ola bilər.
İndi keçirəm Süleyman Muradlının şeirlərinə. Onun lirik qəhrəmanı bütün varlığı ilə sevir. Amma belə məlum olur ki, ortada ayrılıq küləkləri əsir. Bu da təbiidir. Əksər sevənlərin başına gəlir, onları küskünlüə, bədbinliyə, hətta mənəvi intihara səsləyir ayrılıqlar. Məgər bütün poeziymızın əsrlər boyu yazılan sevgi şeirlərində AYRILIQ sindromuna azmı təsadüf etmişik? Və sevgi cütlüyündə –Aşiq-Məşuq münasibətlərində həmişə hicran alovlarında yanıb-yaxılan aşiqlər olub. Elə XX-XXI əsrdə də: «Gecə də, gündüz də fikrimdə sənsən, Mən kimi fikrində yaşayım, söylə? De hansı bir ürək qəbul eləyər, Məni sən ünvanlı dərdlə, gileylə (Əli Kərim). Yox buna taqətim, yox buna tabım, Əlimi əlindən üzmək əzabım Sonra bu əzaba dözmək əzabım (Musa Yaqub). Süleyman Muradlının lirik qəhrəmanı da məhz bu ayrılıq əzabına məhkum olunub.
Getmisən, eybi yox, burda nə var ki,
Heç olmasa, danma mənim adımı.
Nə cavab verərsən dosta, tanışa,
Soruşsalar, doğmadımı, yaddımı?
O vaxt bir sən vardın, bir də mən idim,
Bir kimsə çatmırdı dadına onda.
İndi hər tərəfin adamla dolu,
Hamısı yalandı bir ayrı donda.
Bir də soruşsalar, qurbanın olum,
Gəl danma sən məni, burda nə var ki?
Böyük Süleymana heç nə qalmayıb,
Kiçik Süleymana de, nə qalar ki?!
Aşiqin-lirik qəhrəmanın həsrəti, sevgi yolunda çəkdiyi əzəblar yetərincədir. Görürük, hiss edirik. Burada yalan yoxdu, yanan var. Lirik qəhrəmanın monoloqunda onun düşdüyü vəziyyət doğrudan da belə bir ayrılığa büst qoyulmalıymış, – deyirik.
Hər adın çəkiləndə
«Allah, aman!» deyirəm.
Qorxuram gülüşümlə
Səni nişan verərəm.
Nə gərək, kimsə bilsin,
Mən bilirəm, bəsimdi.
«Gücüm nanə yarpağı,
Ürəyim bir əsimdi»
Əlbəttə, ayrılıq bəzən hədsiz pessimizmə də yol açır. Bunu biz indiyəcən yazılan sevgi şeirlərində də görmüşük. Bu ifrat bədbinlik bəzən Ölüm-İntihar-Məzar qutblərinə də aparır.
Hərdən gəlib xatırla,
Hərdən baş çək könlümə.
Gül çiçəklə qonaq ol,
Bir məzarlıq ömrümə.
Lirik qəhrəmanın «bir məzarlıq ömrü» hədsiz pessimizmin ifadəsidir və əlbəttə, şəxsən mən buna haqq qazandırmıram. «Yaşamağa hazırdım, ölməyə də hazırdım, indi» etirafınını da həmçinin. Niyə? Çünki Süleyman Muradlı lirik qəhrəmanın diliylə deyir: «Şükr ki, axtarıb tapmışam səni... İzn ver, yanında əyləşim bir az Ruhumu telinin üstünə qoyum». Əgər itkin düşən o sevgili tapılıbsa, o zaman bu ikiliyə son qoymaq… Amma burada günah kimdədir sualı da meydana çıxır. «Adlayıb üstündən qəbahətimin Ürək sındırmırsan… ürək alırsan» etirafı gəlir. Burada lirik qəhrəmanın etirafını da təbii qəbul edək.
Süleyman Muradlının sevgi şeirlərində ayrılığın səbəblərini aramadım, çünki niyə ayrıldılar sualına cavab yoxdur. Sadəcə bu ayrılığın bir insan qəlbində necə həyəcanlar doğurduğunun şahidi olduq.
Qoy Süleyman Muradlı yenə sevgi şeirləri yazsın, yenə Ayrılıqdan söz açsın, amma bu ayrılığın səğbəbləri üzərində düşünsün. Qoy onun lirik qəhrəmanının sevgilisi günlərin bir günü qayıtsın. Və o lirik qəhrəman – o bəlalı Aşiq duysun ki, həyat və sevgi təkcə ayrılıqlar üzərində bərqərar olmayıb. Bir də onu arzulayıram ki, Süleyman Muradlı şeirlərinin obrazlı ifadə tərzinə daha çox diqqət yetirsin.
UĞURLAR ARZULAYIRAM!
MİA.AZ